Qusarda Şahdağ
Regional Turizm Peşə
Məktəbi yaradılır
Ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan olunan turizm sənayesinin inkişafı bu sahədə yüksəkixtisaslı ali və peşə təhsilinin lazımi səviyyədə qurulmasından çox asılıdır. Təsadüfi deyil ki, dövlətin turizm siyasətində təhsilə xüsusi yer verilir.
Bu məsələ ölkə Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında da əksini tapıb. Nazirlər Kabinetinin 9 sentyabr 2016-cı il tarixli müvafiq qərarında da turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən dövlətə məxsus “Zirvə” hotelinin bazasında Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir.
Bu
məqsədlə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin
23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ
Regional Turizm Peşə
Məktəbi ilə bağlı komissiya
yaradılıb. Komissiyanın ilk iclası 9 yanvarda Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. Komissiyanın üzvləri 10 yanvarda “Şahdağ” Turizm Mərkəzinə səfər
edib, qurumun idarə heyəti ilə görüşüblər.
Səfər zamanı mövcud
infrastrukturla tanışlıqla
yanaşı, zəruri
kadr potensialının
formalaşdırılması məsələləri hərtərəfli
araşdırılıb.
Azərbaycan Turizm
və Menecment Universitetinin
nəzdində Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulunun
2017/2018-ci tədris ilində aparılması nəzərdə
tutulur. Qəbulun mehmanxana
qeydiyyatçısı, ofisiant-barmen,
dağ-xizək turizm növü
üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı
və təmizlik departamentinin işçisi ixtisasları üzrə
keçirilməsi planlaşdırılır.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.9.