Rəssam gerçəklikdən kənara
çıxmasa, yarada bilməz
“Sulu boyada
qeyri-adilik var. Bu texnika
çox dərindir və çətindir.
İşlədikcə, axtardıqca
onun incəliklərinə
yiyələnmək olur”
Bölgələrdə yaşayan sənətkarlarımızı
oxucularımıza tanıtmağa
davam edirik. Belə sənətkarlardan biri də Naxçıvanda yaşayan tanınmış
rəssam Sabir Məmmədovdur.
S.Məmmədov 1954-cü ildə muxtar respublikanın Babək rayonunun Nəzərabad kəndində
anadan olub. Üçüncü sinifdə
oxuyarkən rəsmlə
maraqlanıb: “Uşaq
vaxtından rəsm çəkirəm. Rəssamların yaradıcılığı həmişə
mənim üçün
maraqlı olub. Yaşadığımız evin arxasından
çay axırdı,
yağış yağanda
oradan gur sel gələrdi. Çay daşanda köhnə yatağını yuyub aparar, onu yeni
görkəmə salardı.
Bu mənzərə məni heyrətləndirərdi.
Çayın gətirdiyi palçıqdan
cürbəcür fiqurlar
düzəldərdim. Məndə sənətə həvəs
belə yarandı”.
Rəssam hələ orta məktəbdə oxuyarkən
yaşıdları arasında
özünü rəssam
kimi tanıda bilib: “Sənətkar ailəsində böyümüşəm.
Atam tanınmış dülgər
olub. Mən də dülgərliyi
az-çox öyrənmişdim.
Orta məktəbi bitirəndən
sonra Bakıya yollandım, keçmiş
Razin (indiki Bakıxanov - red.) qəsəbəsindəki
peşə məktəbinə
daxil oldum. Orada rəssamlığın, mis
üzərində döymə
sənətinin sirlərini
öyrəndim. Oranı bitirdikdən
sonra hərbi xidmətə getdim”.
Müsahibim bildirir ki, rəngkarlıq və heykəltəraşlıq həmişə
onun diqqət mərkəzində olub.
Bu baxımdan o, özünü
heç vaxt yaradıcılıqdan qıraqda
hiss etmir: “Rəssamlıq
sonsuz bir sənətdir. Onun hər sahəsi
mənə doğmadır.
İstər heykəltəraşlıq, istər misgərlik, istərsə ağacoyma olsun - bunların hamısının özülündə
rəssamlıq durur”.
Sabir müəllimin yaradıcılığının böyük bir hissəsini metal üzərində işləmələr tutur. O, gənc yaşlarından bu işlə məşğul olur, mis və alüminium üzərində gözəl əsərlər yaradır. İndiyədək o, 300-dən artıq əsər yaradıb: “Dədə Qorqud obrazını mis üzərində bəlkə 15 variantda işləmişəm. Metal üzərində xalqımızın bir çox qəhrəmanlarının obrazlarını yaratmışam. Onların hər birinin xarakterik cizgilərini mis üzərində vermək çox çətindir. Xalq qəhrəmanlarına, tarixi abidələrimizə müraciət eləmişəm, klassik şairlərimizin şeirlərinə illüstrasiyalar çəkmişəm. Maraqlı işlərimdən biri Məmməd Arazın “Dünya” şeirinə çəkdiyim əsərdir. Buna necə nail olmuşam, tamaşaçılar deyə bilər”.
Sabir müəllim rəssam olmasına baxmayaraq, musiqi və poeziyanı da dərindən duyur. Gitarada gözəl mahnılar ifa edir, şeir oxumağı çox sevir: “Musiqini, muğamlarımızı, poeziyanı çox sevirəm. İşləyən zaman hökmən musiqiyə qulaq asıram. Gənc xanəndə Mirələm Mirələmovun ifasını çox bəyənirəm. Rəssam gerçəklikdən kənara çıxmasa, yarada bilməz. Yaradıcılıq zamanı başqa bir dünyaya baş vurmaq qaçılmazdır, yoxsa sənət yaranmaz”.
Rəssam doğulub yaşadığı Naxçıvan torpağını çox sevir, doğma yurdun hər qarışını gəzərək onları əsərə çevirir. S.Məmmədov sulu boya ustasıdır. Onun bu sahədə ayrıca istedadı var. Bu texnika öz çətinliyi ilə seçilir. Rəssam bu yaxınlarda Bakıdakı Xətai Sənət Mərkəzinin təşkil etdiyi Respublika akvarel müsabiqəsində II yerə layiq görülüb: “Sulu boyada qeyri-adilik, fantastiklik var. Bu texnika çox dərindir və çətindir. Həm yorucudur, həm də imkanları genişdir. İşlədikcə, axtardıqca onun incəliklərinə yiyələnmək olur”.
S.Məmmədov deyir: “Rəssamın yaratdığı ən balaca cızma-qara belə tarixdə qalır. Bütün ömrümü sənət üçün yaşamışam, bundan sonra da xalqım üçün layiqli sənət yaradacağam”.
S.Qaliboğlu
Mədəniyyət.-2017.- 6 yanvar.- S. 6.