“60 yaşında Məcnun, 55
yaşında Leyli ola bilməz”
Azərbayan
Dövlət Akademik Opera və Balet Teatrının direktoru
Akif Məlikovla müsahibə
Teatr mühitində
qalmaqallar tez-tez olur. Yaradıcı, iddialı insanlar bir dam
altında çalışırsa, bu söz-söhbətlərdən
qaçmaq mümkün deyil. Və bu, 50 il
əvvəl də belə idi, 100 il bundan sonra da belə olacaq.
Dünya teatr tarixi, dünya niyə, elə bizim
teatr tarixi hansı əlbəyaxa davaların, düşmənçiliklərin
şahidi olmayıb? Teatrdan küsüb gedən,
qəzəbini uda bilməyib aktyor yoldaşının vida mərasiminə
qatılmayan o qədər sənətkar sayaram. Məsələn,
60-cı illərdə Opera və Balet Teatrının
qapıçısı Fatma Muxtarovanı tanımayıb deyə,
vaxtilə teatrın siması olan bu böyük sənətkar
küsüb və and içib: mənim burdan ancaq tabutum
keçəcək. Belə də olub...
Bizə şükür,
tutalım, bir neçə il əvvəl
Rusiyanın ən böyük teatrında sıravi aktyorlardan
biri truppa müdirinin üzünə “kislota”
atmışdı. Təsəvvür edirsinizmi?
Sözümü
Opera və Balet Teatrına gətirmək istəyirəm.
Mən bu teatrın kulis məsələlərinin,
mətbəx narazılıqlarının mətbuata
çıxmasının şahidi olmamışam. Ta son
söz-söhbətlərə qədər. On il
əvvəl olubsa da, xatırlamıram. Çox eşitmişəm
ki, bunun bircə səbəbi var: 1987-ci ildən teatra rəhbərlik
edən Akif Məlikovun sərt idarəçiliyi! Özü
də etiraf edir: yaradıcı təşkilat olsa da, səviyyəni
saxlamaq üçün teatrda “tam hərbiləşmiş
şəraiti” qorumaq lazımdır.
Bir də Opera və
Balet Teatrı mətbuatın gündəminə bəstəkar
Arif Məlikovun müsahibəsindən, xalq artistləri Mədinə
Əliyeva və Nəzakət Teymurovanın işdən getməsindən
sonra gəldi. Teatrın direktorundan
soruşası çox şey var idi.
- Bizim sizə çoxlu
suallarımız var, müsahibəyə razılıq verməyinizi
xahiş edirəm...
- Mən sizin bütün
suallarınıza cavab verməyə hazıram....
Və insafən, cavab verdi də!
Müsahibənin bu
qədər geniş alınmasının bir səbəbi mənim
suallarımın çoxluğudursa, bundan daha
artığı Akif Məlikovun ürəyinin dolu
olmasıdır. Məncə, bu
yaxşı əlamətdir. Əsas odur, ürək dolu
olsun...
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının rəhbəri APA-ya
danışır...
- Akif müəllim, ötən həftə
olan narazılıqları nəzərə almasaq, Opera və
Balet Teatrının ətrafında yaranan qalmaqallı məsələləri
xatırlamıram. Əvvəlcə, soruşmaq istəyirəm:
teatrda işləriniz necədir? Hansı
uğurlar, nə kimi qayğı və
narahatlıqlarınız var?
- Hər bir ölkədə ən
qabaqcıl mədəniyyət ocağı Opera və Balet
Teatrıdır. Bu, bir növ həmin ölkənin
mədəni barometri hesab olunur. Tutalım,
İtaliya mədəniyyətindən danışanda birinci
növbədə La Skala Teatrı götürülür,
Fransada Qrand Opera var, amerikalılar Metropolitenlə fəxr edirlər.
- Ruslarda “Bolşoy Teatr”,
Sankt-Peterburq Mariinski Teatrı və s.
- Bəli. Azərbaycanın
da ən qabaqcıl mədəniyyət ocağı bizim Opera
və Balet Teatrıdır. Tanınmış,
nüfuzlu sənətkarlar hər zaman Opera və Balet
Teatrında çalışıblar. Bu
gün bizim teatrın 500 nəfərdən çox əməkdaşı
var. Bir neçə kollektiv fəaliyyət göstərir.
