Musiqili Teatrda ilin
ilk premyerası
Kabare müğənnisi Silva ilə
knyaz oğlu Edvinin eşq hekayəsi
Azərbaycan Dövlət Musiqili
Teatrında 2017-ci ilin
ilk premyerası yanvarın
11-də keçiriləcək. Bu gün teatr
tamaşaçılara macar
bəstəkarı İmre
Kalmanın məşhur
“Silva” operettasını təqdim
edəcək.
Əsərin süjet xəttini
saf sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku
ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı
qarşılanmır. Valideynləri Silva ilə evlənməyə
hazırlaşan Edvini
başqası ilə nişanlamağa qərar verirlər. Bundan sonra dinamik,
gözlənilməz situasiyalarla
zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır.
Məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə
aydınlıq gəlir.
Musiqili Teatrın rus bölməsi tərəfindən
hazırlanan yeni tamaşanın quruluşçu
rejissoru Əməkdar
artist Boris Lukinski, quruluşçu
dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov,
quruluşçu rəssamı
Əməkdar mədəniyyət
işçisi Aleksandr
Fyodorov, geyim üzrə rəssamı
Yelena Almazova, quruluşçu
baletmeysterləri Yelena və
Zakir Ağayevlər, xormeysteri Əməkdar
artist Vaqif Məstanov,
dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənovdur.
Rolları əməkdar
artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova,
Marina Litvinenko, Firuz Məmmədov, Nicat
Əli, Elçin İmanov,
Telnaz Hüseynova və
Elməddin Dadaşov ifa
edirlər.
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.4.