Arxeologiya elmində yeni səhifə açan alim

 

   Bu il Azərbaycanda arxeologiya elminin inkişafına töhfələr verən, elmi yenilikləri ilə dünyada tanınan alimlərimizdən AMEA-nın müxbir üzvü İdeal Nərimanovun anadan olmasının 90 illiyidir.

   İdeal Həmid oğlu Nərimanov 1927-ci il yanvarın 7-də Ağdam şəhərində dünyaya göz açıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunur. Burada üç il oxuduqdan sonra təhsilini indiki Sankt-Peterburq Dövlət Universitetində davam etdirir. 1950-ci ildə təhsilini başa vurur Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində işə başlayır, Rusiya EA-nın aspiranturasında oxuyur. O, hələ təhsil illərindən görkəmli arxeoloq S.Qazıyevin rəhbərlik etdiyi Mingəçevir arxeoloji ekspedisiyasına qatılır buradakı fəaliyyəti onun arxeoloq-alim kimi yetişməsində mühüm rol oynayır. İ.NərimanovGəncəçay rayonunun arxeoloji abidələrimövzusunda namizədlik, “Azərbaycanın ən qədim əkinçi-maldar əhalisinin mədəniyyətimövzusunda doktorluq dissertasiyalarını müdafiə edir.

   Alim namizədlik dissertasiyasında Gəncəçay hövzəsinin Son Tunc - İlk Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti abidələrini araşdırıb. Mil-Qarabağın arxeoloji abidələrinin tədqiqatlarını həyata keçirən tanınmış sovet arxeoloqu A.A.İyessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyasına qatılıb.

   Tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli araşdırmasında yazır ki, Örənqala qədim yaşayış məskənindən aşkar edilən arxeoloji materiallar İ.Nərimanov tərəfindən tədqiq edilib. Bu onun sonrakı elmi fəaliyyətində erkən əkinçilik mədəniyyətlərinin tədqiqi istiqamətinin müəyyən edilməsinə stimul verib. O, 20 ildən artıq müddətdə Gəncə-Qazax, Qarabağ, Mil, Muğan bölgələrində irimiqyaslı çöl tədqiqatları aparır. Nəticədə e.ə. VI-IV minilliklərə aid 50-dən artıq abidə aşkar edir.

   İ.Nərimanov daha sonra Ağstafa, Qazax, Tovuz Şəmkir rayonları ərazisində arxeoloji axtarışlar aparır. Bölgədə ilk dəfə aşkar edilən Qazax rayonundakı Babadərviş Ağstafa rayonundakı Töyrətəpə Neolit dövrü yaşayış yerləri tədqiq edilir. Onun Ağstafa ərazisindəki Şomutəpə yaşayış yerində apardığı qazıntılar yeni bir arxeoloji istiqamətin - Şomutəpə mədəniyyətinin kəşf edilməsi ilə nəticələnir. Bu yenilik keçmiş SSRİ məkanında elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

   Alimin tədqiqatları Gürcüstanda da arxeoloji tədqiqatlara təkan verir. Gürcü arxeoloqlar Şomutəpə tipli Şulaveris-qora, Aruxlo s. abidələri aşkar edirlər. Lakin Gürcüstan alimləri həmin abidələri Şomutəpə mədəniyyətindən ayrı təqdim etməyə cəhdlər göstərirlər. Bununla da onlar bu mədəniyyətin adını təhrif edərək Şulaveri-Şomutəpə mədəniyyəti kimi təqdim edirlər. Ancaq bütün bunlar İ.Nərimanovun elmi yeniliyinə kölgə sala bilmir. Çünki davam edən araşdırmalar Şomutəpə mədəniyyətinin daha qədim, yerli zəmində meydana çıxdığını göstərir.

   İ.Nərimanov Qarabağda, o cümlədən Ağdam rayonu ərazisində Neolit Xalkolit dövrlərinə aid 30-a yaxın abidə aşkar edir. Xüsusilə İlanlıtəpə Çalağantəpə yaşayış yerlərində irimiqyaslı arxeoloji qazıntılar həyata keçirilir. Bu qazıntılar əsasında alim Qarabağda Neolit dövründə əhalinin təsərrüfat həyatı bu abidələrdə aşkar etdiyi qəbirlər əsasında dəfn adətlərinin xüsusiyyətlərini şərh edir. Arxeoloq Çalağantəpədəki e.ə. V minilliyin əvvəllərinə aid bir qəbirdə trepanasiyalı kəlləsi olan skelet aşkara çıxarır. Yaxın Şərq Qafqaz üçün bu qəbildən ən qədim tapıntı olan kəllənin aşkar edilməsi hələ 7 min il əvvəl Azərbaycanda insanın kəllə sümüyündə tibbi, cərrahi əməliyyatın aparıldığını sübut edib.

   Görkəmli alim əldə etdiyi arxeoloji materialları Naxçıvandakı I Kültəpə yaşayış yerinin tapıntıları ilə müqayisəli şəkildə təhlil edir. Hər iki bölgənin abidələrinin vahid mədəni ənənələrdə birləşdiyini əsaslandırır. Bununla da Azərbaycanın bu dövr mədəniyyətlərinin ümumi inkişaf prinsipləri istiqamətləri müəyyən olunur.

   Sovet rəhbərliyi 1969-cu ildə Mesopotamiya torpağına (indiki İraq ərazisi) arxeoloji ekspedisiya göndərir. SSRİ EA Arxeologiya İnstitutunun direktor müavini işləyən əslən Zaqataladan olan dünya şöhrətli arxeoloq Rauf Munçayevin rəhbərlik etdiyi ekspedisiyaya İ.Nərimanov da dəvət olunur. O, 1971-1980-ci illərdə ardıcıl olaraq bütün qazıntı mövsümlərində həmin ekspedisiyanın tərkibində Mesopotamiya ərazisində fəaliyyət göstərir.

   İ.Nərimanov 1995-ci ildə Almaniyanın Saarbrükken şəhərində keçirilən Cənubi Qafqaz arxeologiyasına aid konfransda iştirak edir. O, məruzəsi zamanı heç kəsin gözləmədiyi halda özü ilə gətirdiyi Azərbaycanın xəritəsini qarşıdakı lövhədən asır. Həyəcanla bu xəritədə Azərbaycanın və Ermənistanın coğrafi yerləşməsini, Qarabağın və ətraf rayonların ermənilər tərəfindən işğal edildiyini, Ermənistanın bu ərazilərə heç bir aidiyyəti olmadığını diqqətə çatdırır. Konfrans iştirakçıları bu gözlənilməz çıxışı sükutla dinləyirlər...

   Ömrünün 60 ilini Azərbaycan arxeologiya elminin inkişafına sərf edən İdeal Nərimanov 2006-cı ildə vəfat edib.

  

Savalan Fərəcov

         Mədəniyyət.-2017.- 11 yanvar.- S.15.