Böyük simfonik orkestr, solist qrupu, muğam
sektoru, balet qrupu, xor kollektivi, inzibati işçilər və
s. Amma müqayisə üçün deyim ki, məsələn,
sizin adını çəkdiyiniz “Bolşoy Teatr”da 7 min əməkdaş
çalışır. Təsəvvür
edirsinizmi? Onların yalnız balet
truppası 350 nəfərdir. Hər bir mədəniyyət
ocağının uğur kriteriyası var:
tamaşaçı. Tamaşaçı bilet
alıb gəlirsə, demək, teatr uğurla işləyir.
Nə qədər desələr, bizim teatr
uğurla işləyir, amma tamaşaçı gəlmir, o
mifdir. Bu mənada deyim ki, uzun illərdir
Opera və Balet Teatrı dövlətin bütün
planlarını yüz faizlə yerinə yetirir. Bizim tamaşalara axınla gəlirlər. Tamaşaçılarımızın böyük əksəriyyəti
xaricilərdir. Yəni səfirlər,
diplomatik korpusun nümayəndələri, xarici təşkilatlar
və s. Tamaşaçının teatra gəlməsi
üçün səhnə əsərlərinin yüksək
səviyyəsi olmalıdır.
- Xüsusən,
tamaşaçılar xaricilərdirsə, onları aldatmaq
mümkün deyil...
- Əlbəttə.
Onlar dünyanı gəziblər, ən böyük teatrlarda
olublar. Biz həmin
tamaşaçını necə aldada bilərik? Xatırlayırsınızsa, ABŞ-ın sabiq səfiri
var idi, Enn Dörsi, o, bizim teatrın daimi
tamaşaçısı idi. Xanım
Dörsi Avstriyada da səfir olub. Deyirdi,
inanmazdım ki, Azərbaycanda Vyana Opera Teatrı səviyyəsində
teatr var. İtaliyanın ölkəmizdəki səfiri Heydər
Əliyevlə görüşəndə demişdi ki, Opera və
Balet Teatrının səviyyəsinə valehəm. Teatrın rəhbəri kimi hər zaman səviyyəni
qoruyub-saxlamağa çalışmışam.
Mən rəhbər təyin olunanda məlum oldu ki, 17 il ərzində teatra bir nəfər də olsun qastrolçu dəvət olunmayıb. Özləri çıxış ediblər, oxuyublar-oynayıblar. Ən məşhur ulduzları dəvət elədim. Məsələn, Yelena Obrasovanı, Maya Plisetskayanı ilk dəfə Azərbaycana mən dəvət etmişəm. Onların gəlişi bizim gənclər üçün master klass idi. Buna baxmayaraq, mədəniyyət işçiləri, artistlər belə düşünürlər ki, onlardan istedadlısı yoxdur. Bu problem bizdə var.
- Bu bütün teatrlarda, daha doğrusu, ümumən sənətdə var. Yaradıcı insan iddialı olur...
- Mən heç vaxt istəməmişəm ki, bu cür adamların qəlbinə dəyim. Bir də görürsən, balacaboy, şişman aktrisadır, amma səsi var. O, özünə uyğun rolda çıxış etməlidir. Amma iddia edir ki, mən Aidanı, Toskanı oxumalıyam. Çalışıram, izah edəm ki, biz dövlət təşkilatında çalışırıq və tamaşanın səviyyəsini qorumaq borcumuzdur. Bundan başqa rəhbər bəzi məsələlərdə sərt olmalıdır, qorxmamalıdır ki, hansısa ifaçı qəzetə qaçacaq, nə isə danışacaq.
- Teatr mühitində təxminən belə bir fikir var: Opera və Balet Teatrından söz-söhbətlər ona görə kənara çıxmır ki, əməkdaşlar Akif Məlikovdan qorxurlar...
- Bilirsiniz, mən sərt olmasaydım, burda çox böyük qalmaqallar ola bilərdi. Bura yaradıcı təşkilatdır, amma həmişə deyirəm ki, gərək tam hərbiləşmiş şərait olsun. Bu, mənim xəttimdir. Teatr mühiti çox çətindir. Özü də burda qısqanclıq var. Bəziləri özlərini elə aparırlar ki, yəni biz nə deyirik, elə də olmalıdır.
Ad çəkmirəm, məşhur
bir xalq artistimiz burda heç kimi saymırdı. Onu dəvət
etdim ki, mən, siz, teatrın xadiməsi, hamımız eyni səviyyəli
adamlarıq. Amma xalq artisti adı sizə
imkan vermir kiminsə haqqında nalayiq söhbətlər edəsiniz.
