Almas İldırım
Bir haqq, ədalət,
azadlıq aşiqi ki,
dili də, könlü
də, qələmi də Vətən!..
Bu şairin poeziyası o çağlarda Azərbaycana qarşı yürüdülən mənhus siyasətə, milli aşağılamalara, mənəvi deqradasiyalara qarşı poetik-vulkanik bir hayqırış!..
Bu sənətkarın bir neçə şeirində çağlayan (daxilənsə ağlayan) sevgi, məhəbbət, eşq hisslərinin özləri də, böyük Füzuli eşqi kimi, fizio-biolojilikdən daha uca, daha ali...
Yurd, Vətən, İstiqlal aşiqliyindən müqəddəs duyğu yaşamamış bu soydaşımızın “gül-bülbül” misraları da sevgili Vətən qoxuyur, doğma məmləkət cəh-cəhləyir.
Məsələn;
Ağlama, ağlama, ey gözləri buludlu yar,
Barı uzaqdan olsa, qadanı ala bilsəm!..
Bir tərlan kimi qonsam o qartallı dağlara,
Bir ovçu vursa, düşsəm, sinəndə
qala bilsəm,
Qurbanın ola bilsəm!..
Ağlı kəsəndən gözünü
yumanadək bu şairin ən çox işlətdyi kəlmə - “Vətən”!..
110 il
əvvəl Bakıda
doğulub, 65 beş il öncə Elazığda...
Sözüm qırıldı. Həm ona görə
ki, bu şair
ölməz sənətkarlarımızdandır,
həm bundan yana ki,
onun ən böyük arzusu - Milli Müstəqilliyimiz onun 84 yaşından bəri bərpa-bərqərardır.
Bu şanlı vətəndaş-soydaşımız
ulu Vətəninin yenidən istiqlala qovuşacağına ərəfə
nəsillərindən də
möhkəm əmin-arxayın
olub və hətta poetik bir “kompliment” də söyləyib:
Qafqaz; o yaşıl yurd,
o məhəbbət vətənimdir.
Qafqaz; onu mən görmədən
ölsəm, ona dair;
Qəbrimdə
yazılsın iki misra, bu kitaba:
“Aşiqdir gözəl yurduna qürbətdə də şair,
Xəyyam necə aşiq idisə gül rəngli şəraba...”
Bəs bu gözəl
şairin, son dərəcə
milli heysiyyətli, fitrətən ayıq-aydın
ziyalının özünə
kimlər, nələr
“aşiq”miş? Təmiz
qəlbdən xali -
Təqibçi-təzyiqçilər...
1907-ci il martın 25-də Bakının Qala kəndində doğulmuş
bu əsilzadə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra totalitar rejimin cəza hədəfinə çevrilir.
Gün gəlir ki, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən
də xaric edilir. 1926-cı ildə çap etdirdiyi “Dün - bugün” məcmuəsində
və sonrakı şeirlərindəki millətçi
görüşlərinə görə Dağıstana
(1928) sürgün edilir.
İki il
sonra Bakıya qayıdıb nəşr etdirdiyi “Dağlar səslənərkən” şeirlər
məcmuəsi onun Azərbaycan Yazıçılar
İttifaqından qovulmasına,
Türkmənistana sürgün
edilməsinə səbəb
olur. Onu orada da rahat buraxmırlar. Türkmənistanda qalmağın təhlükəli
olduğunu hiss edən
şair 1933-cü ilin
iyununda, yenicə evləndiyi Zivər xanımı və üçaylıq körpəsi
Azəri də götürüb İrana
gedən qaçaqçı
bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və
gömrük məmurlarının
gözünə görünməməkçün
çətin cığırlar,
sıldırım qayalar
ötən ailə böyük məşəqqətlərdən
sonra İran torpağına çatır
və... Almas
İldırım dərhal
həbs olunur. 25 gün dustaq
saxlanan şair bolşevik casusu hesab edilərək işgəncələrə məruz
qalır. Bu işgəncələr səhhətində
dərin izlər qoyur; o, böyrək xəstəliyinə mübtəla
olur. Nəhayət,
azad edilib Məşhəd şəhərinə
göndərilsə də,
burada iş tapa bilməyən incə qəlbli insan çox yoxsul, acınacaqlı günlər yaşayır.
İranda qala bilməyib,
Türkiyəyə gedir,
1934-cü ildə Türkiyə
vətəndaşlığına qəbul edilir və orada katiblik,
kargüzarlıq işlərində
çalışır, ibtidai
məktəbdə dərs
deyir.
