Bu, bir tamaşa ki...
Sənət tarixində elə əsərlər var ki, onların təkcə müəlliflərinin, digər yaradıcılarının deyil, hətta özlərinin də yubileylərini qeyd etməyə dəyər. Nə yaxşı ki, bizim 60 illik tarixi olan milli televiziyamızın tarixində də belə nümunələr var. Onlardan biri də Azərbaycan milli televiziyasının tarixində ilk telemüzikl kimi tarixə yazılan «Ordan-burdan» tamaşasıdır.
İlk dəfə 1987-ci il yanvarın 1-də efirə gedən «Ordan-burdan» tamaşası o zamandan bəri təqvimin qırmızı rəngə boyanmış günlərində mavi ekranın bəzəyinə çevrilib.
Maraqlıdır ki, az qala hər replikasını, hər epizodunu əzbər bildiyimiz tamaşaya təkrar-təkrar olsa da, baxırıq. Hətta yaşca bu telemüzikldən kiçik olanlar da onu sevir. Əslində, sevdiyin bədii əsərlə hər görüş çox sevdiyin doğmalarınla görüşə bənzəyir. Yəni bilirsən ki, nədən danışacaqsan, nələr olacaq, amma yenə də həmin şəxslə görüşə, ünsiyyətə şadsan! Ən başlıcası, bu ünsiyyətdən heç zaman doymursan...
Təzə və köhnə “Ordan-burdan”
Ədəbiyyat və mətbuat
tarixinə az-çox
vaqif olanlar bilirlər ki, ötən əsrin əvvəllərində böyük
Üzeyir Hacıbəyli
həcminə görə
bir lətifədən
seçilməyən, amma
həddən artıq
kəsərli kiçik
felyetonlarını «Ordan-burdan» rubrikası altında çap etdirirdi. Çox ola bilsin
ki, elə o zamanlar da kütlənin
leksikonunda geniş yayılmış ordan-burdan
ifadəsi altşüur
qatında səpənək,
dağınıq olan
nəsnələri bir
məcraya yönəltmək,
eyni müstəviyə
çəkmək anlamında
işlədilirmiş.
1986-cı ildə indiki Musiqili Teatrda quruluşçu rejissor işləyən Zəminə
və Fuad Hacıyev cütlüyü
də məhz həmin o köhnəlməyən
«Ordan-burdan» başlığı altında
gözəl bir
libretto yazırlar. Həmin
librettonun hər personajında Üzeyir bəyin səhnəyə
gətirdiyi tipajlar, həmin personajların dilində, amalında Üzeyir bəyin əsərlərindən tanıdığımız
ifadələr, o dövrün
- neft və mədəniyyət bumu yaşayan Bakısının
atmosferi, həmin illərin gerçək faktları - Qızlar məktəbində tamaşanın
hazırlanması, seçilmiş
Dumanın fəaliyyət
göstərmədən buraxılması
öz əksini tapır. Kənar gözlə baxdıqda
hətta adama elə görünə bilər ki, bu librettonu rejissorlar
deyil, ömrü boyu pyes yazmaqla
məşğul olmuş,
Azərbaycan dilinin incəliklərini səlis
bilən məşhur
dramaturq yazıb.
Amma «Ordan-burdan» təcrübəsi
göstərir ki, dramaturji material ilə işləmək məharəti,
klassikanı bilmək
və həmin bildiyinə böyük hörmətlə yanaşmaq
bacarığı mətn
baxımından bu qədər mükəmməl
və gözəl bir ssenarinin meydana çıxmasına
zəmin yaradır.
Bu tamaşa
müzikl olmasaydı belə, öz tamaşaçısını tapacaqdı.
Amma böyük bəstəkarımız, operetta və kino musiqisi
janrlarında şedevr
səviyyəsinə qalxmış
əsərlərin müəllifi
Rauf Hacıyevin bəstələdiyi musiqidə
Üzeyir bəyin musiqisindəki ştrixlər
elə bir incəliklə yer alıb ki, tamaşaçı
müəyyən məqamlarda,
məsələn, uvertüra
səsləndikdə, yaxud
Həmid ilə Rənanın duetini dinlədikdə özünü
ekran qarşısında
deyil, tamaşa salonunda hiss edir.
Məhz elə bu cəhətlərdir
ki, otuz il ərzində
bəlkə də altmış dəfə baxdığımız «Ordan-burdan»ın
seyrindən bezmirik.
«Ordan-burdan»ı
nədən bu qədər sevdik?
...Videoyazılış
texnikası televiziyamızda
tətbiq edilməyə
başlayandan bəri hər il
yanvarın 1-də Azərbaycan
televiziyası xeyli maraqlı tamaşa nümayiş etdirib və həmin lentlərin çoxu videotekada qorunur. Böyük zəhmət,
gərgin iş, uğurlu rejissor
və aktyor çalışmaları teleseyrçiyə
neçə-neçə maraqlı
tamaşa ilə ünsiyyət bəxş
edib. «Ötən ilin son gecəsi», «Evləri köndələn
yar», «Yaşıl eynəkli adam»...
