Tarı xanəndə kimi
“oxutduran” sənətkar
Azərbaycan tar ifaçılığı sənəti uzun və zəngin bir inkişaf yolu keçib. Görkəmli sənətkarların bu alətin istər konstruksiyasında, istərsə də ifasında etdiyi yeniliklər müasir tarımızın dünya şöhrəti qazanmasında mühüm rol oynayıb. Ecazkar musiqi alətinin görkəmli ifaçılarından biri də Məşədi Zeynal olub.
Məşədi Zeynal Haqverdiyev 1861-ci ildə Şuşanın Kərkicahan kəndində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə böyük maraq göstərib, məşhur tarzən Sadıqcandan sənətin sirlərini dərindən mənimsəyib. Şuşanın musiqi məclislərində dövrünün tanınmış musiqi xadimlərindən Segah İslamı, Məcid Behbudovu, Seyid Şuşinski və başqa xanəndələri müşayiət edib.
Şuşada ilk dəfə keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal da çıxış edir və böyük ifaçılıq məharəti göstərir. 1907-ci il yanvarın 20-də “Müsəlman Xeyriyyə Cəmiyyəti” onun və digər sənətkarların iştirakı ilə yoxsullara kömək məqsədilə təntənəli gecə təşkil edir. İctimai tədbirlərdə fəal iştirakı tarzəni daha da məşhurlaşdırır.
O, istedadlı tar ifaçısı kimi Üzeyir Hacıbəylinin də diqqətini çəkir. Dahi bəstəkar onu opera tamaşalarında tar çalmağa dəvət edir. 1911-ci ildə “Leyli və Məcnun“ operasının tamaşası barədə belə bir elan verilir: “4 noyabr 1911-ci ildə Nikitin qardaşlarının teatr binasında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası göstəriləcək. Orada məşhur tarzən Zeynal Haqverdiyev ifa edəcəkdir”.
1915-ci ilin martında Bakıda “Nicat” cəmiyyəti tərəfindən keçirilən “Şərq gecəsi”ndə Məşədi Zeynal tarda “Rahab”, neydə isə Mirzə Abdulla “Rast” muğamını ifa edir. Görkəmli səhnə ustası Hüseyn Ərəblinski “Hamlet” tamaşasından məşhur “Olum, ya ölüm” monoloqunu söyləyir.
Musiqi tariximizdə Sadıqcandan sonra solo ifaçılığında Məşədi Zeynalın sənətkarlığı yüksək qiymətləndirilib. Çünki o, çalğısında heç kimə xas olmayan yüksək texniki ustalıq nümayiş etdirib. Bununla da muğamın son dərəcə əzəmətli və nikbin səslənməsinə nail olub. “Hasar”, xüsusilə “Müxalif” şöbələrində bənzərsiz barmaqlar vuraraq öz çalğısında nəinki xanəndə guşə və xallarını, hətta çətin zəngulə elementlərini də məharətlə göstərib. Mənbələrdə bildirilir ki, o da müəllimi Sadıqcan kimi alt-üst simlərdə gəzişər, bir neçə formada cingiltili mizrablar vurarmış. Məhz buna görə də çıxışları dinləyicilər tərəfindən daima rəğbətlə qarşılanarmış.
Tanınmış sənətkarlardan Qurban
Pirimov, Mirzə Mənsur, Seyid
və Xan Şuşinskilər Məşədi
Zeynal haqqında yüksək fikir söyləyiblər. Xan
Şuşinski onun
haqqında deyib: “Məşədi Zeynal olan məclisdə hər
xanəndə cürət edib oxumazdı.
Çünki rəhmətlik tarı elə
bir ustalıqla çalırdı ki, elə bil tar xanəndə kimi dil açıb oxuyur. Biz tarın nə olduğunu
və tarı necə çalmağın sirrini
Məşədi Zeynalın çalğısında hiss etmişik. Onun bir layiqli insan kimi
də tayı-bərabəri
yox idi... Xanəndəni oxudan tarzəndir.
Sazəndə dəstəsinin başçısı
xanəndədirsə, dəstənin
bədii rəhbəri
tarzəndir. Xanəndənin istər yaxşı, istərsə də pis oxuması tarzəndən çox asılıdır. Tarzən öz
rəvan, şirin çalğısı ilə
xanəndəni ruhlandırdığı
kimi, həm də sönük, xaric çalğısı
ilə onu ruhdan sala da
bilər”.
Uzun illər tarzənlə dostluq etmiş böyük xanəndə
Seyid Şuşinski Məşədi Zeynalla çalıb-oxumaqdan həzz
alarmış: “O, nəinki
məni oxutdururdu, həm də öyrədirdi. Qafqazda tarçalanların hamısı Məşədi
Zeynalın barmaqlarını
vurmağa cəhd edərdilər. Mənim “Çahargah”
ustası kimi püxtələşməyimdə onun əməyi çox olub. Məşədi Zeynal Azərbaycan
musiqisi xadimləri içərisində istedadlı
bir tarzən, qabil bir sənətkar
kimi şərəfli
yer tutur. O, Azərbaycan xalqı üçün əvəzsiz
sənətkar olub və bunun üçün
çox zəhmətlərə
qatlaşıb. Bir də
ki o, tək varlıların, kübar ailələrin deyil, geniş xalq kütləsinin zövqünü,
mənəvi ehtiyacını
ödəmək üçün
tar çalıb. Ömrünün son günlərinədək sevimli
tarından ayrılmayıb.
Müəllimi Sadıqcanın
tar məktəbini nəinki
davam etdirib, həm də bu məktəbi zənginləşdirib. Onlarca
istedadlı tarzən yetişdirib...”
Musiqi mədəniyyətimizdə dərin iz qoyan
görkəmli tarzən
1918-ci ildə, 57 yaşında
Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 29 sentyabr.-
S.15.