Böyük SABAHlı balacalarımız
Onlardan biri də Səbinə
Rzazadə - on altı yaşlı “Qran-pri”li qız...
İndilər çox
dəbdə olan, sağa da, sola da işlənən bir termin var:
“test”. Səbinə ilə söhbətimizin
siftəsində mən
də (jurnalistik bir “azar”la) onu
testliyə çəkdim.
Beş-on kəlmədən
sonra, söz sözü çəkdikcə,
bir ədəbi termini
də xatırladım:
“tipik”.
Hə, mən bu yeniyetmənin
simasında son dövrlər
çiçəklənməkdə olan istedadlı Azərbaycan gəncliyinin ümumiləşmiş tipini
gördüm...
Mən bu uşağı,
öz retro və neo-təcrübə “arsenal”ımca
nə qədər böyük suallar şumuna çəkdim, vara bildi. Bir soydaş-vətəndaş fəxarəti
hissləri keçirdim.
Hətta müsahibəmizin
“pik” çağında
bir az
mütəəssirliyə də
vardım. Əlbəəl
də ağlıma bir gəlmə gəldi və bunu məndən əlli iki yaş
kiçik müsahibimlə
də (bir az da özümü “bilməməzliyə”
qoyub) bölüşmək
qərarına gəldim.
Həmin
qənaət də bundan ibarət ki; belə uşaqlara
milli zəmanətlə
baxmaq, ümummilli məsuliyyətlə yanaşmaq
gərək. Yəni bir
vaxtlar Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov kimi fenomenlərin uşaqlıqlarına
sıradanbir baxmış
dövrlərin yanlış-yanaşmalarını
təkrarlamaq ehtimalından
çəkinməli. Axı biz bu nəhənglərin nəticə
məcmuları ilə
tanış olduqca və ya hər bir
sənət şedevrini
hər dəfə yenidən dinlədikcə,
onların “gidi dünya” axarında axıb getmiş şagird-tələbəlik, ilk gənclik çağları
haqda oxumaq, foto-kino lentlərinə baxmaq arzu-ehtiyacında bulunmuşuq. Deməli, indilər, onları
davam simptomlarına malik uşaqları elə qiymətləndirməli,
müasir mətbu-telekommunikasiya
vasitələri yaddaşına
o dərəcədə almalı
ki, sonralar - məşhuri-cahan çağlarında
oxucu-dinləyici-tamaşaçı xalq “görəsən, bu azman uşaqlıqda,
gənclikdə necə
olub” kimi suallar xəyalına, istixarələr “borcuna” düşməsin.
- Elə deyilmi, Səbinə?
- Elədir. Ancaq, bu təsdiqimin ardınca əlavə edim ki, sizin
arzu-istək kimi vurğuladığınız bu
qənaət artıq
reallıqdır. Məsələn,
Azərbaycanda bütün
sahələr üzrə
istedadlı, xüsusi
bacarıqlı uşaqlar
Prezident təqaüdü
alırlar, adları xüsusi albomlara salınır, mütəmadi
olaraq, beynəlxalq müsabiqələrə göndərilir,
ən qabiliyyətlilərinin
solo konsertləri təşkil
edilir və sair.
- Bir az da özündən danış.
Məsələn, bu nailiyyətlərə necə
nail olmusan?
- (Gülümsünüb
susur və anasına işarətlə)
Bax, mən anamı belə suallar “təhlükəsi”
baxımından özümlə
gətirmişəm. Bu
barədə özüm
yalnız bunu deyim ki, ən
çoxu anamın anasının hesabına.
Qalanını anam desin...
- Buyurun, İslamiyyə xanım.
- Hə, bu qızın həyat hədəfi, sənət mayakı, çalışma dinamikası
nənəsidir. Hələ beşinci
sinifdəykən qulağıma
pıçıldadı ki,
“ilk solo konsertimi ürəyimdə
nənəmə həsr
edəcəm”. Bunun səbəbləri
çoxdur. 2000-ci ildə
atası oğlan gözləyirdi, aprelin 1-də
Səbinə doğuldu
və ailəmizdə
çoxları atasını
möhkəm “1 aprel zarafatı”na tutdu. Nənəsi isə dedi: “Bu, 1 aprelin zarafatı yox, böyük baratıdı! Siz bir bu çağanın
gözlərindəki böyük
gələcəyə baxın!..”
