“Yeddi gözəl”in
dramatik hüsnü
Müdriklərin
fikrincə, söz xəzinəsi xərcləndikcə tükənmir,
bəşər aləminin mədəniyyət və təfəkkür
aləmini hər dəfə zənginləşdirir. Şübhə yoxdur ki, bu, Nizami kimi fikir nəhənglərinin
söz xəzinəsinə işarədir. Çünki məhz belə dahilərin söz xəzinəsindən
götürüldükcə, o heç vaxt azalmır, əksinə,
daha da artır. Təsadüfi deyil ki:
Mənəm ol şəhi məani
Ki fəzilətim əyandır.
Yer ilə zəmanə hakim
Hünərim bir
asimandır.
Nəfəsim tutub cahanı
Uca səsli zəngə
bənzər.
Qələmimsə bayraq olmuş,
O da fatehi cahandır,
- deyir Nizami.
Nizami dühasının ədəbi-fəlsəfi
bəhrəsi olan “Xəmsə” uzun onilliklər ərzində
elmi-tədqiqat predmeti kimi, müxtəlif
araşdırmaların nəticəsi kimi elmi-nəzəri
fikrin zənginləşməsinə vəsilə olmaqla bərabər,
bədii əsərlərin, o cümlədən təsviri-tətbiqi
sənət nümunələrinin və ədəbiyyat,
teatr, kino sahəsində də müxtəlif səviyyəli əsərlərin
meydana gəlməsində ən dəyərli mənbə
rolunu oynamışdır. Əhəmiyyətli
olan budur ki, Nizami irsinə ehtiram dolu rəğbət
yüzilliklər boyu nəinki azalmamış, əksinə,
daha böyük coşqu ilə artmış və bu
günümüzdə də onun təzahürü
müşahidə edilməkdədir. Odur
ki, Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində
Nizaminin “Yeddi gözəl” poeması əsasında eyniadlı
tamaşanın hazırlanması yuxarıdakı fikirlərimizin
təsdiqi kimi maraq doğurur.
Nizami qələminin
bəhrəsi olan “Yeddi gözəl”ə müraciət etməklə
teatr yəqin ki, nəyi, nə üçün, necə
etdiyinin üzərində düşünüb. Yəni tamamilə fərqli yaradıcılıq
növünün qanunları əsasında yazılmaqla, hətta
həmin növün, daha doğrusu, poeziyanın ədəbi
qanunlarını dəyişmək iqtidarında olan yüksək
bədii-fəlsəfi zirvə fəth edən dahi şairin əsərini
teatr sənətinin qanunları çərçivəsinə
salmağın uğurlu nəticəsini gözləmək bir
qədər sadəlövh görünür. Ən azı ona görə ki, həmin əsər
sözün ecazkar qüdrəti, Şərqin möhtəşəm
poeziya olimpinə öz şəxsini birmənalı şəkildə
təsdiq etmiş dahi şairin miqyas tanımayan
düşüncələrinin ornamental poetik hünəri ilə
yaranmışdır. Başqa cür desək,
“Yeddi gözəl” poemasının fikir aləmi söz inciləri
vasitəsilə bəyan edilir, burada teatr-oyun
estetikasının ifadəsinə gərəkli olan ənənəvi
dramaturgiya yoxdur, təsvirə, ədəbi təhkiyəyə
əsaslanan yüksək poeziya, əmələ əsaslanan səhnə
ifadəliliyinə elə bir imkan vermir.
Biz şübhə
etmirik ki, qeyd etdiyimiz mətləbləri “Yeddi gözəl”
poemasının motivləri əsasında hazırlanan
tamaşanın quruluşçu rejissoru da bilməmiş
deyildi. Və o, hər şeydən
göründüyü kimi, Nizami irsini öyrənmiş,
poemadakı ayrı-ayrı rəvayətləri dərindən
təhlil etmiş, onların səhnə qanunları prinsiplərinin
bacardıqca uğurlu adaptasiyasına cəhd göstərmişdir.
Bu zaman o, poemanın təsviri və nəqli cəhətlərinin
səhnə məkanında canlandırılması, poetik
sözün konkret oyun materialı kimi maddiləşdirilməsi,
həmçinin ədəbi mətndə verilən hadisələrin
vizual əməl xəttindəki təzahürünə
çalışmışdır.
