Kitabxanalar mədəni xidməti vahid siyasətə çevirməlidir”

 

 

   Sentyabrın 28-də Milli Kitabxanada V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkə kitabxanaçılarının respublika müşavirəsi keçirildi.

   Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzdülər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri qoyuldu.

   Sonra Şəhidlər xiyabanına gələn müşavirə iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib məzarları üstünə tər çiçəklər düzdülər.

 

* * *

 

   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq müşavirənin yeni ideyalar və yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından səmərəli olacağını bildirdi.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşavirədə “Kitab, kitabxana və innovasiyalar” mövzusunda geniş məruzə ilə çıxış etdi. Nazir kitabxana sahəsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq bu sistemin günün tələbləri səviyyəsində qurulması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açdı. Bildirdi ki, müşavirədə region kitabxanalarının rəhbərləri iştirak edirlər və bu gün səslənəcək fikirlər yerlərdə kitabxana işinin inkişafı üçün müəyyən addımların atılmasına şərait yaradacaq.

  

 

   Kitabxana işi müasir dövrün tələbləri ilə uzlaşmalıdır

  

   Qeyd olundu ki, bu gün Azərbaycanda kitabxana işi müasir dövrün tələbləri ilə uzlaşmalıdır. Günün tələblərinə cavab verməyən, müasir texnologiyalardan bəhrələnməyən, yeni yanaşmalar tətbiq etməyən kitabxanaların bir çoxu fəaliyyətini dayandırıb. Bütün yenidənqurmalar və bərpa prosesləri, yeni texnologiyaların tətbiqi zamanın tələbidir və bu sahədə çalışan hər kəs bu tələblərə uyğunlaşmalıdır: “Mədəniyyətin idarə edilməsində iştirak edən bütün insanlar qarşısında bir sual durur - əgər biz müasir tələblərə uyğunlaşa bilmiriksə, bu cəmiyyətə nə dərəcədə xidmət edə bilərik? Son zamanlarda kitabxana sistemi müəyyən sınaqlardan keçib. Bu dəyişikliklər yeniliklər gətirir. Dövlət tərəfindən kitabxana sisteminə olan dəstək göz qabağındadır”.

   Nazir bildirdi ki, hazırda ölkədə 2 mindən çox kitabxana fəaliyyət göstərir. Məqsəd bu şəbəkənin insanların tələbatına cavab verən formada fəaliyyət göstərməsinə nail olmaqdır. Bu günə kimi işin səmərəli təşkili üçün dəfələrlə iclaslar və görüşlər keçirilib. İndi elektron və virtual kitabxanalar açılır, regionlarda müxtəlif ölkələrin kitab guşələri yaradılır: “Təhsil ocaqlarının kitabxanaları vahid bir strategiya üzərində çalışırlar. Amma unutmamalıyıq ki, qarşımızda duran məqsəd kitabxana şəbəkəsinin nəinki saxlanması, onun inkişafı və yeni nəslə ötürülərək kitaba sevgi və məhəbbətin yaradılmasından ibarətdir. Gənc nəsli kitabxanalara gətirmək üçün çoxlu işlər görməliyik”.

   Kitabxanaları daha səmərəli fəaliyyət göstərməyə çağıran Əbülfəs Qarayev vurğuladı ki, bölgələrdə insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə labüdlüyünü itirəcək: “Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməli, yeni formatda fəaliyyət göstərməlidir. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər”.

  

  

Oxucular üçün səmərəli fəaliyyət göstərən kitabxana yaşayacaq

  

   Diqqətə çatdırıldı ki, müşavirədə müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların iş üslublarının təkmilləşdirilməsinə təkan verəcək: “Son zamanlar kitabxana şəbəkəsi optimallaşma prosesindədir. Bu optimallaşma nəticəsində biz daha çevik və operativ sistem quraraq daha rahat idarəetmə yaratmalı, işgüzarlıq səviyyəsini yüksəltməliyik. Əgər kitabxana rayonda öz oxucuları üçün səmərəli fəaliyyət göstərirsə, onların tələbinə cavab verirsə, deməli, o kitabxana yaşayacaq. Yeni nəşrlər, silsilə proqramlar, rayonun iqtisadi inkişafına uyğun olaraq işlərin qurulması vacib şərtdir. Biz Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində maraqlı layihələr həyata keçiririk. Bu layihə çərçivəsində kitabxana və klub sisteminin idarə edilməsi, bir-birini tamamlaması və vahid şəbəkənin yaradılması baxımından bu təcrübədən mütləq istifadə olunmalıdır. Burada tək nazirlik deyil, bələdiyyələrdən tutmuş, icra orqanlarına qədər hamı öz sahəsində mədəni xidmət anlamını vahid siyasətə çevirməlidir”.

   Respublika Kitab Kollektorunun fəaliyyətinə toxunan nazir bildirdi ki, kollektorun işində də yeniliklər həyata keçirilib, təkmilləşdirilib. Kollektor təkcə poçt funksiyasını həyata keçirməyəcək, qurum üçün daha geniş və informativ imkan yaradılacaq.

   Əbülfəs Qarayev məruzənin sonunda vurğuladı ki, kitabxana kitabların rəflərdə qorunduğu idarə yox, informasiyanı çevik şəkildə cəmiyyətə çatdıracaq bir məkana çevrilməyi bacarmalı, bunun yollarını axtarmalıdır.

 

* * *

 

   Müşavirədə Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov, Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva, Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev və başqaları çıxış edərək son illər ölkəmizdə kitabxana işinin təşkili sahəsində əldə olunan nailiyyətlərdən söz açdılar.

   Çıxışlarda ölkəmizin kitabxana-informasiya şəbəkəsində mühüm addımların atıldığı, islahatlar aparıldığı, sahənin gələcəkdə sürətli inkişafına təminat verən əsaslar yaradıldığı vurğulandı.

 

* * *

 

   Müşavirənin yekununda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək diqqətə çatdırdı ki, kitabxana işinin inkişafı, cəmiyyətin informasiya ilə təmin edilməsi üçün kitabxanalar modern üsullar axtarışında olmalıdırlar: “Yeni təşəbbüs və təkliflər artdıqca dövlət kitabxanaları da bu sahədə öz səylərini əsirgəməməlidir. Müşavirədə səslənən bütün fikirlər kitabxana sistemində çalışan əməkdaşları düşündürməli və informasiya-kommunikasiya sistemindəki yeniliklərdən yetərincə istifadə edilməlidir”.

   Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Açıq kitabxana” layihəsinin və Bakıxanov qəsəbəsində yeni açılan “Kitabxana - asudə vaxt” mərkəzinin təqdimatları oldu.

   Sonda iştirakçılar Milli Kitabxanada “Azərbaycan bu gün” kitab sərgisi ilə tanış oldular.

  

 

 Lalə Azəri

Mədəniyyət.- 2017.- 29 sentyabr.- S.3.