Sözlə yola gəlməyəndə, gərək
teatrdan uzaqlaşdırasan. Onda da aləm
qarışır bir-birinə. Deyir,
ağrıyan dişin müalicəsi yoxdursa, çəkib atmaq
lazımdır.
- Peşəkar ifaçılarla
bağlı qayğılarınız varmı?
- Təbii ki. Məsələn,
“Aida”, “Toska” kimi məşhur əsərlər var. Bəzi
tamaşaların baş ifaçıları bizdə yoxdur. Məcburam, ora ifaçı dəvət edim. “Toska”da Kavaradossimiz yoxdur. Belə
baxanda Toska obrazını yüksək səviyyədə
yarada bilən ifaçı yoxdur.
“Aida”da Afaq Abbasova çox yüksək
səviyyədə çıxış elədi. İndiyə qədər bu səviyyədə Aida
yox idi. Mən kənar
ifaçıları dəvət etməyə məcburam.
Özümüzdə olsa, bu qədər tez-tez
dəvət etmərəm.
- Yəqin ki, qastrola gələn
ifaçının qonorarı teatrın daxili imkanları hesabına
ödənilir.
- Bəli, tamamilə daxili imkanlar
hesabına.
- Sirr deyilsə, xaricdən gələn
ifaçıların qonorarı nə qədər olur?
- Dünyada heç bir professional
direktor kimə nə qədər qonorar verdiyini demir. Kimsə deyirsə, deməli, o professional deyil.
Sadəcə, onu deyə bilərəm ki, indi bir az çətindir. Çünki
hər şeyin qiyməti qalxıb. Yolpulu,
hotel qiymətləri bahadır, çətinliklərimiz olur.
Mənim qarşımda duran ən böyük vəzifə
Opera və Balet Teatrını elitar teatr səviyyəsində
saxlamaqdır. Mən musiqiçiyəm,
ona görə də hər şeyə özüm nəzarət
edirəm. Kollektiv böyükdür,
mürəkkəbdir.
Bunu demək bəlkə də düzgün deyil, amma biz səmimi söhbət edirik. Məndən əvvəl niyə kənardan ifaçılar dəvət etmirdilər? Çünki o gəlib oxuyanda bizim əməkdaşların xoşuna gəlmirdi. Yəni kənar ifaçı ifa edəndə səviyyə görsənirdi. Mən direktor təyin olunanda burda bir qrup yaranmışdı. Deyirdilər ki, gərək heç kim dəvət olunmasın, biz özümüz oxuyaq. Konservatoriyada çalışırdım, Ukrayna Konservatoriyasının rektoru gəlmişdi. Qonaqları Opera və Balet Teatrına apardım, “Toska”ya baxdılar. Çox utandım ki, bizim Opera və Balet Teatrımız bu səviyyədədir. Birinci hissədən sonra qonaqlar dedilər, aydındır, biz gedək.
- Nazir Səlim Müslümovu “O olmasın, bu olsun” tamaşasında görmüşdüm. Litvalı qonaqlara Üzeyir bəydən, Azərbaycan musiqisindən danışırdı. Bu haqda yazı da yazmışdım ki, dövlət məmurunun, nazirin teatra bilet alıb getməsi, Azərbaycan mədəniyyətini təbliğ etməsi gözəl mənzərədir. Ad çəkə bilərsinizmi başqa hansı məmurlar sizin teatrın tamaşaçısıdır?
- Nazirlər Kabinetindən, Prezident Administrasiyasından qonaqlarımız çox olur. Səlim Müslümov operanı sevən insandır, bizim tamaşaçımızdır. Maliyyə naziri Samir Şərifov, gənclər və idman naziri Azad Rəhimov, bizim nazirimiz Əbülfəs Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev daimi tamaşaçılarımızdır. Gələndə də tək gəlmirlər, xanımları ilə bir yerdə tamaşaya baxırlar. Bundan başqa, Fatma Abdullazadə ailəsi ilə bir yerdə tamaşalarımızda iştirak edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov xanımı ilə gəlir, tamaşalarımıza baxırlar. Baş nazirin müavini Elçin Əfəndiyev tez-tez tamaşalarımıza gəlir. Mən adını çəkdiyim şəxslərin hər birinə təşəkkür edirəm ki, tədbirlər olanda qonaqlarını bizim teatra gətirirlər.
- Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev APA-ya müsahibəsində demişdi ki, bizdə klassik baletin problemi ondandır ki, mentalitetdə buna başqa cür baxırlar. Bəzi valideynlər özlərinə sığışdırmır, övladı çılpaq çıxıb səhnədə oynasın. Siz balet sənətinin problemləri haqqında nə düşünürsünüz?
- Timuçin müəllimlə razıyam, tamamilə düz deyir. Bizim balet truppamızda çox istedadlı bir qız çalışırdı. Özü də azərbaycanlı idi. Biz ona imkan yaradırdıq ki, əsas partiyaları ifa etsin. Özü də tamaşaların yaraşığı idi. Bir də gəldi ki, gedirəm? Niyə, nəyə görə? Dedi ki, bəs ərə gedirəm. Əri də istəmir balerina kimi səhnəyə çıxsın.
- Ərə gedəndə bilmirdi kimə gedir?
- İndi seviblər də
bir-birini. Bax, belə problemlərimiz var. Ona görə də
bizim baletin əksər nümayəndələri başqa millətlərdən
olub. Vaxt var idi, burda bütün
partiyaları başqa millətlərin nümayəndələri
ifa edirdi. Bizim qarşımızda dayanan əsas
məsələlərdən biri o idi ki, azərbaycanlıları
cəlb edək.
Bu problemləri
yavaş-yavaş həll edirik. Məsələn,
Kamilla Hüseynova kimi balerinamız var. Yeganə balerinadır,
“Bolşoy Teatr”ın, Mariinski Teatrının səhnəsində
oynayıb. Kamilla Hüseynova bütün
tamaşalarımızın bəzəyi idi. İndi yaşı artıq 40-a çatıb. Heç bilmirəm, bu yaxınlarda beləsi olacaq, ya
yox.
- Xalq artisti Gülağası Mirzəyev
mənə bir problem haqqında danışmışdı.
Deyirdi ki, əvvəlki qanuna görə artistlər 15, solistlər
20 il işləyəndən sonra pensiyaya
çıxa bilərdilər. İndi isə vəziyyət
fərqlidir. Balet artistləri adi vətəndaş
kimi 65 yaşdan sonra pensiyaya çıxa bilər. Balet artisti 15-20 ildə bütün gücünü
xərcləyir. Onların adi vətəndaş
kimi pensiyaya çıxması nə dərəcədə
doğrudur?
- Gülağası
Mirzəyev hər şeyi düz deyir, bu problem doğrudan da
var. Bununla əlaqədar bizim Mədəniyyət və Turizm
Nazirliyi və Həmkarlar İttifaqı Təşkilatı təkliflərini
dövlətə çatdırıblar. Bu
məsələyə çox ciddi baxırlar. İnanıram ki, müsbət həllini tapacaq.
Çünki bizim nazir məsələ ilə
ciddi məşğuldur.
Təkliflərə
Nazirlər Kabinetində baxılır və məndə məlumat
var ki, problem həllini tapacaq. Əlbəttə, 65
yaşında balet artisti, balerina ola bilməz.
- Balet və opera artistlərinin
sosial problemlərinin həll olunmasında köməklik
göstərə bilirsiniz?
- Mədəniyyət
ocaqlarının içində ən çox fəxri adı
alanlar Opera və Balet Teatrının artistləridir. Demək olar, qabaqcıl solistlərin hamısı
ayda 500 manat prezident mükafatı alırlar. Bundan başqa, bəzi qabaqcıl solistlərimiz
dövlətdən mənzil alıblar. Mən
bunu başqa ölkələrdəki həmkarlarımıza
deyəndə, təəccüblənirlər ki, nə
gözəl, bizim ölkəmizdə bu məsələ
problemdir.
- Teatrın təmiri ilə
bağlı məsələ çoxdan müzakirə olunur. Yenilik var?
- Teatr sonuncu dəfə 1987-ci ildə
təmir olunub. Artıq 30 ildir. Layihə hazırlanıb. Təmirdən
sonra bizim çox gözəl Opera və Balet Teatrımız
olacaq. Həmin layihə həyata keçsə,
Avropanın ən gözəl teatrı olacaq. Sadəcə, layihəyə bəzi dəyişikliklər
etdik ki, çox baha olmasın. İndi iş
aparılır. Biz onu hazırlayanda dünyada və
Azərbaycanda belə maliyyə sıxıntıları yox
idi. Ona görə də bəzi məsələləri
sadələşdirdik.
