Baharda mühüm
sənət görüşü olacaq
Azərbaycan
Dövlət Rəqs Ansamblının tarixində ilk dəfə milli rəqslər
üzərində “Koroğlu” baleti hazırlanır
...İşıqlı, geniş bir salonu təsəvvür edin. Tavan, divarlar, qapılar bəyaz... Deyəsən, döşəmənin də rəngi ağ idi axı... Yox, ona diqqət yetirə bilmədim. Çünki fikrim bu salonda süzən qara geyimli qızlarda, oğlanlarda qalmışdı. Doğrudan da, niyə məşq zamanı rəqqaslar qara geyinirlər? Bəlkə, baletmeyster hərəkətlərin nə qədər plastik, ifanın nə qədər düzgün olduğunu asanlıqla görsün deyə? Gərək bu sualı onların özünə verəydim. Nə isə, bu dəfə keçdi...
Çalğıçılar da yerlərində əyləşiblər. Hamı baletmeysterin əlinin işarəsinə baxır: çalğıçılar da, rəqqaslar da... Baletmeyster də tək deyil, köməkçiləri var. Hər xırda detal, hər bir hərəkət təkrar-təkrar məşq edilir. Nəinki əl-ayaq hərəkətləri, başın dönüşü, baxışlar, üz cizgiləri cilalanır, dəqiqləşdirilir. Texnologiya da bu işdə kömək edir. Məşq prosesi, rəqsin quruluşuna əlavə edilən hər yeni hərəkət, musiqi parçalarını bir-birinə bağlayan keçid jestləri smartfonla çəkilir, fasilədə, ya da məşqdən sonra noutbukda diqqətlə nəzərdən keçirilir... Bir sözlə, rəqs anbaan zərgər dəqiqliyi ilə cilalanır.
Təxminən bir il olar ki, Rusiya Federasiyasının Xalq artisti, Qafqaz rəqslərinin bilicisi, tanınmış xoreoqraf Dikalu Muzakayev Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbər təyin edilib. Bu müddətdə daha ciddi rejimdə çalışmağa başlamış kollektiv yeni proqram üzərində işləyir. Ansamblın artıq bir neçə dövlət əhəmiyyətli tədbirdəki çıxışlarında gözlə görünən dəyişiklik kollektivə marağı artırıb. Maraqlananlar isə kollektivin yeni proqramla sənətsevərlərin görüşünə nə zaman gələcəyini gözləyirlər.
Elə biz də həmin xəbərlərin izinə düşüb Azərbaycan Dövlət Rəqs Ansamblının məşqinə yollandıq. Köhnə tanışımız Dikalu Abuzedoviçi (Bakıdakı fəaliyyəti barədə onunla müsahibəmiz ötən ilin avqustunda dərc olunub) fasilə zamanı, yeni proqramı çay süfrəsi arxasında Əməkdar artist Xanlar Bəşirov və Xalq artisti Rüfət Xəlilzadə ilə müzakirə edərkən «yaxaladıq». Eşitdiklərimiz bizim üçün də maraqlı oldu. “Yaydan bəri təzə nə var, nə yox” sualımıza maestro Muzakayev belə cavab verdi:
- Yeni proqram üzərində iş davam edir. Azərbaycan Dövlət Rəqs Ansamblının tarixində ilk dəfə milli rəqslər üzərində «Koroğlu» baletini hazırlayırıq. Təxminən 35-40 dəqiqə davam edəcək bu tamaşa Azərbaycan milli rəqsləri üzərində qurulub. Tamaşada istifadə ediləcək musiqilərin aranjimanı və lazım gələn musiqi keçidlərinin bəstələnməsi ilə Əməkdar incəsənət xadimi Vüqar Camalzadə məşğul olur.
- Yəqin Üzeyir bəyin «Koroğlu» operasından da istifadə etmisiniz...
- Bəli. Amma ilk milli rəqs baleti barədə çox danışmaq istəməzdim. Yeni proqramı təqdim etməyimizə o qədər də çox qalmayıb. Biz burada məşq edirik, köhnə rəqsləri bərpa edir, bəzilərini daha da təkmilləşdirir, yenilərini qururuq, eyni vaxtda da kollektiv üçün yeni libaslar tikilir. Təxminən beş yüzədək geyim tikilməlidir. Hər rəqsin öz geyimi olacaq.
- Deyəsən, müsahibədə qeyd etdiyiniz, arzuladığınız layihələr gerçəkləşmək üzrədir...
- Bəli. Hər şey istədiyimiz, planlaşdırdığımız kimi gedir. Bizim niyyətimiz Azərbaycan milli rəqsini dünya miqyasında daha geniş tanıtmaq, ansamblın xarici ölkələrə turnelərə çıxmasına nail olmaqdır. Çünki dünya xalqları arasında az sayda milli rəqs məktəbləri var ki, onların həm kişi, həm də qadın rəqsləri hərəkət və musiqi baxımından Azərbaycan rəqsləri qədər zəngin olsun. Artıq qastrol konsertləri barədə ilk razılaşmalarımız da var.
- Yəqin ki, biz öz doğma rəqs ansamblımızın yeni repertuarını hər kəsdən tez seyr edəcəyik.
- Mütləq.
Bu məqamda rəqqasə Saniə Əhmədova qapıdan boylanır:
- Müəllim, qızlar hazırdır. Gəlirsiniz?
Dikalu Muzakayev deyir:
- Yəqin sizin üçün də maraqlı olar. Baxmaq istəyirsiniz?
- Əlbəttə,
baxmaq istəyirəm...