- Hə, Səbinə, nənən
hansı gələcəkdən
danışırmış və səncə, o “gələcək” gəlməkdəmi?..
- Mən özüm haqda elə bir təvazösüzlük
proqnozu verə bilmərəm, amma deyim ki, nənəmin
“öncəgörülərindən” hələ ki yanlışı çıxmayıb.
Üç yaşımda ikən
evimizdəki fortepianoda
çalmağımı hamı
“dınqıltı” kimi
eşidirkən, nənəm
deyirmiş “mənim Şopenimə mane olmayın”.
- Fortepiano... Axı
deyirlər, indi XI sinfində oxuduğun Qara Qarayev adına Mərkəzi
İncəsənət Məktəbinə
ilk qədəmində bütün
musiqi alətlərinə
baxdıqdan sonra soruşublar ki, hansından xoşun gəlir, demisən sazdan...
- Elədir. Hələ deyim ki, mənim saz nankorluğumu faş edən daha bir “dosye”
var. Qoy bunu da anam desin.
- Buyursun.
- Səbinə
10 yaşında ikən
sanatoriyada istirahət
edən qohumumuza baş çəkməyə
getmişdik, həyətdə
ahıl yaşlı bir aşıq saz çalırdı, bu da üzümə
matdım-matdım baxıb
qayıtdı ki, ana, bu, tək
elə sazdı, ya bütöv bir orkestr?!.
- Səbinə,
növbəti sualım
yalnız özünlükdür
- sevgilərindən. Yox, diksinmə,
söhbət qədəm
qoyduğun sənət
sahəsində kimləri
daha çox sevdiyindən gedir.
- Bayaq adlarını çəkdiyiniz
doğmalarımızdan sonra
Şopen, Motsart, Bethoven.
- Bunlar hamısı yaradıcı.
Virtuoz ifaçılardan heç
bir ad çəkməməyin
hələlik yalnız
anana bildirdiyin bəstəkarlıq meylini
“faş” etmirmi?
- Bundansa daim böyük heyranlıqla yad etdiyim dirijorlarımızdan
Teymur Göyçayev,
Rauf Abdullayev, Fuad İbrahimov və çox geniş təlim-tədris
diapazonuna malik müəllimimiz Tatyana Ryabuxanın
adlarını qeyd etmək istərdim.
- Mənsə istərdim indiyədək
aldığın diplomlar
haqda da özün danışasan...
- Estoniyada keçirilən beynəlxalq
müsabiqədə diplom,
Polşa və Fransa müsabiqələrində
2-ci yer, Kanada, Monako və Rusiyada 1-ci yer, Sloveniyada “Qran-pri”.
- Bunlar hamısı “yer”, bəs rəylər, fikirlər, olmuş-olaylar?
- Yaxşı olardı ki, bunlar haqda da
anam...
- İslamiyyə
xanım, qızınızın
növbəti təvazö
zəhmətini də
çəkməli olacaqsız.
- Təbii ki, qısaca danışmalıyam. Narva
şəhərində keçirilən
beynəlxalq müsabiqədə
məşhur münsiflərdən
polyak Pavel Kamenski məni Səbinənin müəllimi
hesab edib təşəkkürünü bildirəndən sonra dedi ki, “Mən
Baxın ən gözəl əsərini
bu balaca gözəldən xüsusi
zövqlə dinlədim”.
Lipetskdə isə münsif Milşteyn dedi: “Mən başa düşə bilmirəm, bu balaca qafqazlı qızda bu nə
Avropa qulaqları?!.”
- Səbinə,
sən bunun da fərqindəsənmi ki, niyə bu
yazıda nənənə
bu qədər “qiyabi”, anana isə əyani yer ayırdıq? Yox, bu sualın cavabı da özümdədir; ölkəmizdəki
bütün istedadlı
uşaqların nənə-analarına
mətbu bir nümunəlik üçün.
Başqa
bir deyəcək sözün varmı?
- Var. Məni xüsusi təqaüdə
layiq görülən
gənc həmkarlarımla
bir sırada görməyə tələsən
anama siz də deyin ki,
ürəyini buz kimi saxlasın. Ölkəmizdə yaradıcı gəncliyə
verilən diqqət göstərir ki, zamanı gəldikcə, hər kəs öz qiymətini alacaq.
- Belədə
yeni-yeni uğurlar!
- Çox sağ olun.
Tahir Abbaslı
Mədəniyyət.- 2017.- 11 yanvar.-
S.12.