Olmazın məşəqqətlərə
baxmayaraq, bütün
imkan-mümkün macallarını
bədii yaradıcılığa
sərf edən şair 1952-ci ilin 14 yanvarında vəfat edir. Böyük azadlıq şairindən
gözəl şeirlərlə
yanaşı, Azər,
Araz, Orxan və Bakıxan adlı dörd oğul da qalır.
Bütün doğulanlar gedir, o şeirlərsə -
Qaldıqca qalası...
Vətən həsrəti, qəriblik hüznü Almas
İldırımın demək
olar, bütün əsərlərinin aparıcı
ahəngidir. Türkiyə həyatı - qəzetlərdə,
jurnallarda, məcmuələrdə
çap etdirdiyi milli şeirləri onu milliyətçi və istiqlalçı bir şair kimi
tanıtdı. Özü də
o şeirlər ruhuna,
məsləkinə uyğun
bir adla - “Boğulmayan səs” adı altında çap olundu. Sonralar nəşr edilən kitabının adı - “Azərbaycan mahnıları” da Almas İldırımın
müqəddəs vətən
həsrəti rübabından
soraq verir...
Azərbaycan mühacirət poeziyasının
qüdrətli simalarından
biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi mənalanan
Almas İldırım
özünəməxsus, bənzərsiz
poetik fərdiyyəti,
üslub tərzi ilə diqqəti çəkməkdədir. Bu ədibin tək elə qələm aləmi yox, bioqrafiyası da heç kiminkinə bənzəmir. Qürbət - heç bir həmkarının əsərlərində
onun şeirlərindəki
qədər ağır
iztiraba çevrilməyib.
Özü də bu, tək elə yaşadığı taleyin
keşməkeşlik-mürəkkəbliklərindən
deyil, doğal yaradıcılıq ruhundan,
fərd mahiyyətindən
də qaynaqlanıb.
Poeziyası “vətəndə yazılan
şeirlər”, “sürgün
şeirləri” və
“qürbət şeirləri”
kimi səciyyələndirilən
ədibin əksər
şeirləri (“O mənimdir
əzəldən”, “Arazla
dərdləşmə”, “Qafqaz
dağlarına”, “Birləşən
iki nəhir”, “A dağlar”, “Neçin şair doğuldum”, “Əlvida, Bakı!..” və s.) Vətən təbiətinin vəsfilə
bahəm, milli-ictimai dərd-ələmlərin inikası
kimi də səslənirdi. Mühacirətdə
yaşadığı ölkənin
mətbuatında çap
olunmuş bəzi şeirləri (“Türküm”,
“Qürbətdə”, “Bir
səs gəlir uzaqdan”, “Əsir Azərbaycanım”, “Qaf dağına türkülər»,
“Gölçüklə dərdləşmə”,
“Ölməkmi, yaşamaqmı”,
“Qürbət məktubları”,
“Qızıl kölələr
dünyasına”, “Bir gün gələcək” və s.) onun
Türkiyə siyasi dairələri izləniminə
də səbəb olub.
Nerdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə
“layla balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy!
Neçə bir yıl həsrətinlə yanam oy!..
Bu misralardan sonra mən də, şairin bu hiss-həyəcan nidalarına istinadən, bir “oy!”luq mətləbə toxunum. Belə ki, bizim milli ədəbiyyatımızda Azərbaycan adına saysız şeirlər yazılsa da, onlardan heç biri Almas İldırımın “Əsir Azərbaycanım”ı qədər ruhi-varlığa işləyəni, duyğuları bu sayaq ehtizaza gətirəni yox...
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neyləm qürbət eldə günü mən,
Sənsiz neyləm
Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım, oy!
Oyanmazmı kor olası baxtım, oy?!.
Hələ bu incə qəlbin
qılınc qəzəbinə
baxın (!):
Yox, mən ölmək istəməm,
görmədən
doğma yurdu,
Mən orda ağlamışam,
mən
orda güləcəyəm.
Böylə qoy sevinməsin
Kremlin vəhşi
qurdu,
Mən tufanla doğmuşam,
tufanla
öləcəyəm!..
Bu misralardan sonra isə, elə həmin ifadələrə istinadən,
təbii və ağrılı bir sual: hansı “doğma yurdu görmədən”? Yox, bu sualı da
- Vətənin azadlığını
yaradıcılığının başlıca məzmununa çevirmiş, hər bir millətin xilasını onun azadlıq-istiqlaliyyətində görən şairin “Qara dastan”ındakı alov püskürtülərilə
cavablandıraq:
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş.
Ağla şair, ağla, yurdun dağılmış,
Harda qopuz, harda qırıq
kaman, hey!
Qoca türkün düşdüyü
dərd yaman, hey!..
Hə, “Mən tufanla doğmuşam, tufanla öləcəyəm”...
Allah rəhmət eləsin...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 13
yanvar.- S.12.