Həm yaradıcılıq prosesini,
həm də rəqsi çox sevən biri kimi bu fürsəti
ötürə bilərəm?
Məşq zalına keçərkən
Dikalu Abuzedoviç məlumat verir:
- Bizdə qrafik belədir: hər gün səhər klassik rəqs təmrinlərini təkrar etməklə işə başlayırıq.
Klassik rəqs elementləri rəqsin əlifbasıdır.
Əlifbanı bilmədən peşəkarcasına
rəqs etmək mümkün deyil. Həm də klassik elementlər rəqqasın
vücudunu formalaşdırır,
nəfəsini idarə
etməyi öyrədir.
Klassik elementlərdən sonra rəqslərə keçirik.
Həm qadın, həm də kişi rəqqasların
iştirak etdiyi qarışıq rəqsləri
məşq edirik. Günortadan sonra isə həftənin cüt günləri oğlanlar, tək günləri qızlar ayrıca məşq edirlər.
Bu gün qızların
növbəsidir. «Toy», «Qavalla rəqs», bir də «Lirik
rəqs»in məşqlərini
görəcəksiniz...
Su sonası
kimi incə qızlar zalda sıraya düzülüblər.
Hətta
saçlarını topalayıb
yığmaları, bəzəksiz-makiyajsız,
ürəksıxan qara
məşq geyimləri
də onların cazibəsini azaltmır.
Bir küncdə, orkestrin böyründə özümə
yer edib məşqə baxıram.
«Lirik rəqs»
başlanır. Əllərində ipək yaylıq tutmuş qızlar musiqinin müşayiəti
altında çıxışa
başlayırlar. Baletmeyster bir
neçə dəfə
musiqini dayandırır,
ritmdən çıxanların,
hərəkəti ümumi
plastikanı pozanların
yanına gəlir, bir daha hərəkətləri
başa salır.
Bir rəqs, üstəlik, repertuarda olan rəqs təkrar-təkrar
ifa edilir. Nəhayət, maestro istədiyinə nail olur. Qızlar onun ətrafına
yığışıb diqqətlə
iradlara qulaq asırlar. Üzlərindən
hiss olunur ki, kollektivdə nəsildəyişmə
prosesi gedir, hələ böyük səhnə təcrübəsi
qazanmamış gənclər
çoxdur. Qızlar
o biri rəqsə hazırlaşınca biz də
söhbətimizə davam
edirik:
- Bu rəqsi əvvəldən ipək
yaylıqlarla oynayıblar.
Mən fikirləşdim ki, qızlar adi parça əvəzinə
əllərində kəlağayı
tutsalar, daha maraqlı olar. Milli baş örtüyü rəqsin milliliyini daha da artırar.
- Standart kəlağayılar ilə
çıxış etmək
qızlara çətin
olmaz ki?
- Əlbəttə,
kvadrat ölçülü
kəlağayı ilə
çıxış etmək
çətin olacaq, həm də yaylığın gözəlliyi
görünməyəcək. Buna görə də
bir neçə ölçüdə kəlağayı
sifariş vermişik.
Onları sınayandan sonra
ən uyğun gələnini seçib sifariş verəcəyik ki, bu rəqsimizlə
həm də kəlağayını təbliğ
edək.
...Məşq davam edir. Bayaqdan
diqqət yetirirəm,
kimsə bədii rəhbərə Dikalu müəllim, kimsə
maestro, kimsə Dikalu Abuzedoviç, kimi də lap «uçitel» deyə müraciət edir. Müraciətin forması müxtəlif
olsa da, əsas odur ki, hər kəs
ona, digər baletmeysterlərə hörmətlə
yanaşır və dediklərinə diqqətlə
qulaq asır.
* * *
Məşqdən
sonra söhbətimizi
ansamblın direktoru, Əməkdar artist Zahir Qasımov ilə davam etdiririk:
- Kollektivdə
nəsildəyişmə prosesi
ilə yeni proqramın yaradılması
təxminən eyni vaxta düşüb. Buna görə də
işimiz daha çoxdur. Yeni solistlərin intizama
alışdırılmasına, təchizata, maliyyə məsələlərinə görə
mən məsuliyyət
daşıyıram. Mədəniyyət və Turizm Nazirliyi elə bir şərait yaradıb ki, indiyədək heç vaxt belə şəraitimiz olmayıb.
Mənə inana bilərsiniz,
çünki düz
47 ildir ki, bu kollektivdəyəm.
Kollektiv yaranandan 25 il rəqs
etmişəm, ondan sonra direktor kimi çalışıram.
Kollektivdə yaradıcılıq atmosferi də güclüdür. Bizim işimiz
səhər saat 10-da başlayır. Amma bir də görürsən ki, gənc solistlərdən
kimsə mənə deyir ki, Zahir
müəllim, səhər
tez gəlib bir qədər məşq etmək istəyirəm. Mən də
böyük həvəslə
lap 8.30-da gəlib zalı
açıram, təki
uşaqlar işləmək
istəsinlər. Dövlət Rəqs Ansamblı üçün yaradılan
bu şəraitə uyğun da çalışmaq,
yaxşı, maraqlı
proqram təqdim etmək bizim borcumuzdur.
Həmsöhbətlərimdən xoş hisslərlə
ayrılıram. Azərbaycan Dövlət
Rəqs Ansamblının
məşqindən vəd
edilən, bəzi cizgilərini gördüyüm
proqramının nümayişini
gözləyirəm. Bilirəm
ki, mənim kimisi az
deyil. Hamılıqla baharı gözləyək:
həm 2017-ci ilin baharını, həm də rəqs ansamblımızın.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.7.