- Bakı Xoreoqrafiya
Akademiyası ilə münasibətləriniz necədir?
- Xoreoqrafiya
Akademiyası ilə əlaqələrimiz hər zaman sıx
olub. Timuçin müəllim rəhbər
təyin olunandan sonra əlaqələrimiz daha da
sıxlaşıb. Ənənəvi
olaraq, teatrın bədii rəhbəri Xareoqrafiya
Akademiyasında da bədii rəhbər olub. İndi Kamilla Hüseynova hər iki müəssisədə
bədii rəhbərdir. Bu, bizim işimizə
yarayır. Çünki istedadlı gəncləri
onlar teatra cəlb edirlər.
- Akif müəllim, Nəzakət
Teymurova teatrdan niyə getdi?
- Nəzakət
Teymurovaya bizim çox böyük hörmətimiz var.
Çox ağıllı bir xanımdır, heç vaxt
söz-söhbətə qarışmayıb, qeybətlə
arası olmayıb. Nəzakət Teymurova hər şeyə
Opera Teatrında nail olub. Özü də deyim
ki, Leyli partiyasını hər zaman uğurla ifa edib. Nəzakət xanım ağıllı insandır.
Qadının yaşını deməzlər,
amma biz professional sənət söhbəti edirik. Bilir ki, yaş əlliyə çatır, bu
yaşda da Leyli olmaz. Nəzakət
xanım dərs deyir, yükü çoxdur. Mənə
müraciət etdi ki, hər şeyə görə çox
sağ olun, amma vaxt çatıb, gedirəm. Bəzi
artistlər var, vaxtın çatdığını hiss edirlər.
Bəziləri də
olur, üzrlü sayın, istəyirlər, bunları elə səhnədən
aparsınlar. 60 yaşında Məcnun, 55 yaşında
Leyli ola bilməz axı! Bəlkə də
ola bilər, amma sənin
görünüşün buna imkan verməlidir.
- Məsələn, Mənsum
İbrahimovun yaşı 60-a çatır, amma yaxşı
qalıb...
- Bəli, həm yaxşı
qalıb, həm də yaxşı ifa edir. Ona
qulaq asanlar fikirləşmir ki, qocalıb, belə Məcnun
olmaz.
- Xalq artisti Mədinə Əliyeva
Kamilla Hüseynovanın bədii rəhbər təyin
olunmasına etiraz olaraq işdən gedib. Bildiyim qədər,
siz ona qalıb işləməyi təklif etmisiniz...
- Bəli, etmişəm. Vaxt var idi, Mədinə xanım balet qrupunda yeganə azərbaycanlı solist idi. Və mən ona hər zaman dəstək vermişəm. Onu bədii rəhbər təyin etdim, deyirdi, məndən başqa gərək heç kim oynamasın. Başqaları da mənim üstümə qalxmışdılar ki, necə yəni, biz oynamayaq? Mən irad bildirəndə ərizə yazdı ki, bədii rəhbər işləməyəcəyəm. Mədinə xanım Xoreoqrafiya Akademiyasında da bədii rəhbər idi. Qısa müddət işlədi, çıxdı. Bayram günündə tamaşa olub, uşaqlar Mədinə xanımı çağırıblar işə, deyib, bayram günü məni niyə narahat edirsiniz? Necə yəni, lazımsınız, ona görə çağırıblar. Özü də kiminsə maaşını hesablamaq kimi çıxmasın, 1300 manat prezident təqaüdü alır, 1250 manat da teatrdan maaş alırdı. Biz Kamilla Hüseynovanı bədii rəhbər təyin etdik. Sizə deyim, Kamilla xanımın bütün fəxri adları var, təqaüd alır, üstəgəl, elmlər namizədidir. Balet truppasının Kamillaya münasibəti çox yüksəkdir, Xoreoqrafiya Akademiyasında da başına and içirlər. Mənə zəng vurdular ki, Mədinə Əliyeva mətbuata 15 nəfərin işdən getdiyini deyib. İnanın mənə, işdən gedənlərin hər biri öz ərizəsi ilə gedib və mənə təşəkkür ediblər ki, çox sağ olun.