“Yeddi gözəl”
tamaşasında ədəbi mətndən irəli gələn
fraqmentarlıqdan uzaqlaşa bilməsə də,
quruluşçu rejissorun bəzi səhnə
tapıntılarının kifayət qədər orijinal və
təsirli olduğunu qeyd etməliyik. Burada
kukla və marionet teatrının ifadə vasitələrindən
tutmuş, kölgə teatrının bədii prinsiplərinə
qədər müxtəlif poetika elementlərini müşahidə
etmək olar. Doğrudur, quruluşçu rejissorun
ustalıqla calaq etdiyi poetikalar maraqlı görünsə də,
həmin estetika, istər səhnə hadisələrini, istərsə
də bütövlükdə tamaşanın ali
məqsədini qavramağı çətinləşdirir. Belə ki, biri digərində “əriməli” olan rəvayətlərin
qırıq hadisələr şəklində təqdim edilməsi
ilə konfliktin nədən ibarət olduğu aydınlaşmır.
Özünün
kompozisiya quruluşu ilə diqqət çəkən
tamaşada üslub qarışıqlığı, təbii
olaraq, aktyorların oyun tərzinə də bir
anlaşılmazlıq gətirir. Müxtəlif
rəqslərin, səhnə plastikası ilə seçilən
ədaların, qrafik mizanların tamaşaya dinamizm bəxş
etməsilə bərabər tərtibatın, o cümlədən
səhnənin və ifaçı aktyorların geyimi həllində
quruluşçu rejissorun Şərq ekzotikliyinə aludəliyi
də diqqətdən yayınmır.
Səhnənin arxa
divarında verilmiş Şərq miniatür təsviri ilə
səhnə obrazlarının geyimi bir o qədər
uzlaşmasa da, hər halda ifaçıların oyunlarına,
səhnə mizanlarını yerinə yetirməyinə mane
olmur.
Tamaşanın ekspozisiya hissəsində,
proloq əvəzi səhnə rəvayətçinin (bunu
Nizamiyə də bənzətmək olar) tamaşa zalından
keçib səhnəyə gəlməsi, eləcə də
Bəhram obrazının ifaçısının heç bir
oyun məntiqinə əsaslanmadan tamaşa zalına enib, yersiz
o baş-bu başa var-gəl etməsi açıq-aşkar
anlaşılmazlıq yaradır. Əlavə edək
ki, ifaçı aktyorların əksəriyyətinin (nəzərə
alsaq ki, rus dilinə tərcümə edilmiş poemada əruz
vəznindən söhbət gedə bilməz) səhnə
danışığı qüsurlu olduğu
üçün mətni qavramağa mane olur, fikrin mənaları
anlaşılmır. Xatırlayaq ki, bir zamanlar bu səhnədə
N.Ginzburqun, Şiryenin, D.Turmarkinanın, Falkoviçin, Yudinin,
Adamovun, Viqdorovun və başqa sənətkarların hər
nidası, hər vurğusu tamaşa salonunun sonuncu
sırasında belə aydın eşidilər,
anlaşılardı. Nə üçün
indi bu teatrın səhnədə gördüyümüz
ifaçıları nə artikulyasiya, nə də orfoepiya
qanunlarına riayət etməyib, Nizami şeirini məişət
səviyyəsində təqdim edirlər?
Litvalı sənətçilərdən
ibarət kvartetin - Yonas Vaytkusun (quruluşçu rejissor),
Arturas Şimonisin (quruluşçu rəssam), Sandra
Straukaytenin (geyim üzrə rəssam), Alqirdas Martinaytisin (bəstəkar)
yaradıcılıq əməkdaşlığı sayəsində
səhnə üzü görmüş “Yeddi gözəl”in
qeyd etdiyimiz irili-xırdalı bədii qüsurları ilə
bərabər uğurlu sayıla biləcək estetik
xüsusiyyətləri də diqqət çəkir. Burada, hər şeydən əvvəl, aktyor
seçimini, rol bölgüsünü, ayrı-ayrı ədəbi-bədii
epizodların səhnə həllini qeyd etmək olar. Quruluşçu rejissorun hansı bədii niyyətə
əsaslandığı “oxunmasa” da, Nizami surətinin rəvayətçi
qismində səhnəyə gətirilməsini əhəmiyyətli
hesab etməsək də, həmin obrazın
ifaçısı F.Osmanovun ifa tərzi rəğbət hissi
oyadır. Bundan başqa, aktyorlardan M.Məmmədovun (vəzir,
Məliha, Şər), M.Dubovitskayanın (kürd qızı,
huri), Y.Baliyevin (kürd, qonaq), Ə.Rəhimovun (Süleyman,
çoban) səhnə təqdimatları özünüifadə
imkanlarının estetik realizəsi baxımdan, eləcə də
quruluşçu rejissorun teatral niyyətinin bədii bütöv
şəklində “səslənməsinə” verdiyi səmərə
etibarilə müəyyən əhəmiyyət kəsb edir.
