Filarmoniyada növbəti muğam axşamı

 

 

   Yanvarın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi olanMuğam gecəsi” adlı bədii-musiqili gecə təqdim edildi.

   Bu dəfə gecənin mövzusu XIX əsr Azərbaycan şairimaarifçisi, zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi idi.

   Şairin əməkdar artistlər Sabir Məmmədov və Şəhla Əliqızının ifasında səslənən poetik nümunələri qədim muğamlarımızla həmahəng təşkil edərək gecənin ruhuna özəl bir əhval qatdı.

   Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının müşayiəti ilə səhnəyə çıxan tanınmış xanəndələr - Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Elnarə Abdullayeva, televiziya muğam müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Aytən Məhərrəmova, Kamilə Nəbiyeva, Abgül Mirzəyev və digərlərinin çıxışları muğamatın sonsuz sənət dəryası olduğunu bir daha təsdiq etdi.

   Xalq və bəstəkar mahnıları, muğam və təsniflərimizin səsləndirildiyi gecəyə “Çahargahla yekun vuruldu. Aqil Məlikov, Elnarə Abdullayeva və Əməkdar müəllim Qəzənfər Abbasov üçlüyünün ifasında səslənən dəsgah “Muğam gecəsi”nin kulminasiya nöqtəsi idi. Tədbir tamaşaçıların sürəkli alqış sədaları ilə yekunlaşdı.

  

   Lalə Azəri

 

 

Mədəniyyət.- 2017.- 18 yanvar.- S.5.