Nağıllardan notlara köçən
əsərlərlə vurulan
son akkordlar
Xəbər verdiyimiz kimi,
Üzeyir Hacıbəyli
IX Beynəlxalq Musiqi Festivalı sentyabrın
26-da Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən
konsertlə başa çatdı. Yeni Münhen
Filarmonik Orkestrinin təqdim etdiyi konsert sentyabrın 18-dən
davam edən musiqi bayramının son akkordu oldu.
Bir neçə il
əvvəl yaradılmış,
17 ölkənin gənc
musiqiçisini birləşdirən
orkestrin baş dirijoru Əməkdar artist
Fuad İbrahimovdur. Dirijor kimi özünəməxsus
interpretasiyaları ilə
seçilən F.İbrahimov
konsertin proqramının
tərtibinə də
maraqlı tərzdə
yanaşmışdı. Konsertdə rus bəstəkarları S.Raxmaninov, M.Qlinka və N.Rimski-Korsakovun klassik musiqidə xüsusi yeri olan əsərləri səsləndi.
Əvvəlcə orkestr M.Qlinkanın
"Ruslan və Lüdmila" operasının
uvertürasını ifa
etdi. Sonra pianoçular üçün
məharət göstəricisi
sayılan S.Raxmaninovun
"Fortepiano ilə orkestr
üçün 2-ci konserti"
elan edildi. Əsərin
solo fortepiano partiyasını Xalq artisti, Dövlət
Filarmoniyasının direktoru
Murad Adıgözəlzadə
ifa etdi. Bu konsertin ifası
böyük kollektivə
rəhbərlik edən
pianoçunun həm də yaxşı formada olduğunu sübuta yetirdi. Cavan dirijorun müxtəlif ifaçılıq məktəblərinin
yetirmələrindən ibarət
orkestri məharətlə
idarə etməsi, alətlərin ifadəli və həmahəng səslənişi də dinləyicilərin diqqətindən
yayınmadı.
Rimski-Korsakovun
"Şəhrizad" simfonik poeması
"Min bir gecə"
nağıllarının motivləri əsasında
yazılmış əsərdir. Orkestr isə bu ifada
da salondan
"bravo", "bis" alqışları qopardı. Dinləyicilərin davamlı alqış sədaları altında kollektiv Üzeyir bəyin "Koroğlu"sundan
uvertüranı çalmaqla
festivalın son akkordunu
vurdu.
Beləcə, "Koroğlu" ilə başlayıb
"Koroğlu" ilə
bitən daha bir Üzeyir Hacıbəyli festivalı
tarixə qovuşdu.
Gülcahan
Mədəniyyət.- 2017.- 29 sentyabr.-
S.6.