Maraqlıdır ki, kifayət qədər
təcrübəli rejissor kimi tanınan Y.Vaytkus
tamaşanın təcəssüm prosesinə qədərki mərhələdə,
poemanın konkret səhnə adaptasiyası işində onun
adının “Yeddi gözəl” olmasına sanki ciddi əhəmiyyət
verməmişdir. Halbuki təcəssüm
prosesi, hər şeydən əvvəl, ideya-estetik yorumdan
başlayır. Başqa sözlə desək,
tamaşanın ali məqsədi ədəbi
dürüst əsərin tapılması ilə səslənmək
imkanı əldə edir. Təəssüf ki,
quruluşçu rejissor bu mühüm sərfi nəzərə
almamışdır.
Nəticədə səhnədə
rejissor mizanlarını ustalıqla yerinə yetirib, yalnız
müəllif mətnini tamaşaçıya
çatdırmağa səy göstərən aktrisaları
görürük. Onlar sanki rəssam təsvirlərinin
canlandırılmış vizual səhnə həyatını
oynamaqla, rejissorun bu və ya digər
tapşırıqlarını yerinə yetirən fərdlər
kimi heç bir funksional bədii səhnə yükü
daşımırlar. Rejissor həmin
gözəllərin ifaçılarına (zahiri geyim fərqlərini
nəzərə almasaq) xarakterik keyfiyyətlərlə öz
səhnə qəhrəmanlarını zənginləşdirmək
işini nədənsə tapşırmayıb. Yəni aktyorlar təqdim etdikləri bədii
obrazların xarakterlərini deyil, rəsmlərini təsvir
edir. Odur ki, burada ifaçı
aktyorların tərəf-müqabil olaraq əməl xəttinin
oyun ifadəsi sönük və əhəmiyyətsiz dərəcədədir.
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə 2012-2013-cü ilin teatr
mövsümündə ərsəyə gələn “Yeddi
gözəl” tamaşasının hələ də teatrın
aktiv repertuarında yer tutması, tamaşaçı
toplanması bizə qəribə görünsə də,
öz-özlüyündə bəzi mətləbləri
açıqlayır. Məsələn,
belə ki, biz hələ də Nizaminin hikmət dolu sözlərinin
poetik qüdrətlə ifadə edilən bədii-fəlsəfi
aləmini, bu misilsiz mədəni irsi yeni nəslə sevdirə
bilməmişik. Bütün zamanların böyük
şairi hesab etsək də, Nizamiyə sevgimiz məktəb dərsliklərindəki
əsərlərini şagirdlərə əzbərlətməkdən
o yana getməmişdir. Başqa
cür olsaydı, Nizami irsinə qarşı belə
münasibət bizi ən azı hiddətləndirərdi.
Belə ki, kiçik bir qisminə toxunduğumuz
bədii nöqsanlara malik bu tamaşa Nizami dühasının
zəmanəmizə gəlib çatan bədii-fəlsəfi
nümunələrinin bəsit şəkildə təqdimatı
etibarilə yanlış təsəvvürlərə yol
aça bilər. Sonrası, Nizami
poeziyasının fəlsəfi siqləti, hikmətin və
şeirin vəhdətinin möcüzəsindəki
ucalığı teatral vasitələrin, həmçinin
üslub və formanın kasadlığı üzündən
təhrif olunmuş şəkildə təqdim edilməsi gənc
nəslin estetik qavrayışını zədələyə
bilər. Axı, tamaşaçı,
xüsusən yeni nəsil tamaşaçı böyük Azərbaycan
şairi Nizaminin poetik təfəkkür zirvəsinin
qürurunu yaşayır. Bu, bəşəriyyətə
belə bir dahini bəxş etmiş xalqın övladı
olmaq qürurudur. Odur ki, hansı sənətin
ifadə vasitələri ilə bədii-estetik müstəvidə
təqdim edilməsindən asılı olmayaraq, hər
dövrdə, hər nəslə Nizaminin poeziya günəşinin
şüası ilahi nemət qədər əziz olub, onlarda
şükranlıq duyğuları oyadır.
İsrafil İsrafilov
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə elmlər
doktoru, professor
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.10.