Məsələn, Skomoroşenko Yelena və Dmitriy Tarusov ər-arvad idi, Moskvaya köçdülər. Angelina Podolskaya ABŞ-a köçüb, Veronika Arazova Moskvaya köçüb, baletlə məşğul olmur. Olqa İlyinix ailə vəziyyəti ilə bağlı Türkiyəyə gedib, İntiqam Məmmədov Gürcüstanda çalışır və s. Mən bu siyahını uzada bilərəm. Bizim hüquqşünasımız deyir, Mədinə xanımı məhkəməyə verək, çünki böhtan atıb bizə.
- Opera və Balet Teatrında 1250 manat
maaş olduğunu bilmirdim...
- Deyim sizə. Rəhmətlik Heydər
Əliyev ən prioritet kollektivləri saxlamaq üçün
maaşları beş dəfə
qaldırmışdı. O cümlədən də balet
artistlərinin.
- Arif Məlikov sizi ittiham edib ki, onun “Məhəbbət əfsanəsi” baletini tamaşaya hazırlamırsınız. Bu haqda nə demək istərdiniz?
- Arif Məlikova həmişə böyük hörmətim olub. Mən Konservatoriyada işləyəndə ona hər zaman böyük kimi baxmışam. O vaxt bəzi bəstəkarlar məsələ qaldırmışdılar ki, Opera və Balet Teatrının səviyyəsini qaldırmaq üçün gərək Akif Məlikov oranın direktoru olsun. Məsələn, Fikrət Əmirov belə deyirdi. Mən də söz vermişdim, Arif müəllim, əgər teatrın direktoru olsam, sizin əsərinizi tamaşaya qoyacağam. Mənim əmrim verilən kimi sözümün üstündə durdum. Arif müəllimi dəvət etdik ki, sizin əsərinizi tamaşaya qoymaq istəyirik, amma truppada cəmi 60 nəfər var, mümkündürsə, əsərdə bəzi ixtisarlar aparaq. Məsələn, “Bolşoy Teatr”da, Mariinski Teatrında səhnənin hər tərəfindən 16 nəfər çıxır. Bu, bizim imkanımız xaricindədir. Arif müəllim razılaşmadı ki, siz məni təhqir edirsiniz.
İki gündən sonra bütün qəzetlərdə mənə qarşı, teatra qarşı yazılar yazıldı ki, teatrın səviyyəsi yoxdur. Biz Arif müəllimin ittihamlarına rəsmi olaraq cavab vermişik. Yəni nə qədər ki, o, mövqeyində qalır, “Məhəbbət əfsanəsi” baletinin səhnəyə qoyulması mümkün olmayacaq.
- Akif müəllim, bildiyim qədər Xəyyam Mirzəzadənin də “Ağ və qaralar” baleti repertuarda yoxdur...
- Mənim təşəbbüsümlə Xəyyam müəllimin baleti tamaşaya qoyuldu. Çox yaxşı da premyerası keçirildi. Klassik şedevrlər istisna olunmaqla, bir əsər daimi olaraq repertuarda qala bilməz. Dəyişiklik olmalıdır, repertuara yeni əsərlər daxil edilməlidir. Ola bilər, bir müddət sonra biz yenidən “Ağ və qaralar” baletinə müraciət etdik.
- Yeni balet və opera əsərləri yazılırmı?
- Bizə müraciət
edən bəstəkarlar olur. Sizə səmimi deyim, səviyyə
o deyil ki, tamaşaya hazırlayaq. Ramiz Mustafayevin “Vaqif”
operasını bərpa etdik. Bundan başqa, Firəngiz
Əlizadənin “İntizar” operası repertuardadır. Açığı,
indi opera və balet yazanlar da o qədər çox deyil. Bir tərəfdən
də Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət
Əmirovlar indi yoxdur. Bu, obyektiv
reallıqdır. Heç dünyada da
Çaykovski, Verdi, Puççini yoxdur. Bizim hörmətli bəstəkarlarımız opera
və balet yazıblar, onları tamaşaya qoymuşuq. Amma o əsərlərə tamaşaçı tələbatı
olmayıb.
- Yəni bilet satılmır...
- Tamaşaçı gəlmir. Və mən bilirəm ki, bunun səbəbi nədir.
Bu yaxınlarda bir neçə cavan bəstəkarın
musiqisinə baxdıq. Çox zəifdir.
Ona görə də onları tamaşaya
hazırlaya bilmərik.
Cavid Zeynallı
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.6-7.