Bu siyahını uzatmaq
da olar, Xalq artisti Ramiz
Həsənoğlu və
Tariyel Vəliyevdən
başqa, digər televiziya rejissorlarının
quruluş verdikləri
unudulmaz tamaşaların
da adını həmin siyahıya artırmaq olar. Sadəcə, 1 yanvar axşamı göstərilmiş
həmin tamaşaların
demək olar ki, hamısında bütün olaylar bir mühüm tarixin ətrafında - Yeni il gecəsinin ətrafında
qurulur və cərəyan edir. Əlbəttə, bu məqam
həmin tamaşaların
əhəmiyyətini heç
də azaltmır.
Sadəcə, bu cəhət
tamaşanı konkret bir günə bağlayır. Amma «Ordan-burdan» da həmin
ovqat yoxdur. Sadəcə,
o, bizim ekran qarşısında keçirdiyimiz
bayram günlərinin
bəzəyidir, vəssalam.
Tanış personajlar, sevimli obrazlar
«Ordan-burdan» tamaşası neçə aktyoru tamam fərqli ampluada tanıtdı, neçə personajı sevdirdi, bu tamaşadakı
neçə-neçə ifadə
xalqın dilinə düşdü. «Mne
eto nado?», «Vot eta - sensasiya», «Arvad-zad görməmisən?»,
«Xəncərli xala»,
«Karandaş - yəni qara daş?», «Necə yorğanına görə ayağını
uzadasan ki, heç yorğan belini də örtmür», «Əli bəyin foto studiyası sizin qulluğunuzda həmişə
hazırdır!», «Bu duptatlıq
adama laaap ləzzət eləyir» və s.
O dövrün
Azərbaycan tamaşaçısı
ilk dəfə kişi aktyorları qadın qiyafəsində gördü və ... bu dəyişmə məharətinə görə
aktyorlar Rafael Dadaşova
və Yaşar Nuriyə rəğbət
birə-beş artdı.
Situasiyanın özündən irəli gələn bu dəyişikliyi də tamaşaçı
anlayışla qarşıladı.
O vaxtadək səhnədə mahnı
oxumamış Hacı
İsmayılov ilk dəfə
faytonçu Gülbalanın
kupletlərini studiyada
olsa da, şəxsən özü
oxudu və teatr rejissorlarının onda görmədiyi komik istedadı həm də öz plastikası ilə göstərdi.
Əsas rolların ifaçıları
Rafael Dadaşov və
Zemfira Nərimanova isə duet səhnəsində
o qədər təbii
və inandırıcı
görünmüşdülər ki, çoxları Rəna ilə Həmidin duetini də məhz dram aktyorlarının oxuduğunu
zənn etmişdi.
Amma həmin dueti vokalçılar Aida Əliyeva
ilə Elxan Əhədzadə oxumuşdu.
«Ordan-burdan» tamaşasında istifadə olunmuş dekorasiyalar, 13 məkan ilk baxışda ayrı-ayrı
məkan təsiri bağışlasa da, bütün bunlar elə Azərbaycan televiziyasının pavilyonunda
qurulmuşdu. Obrazların geyimlərindəki
tarixilik, hətta geyimlərin tikilişində
o illərin dəb dərgisindən istifadə,
musiqi parçalarının
Moskvada mərkəzi səsyazma studiyalarının
birində lentə yazılması bu tamaşaya sıradan bir teletamaşa münasibəti bəslənilmədiyinə
sübutdur.
Azərbaycan tamaşaçısı «Ordan-burdan» ilə
aktyor Cahangir Novruzovu özü üçün kəşf
etdi. Salman bəy tipajının
ifasında aktyor elə bir məharət
nümayiş etdirdi ki, məsələdən
bixəbərlər aktyorun
bu rolu cəmi
9 gün ərzində
məşq edib hazırladığına indiyədək
inanmır. Həqiqətən
də, əgər Salman bəy roluna təsdiq olunmuş Səyavuş Aslan çəkiliş prosesinin ortasında möhkəm xəstələnməsəydi,
biz bəlkə də
tamam fərqli bir «bəyzadə» təfsiri ilə rastlaşacaqdıq. O zaman
Şəki teatrında
quruluşçu rejissor
işləyən Cahangir
Novruzov tamaşanı
xilas etmək üçün Bakıya
çağırılsa da,
onun Salman bəyi əsəri nəinki xilas etdi, həm də özünü geniş tamaşaçı
kütləsinə komik
talant kimi sevdirdi.
«Ordan-burdan» tamaşası Azərbaycan televiziyasının
tarixində ilk dəfə
olaraq o vaxtkı Mərkəzi Televiziya ilə nümayiş olundu və milli televiziya tarixinə öz adını qızıl hərflərlə yazdırdı.
* * *
...Deyirlər ki, nəyəsə düzgün qiymət verməkdən ötrü
aradan xeyli zaman keçməli, nə qədərsə zaman ötməlidir. Yalnız bu qədər uzaqlıqdan hər şey öz dəqiq qiymətini alır. Bir-bir geridə qoyduğumuz
illər bizi də «Ordan-burdan» tamaşasından uzaqlaşdırır. Amma bu uzaqlıq nisbidir - çünki ekrana yaxın əyləşməklə
həmin uzaqlığı
bir göz qırpımında dəf
etmək mümkündür.
Otuz yaşın mübarək,
«Ordan-burdan» tamaşası!
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 6
yanvar.- S.7.