Unudulmayanlar” - xatirəsi sənətdə yaşayanlar

 

 

 

   Muzey Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının anım tədbiri

  

   Yanvarın 17-də Muzey Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuşUnudulmayanlar” adlı tədbir keçirildi. Anım tədbiri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdi.

  

   Mərkəzin akt zalında tanınmış rəssamlar R.Muradovun “Faciələrimiz”, “Qara Yanvar”, R.Heydərzadənin “Şəhidlər”, N.Zeynalovun “Qaçqın qadın” və digər əsərlər sərgilənirdi. 20 Yanvar faciəsini əks etdirən video-çarx nümayiş olundu.

   Tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış edərək 20 Yanvar faciəsi şəhidlərinin rəssamlıq əsərlərində təcəssümündən danışdı. Qeyd etdi ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir. O faciəli gündə şəhid olan soydaşlarımızın mübarizliyi sənət əsərlərində yaşayır. Onların qəhrəmanlığı bugünkü gəncliyimizə tablolarda çatdırılır. Bizim üçün o illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Vurğulandı ki, faciənin ertəsi gün ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti ittiham edən bəyanatla çıxış etdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.

   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək bildirdi ki, 20 Yanvar hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Xalqın azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar sənət əsərlərində, rəssamlarımızın tablolarında yaşayır.

   Tədbirdə daha sonra Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi araşdırma və maarifləndirmə şöbəsinin müdiri Nərgiz Əsgərova və başqaları çıxış edərək keçmiş sovet imperiyasının xalqımızın başına gətirdiyi faciələrdən söz açdılar. Qeyd etdilər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəlbində közərən azadlıq odunu söndürə bilmədi, əksinə, daha da gücləndirdi. Şəhidlərin qəhrəmanlığı isə bəstəkarlarımızın musiqisində, şairlərin şeirlərində və rəssamlarımızın əsərlərində əbədiləşdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.3.