“Atam haqqında bir yazı yazsam...”
Əlfi Qasımov - 90
Yazıçılar
da bütün insanlar kimidir: günləri, ayları, illəri var. Tanrı onlar üçün də bir ömür
yazır. Amma onların başqalarından
fərqli cəhəti
var - sözlə duyğuların, hislərin
abidəsini yaradırlar.
Bu abidə-əsərlər
illər ötdükcə
- onu yaradanın özü həyatda olmasa da - oxunur
və yaşayır.
Yazıçı, publisist, tərcüməçi
Əlfi Qasımovun da (1927-1985) qələmə
aldıqları elə
həyatın özüdür.
Bəlkə də onun əsərlərini oxucuya
doğma və yaxın edən də budur. Bu il yazıçının
anadan olmasının
90 illiyidir.
Ömrün səhifələri
Əlfi Qasımov 5 yanvar
1927-ci ildə Ağdam
rayonunun Poladlı kəndində anadan olmuşdur. 1946-cı ildə
Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) Jurnalistika fakültəsinə
daxil olmuş, 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi"
qəzetində xüsusi
müxbir, şöbə
müdiri və redaktor müavini vəzifələrində işləmişdir.
Sonra "Ədəbiyyat
və incəsənət"
qəzetində məsul
katib (1958-1966), Poliqrafiya,
Nəşriyyat və
Kitab Ticarəti İşləri Komitəsində
Nəşriyyatlar idarəsinin
rəisi, baş redaktor (1966-1983), 1983-cü ilin
fevralından ömrünün
axırınadək Azərbaycan
Dövlət Nəşriyyatında
bədii ədəbiyyat
redaksiyasının müdiri
işləmişdir.
Onun roman və povestləri
60-80-ci illərin ən
çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olmuşdur.
“Əriməzin ətəklərində”
adlı ilk oçerklər
kitabı 1954-cü ildə
çap olunan yazıçının “Könülsevər”,
“Qağayı fəryadı”,
“İnsan qaranquş deyil”, “Toy gecəsi” və s. əsərləri
rus, qırğız,
tacik, türkmən dillərində də işıq üzü görmüşdür. Əlfi
Qasımov 1985-ci il martın 12-də vəfat etmişdir.
Ə.Qasımovun əsərlərində yazıçılıqla jurnalistika
bir arada öz ifadəsini tapırdı. 58 il ömür yaşayan unudulmaz yazıçının xatirəsini
oğlu, tanınmış
telejurnalist, yazar, tərcüməçi İlqar
Əlfioğlu ilə
yad etdik.
İlqar müəllim atası haqqında danışmağa
çətinlik çəkdiyini
deyir: “Qəribəlik
də budur. Çünki onun haqqında
o qədər fikirlər
söylənilib ki, mən də istər-istəməz məhz
bu baxışdan yanaşmalı oluram.
Atam haqqında bir yazı yazsam, bəlkə o zaman nəsə yeni bir fikir söyləyə
bilərəm”.
- Bu günə
kimi atanız haqqında yazmamağınızın
səbəbi nədir?
- Bəlkə də illərin qaç-qovu. 1985-ci ildə atam rəhmətə gedəndən sonra biz rahat ola bilmədik. Məncə, insan asudə olmayanda dərindən düşünə bilmir. Bəzən bizlər yaradıcı, istedadlı olan öz doğmamızı kütlənin dəyərləndirdiyi qədər duya bilmirik... Atam əsasən gecələr yazardı. Çox zaman yazdığı yazı masasının üzərində qalardı. Anam ədəbiyyat müəlliməsi idi. Hər səhər ilk olaraq atamın yeni əsərini oxuyardı. O elə bilirdi ki, hamı belədir. Bir dəfə anam nəğməkar şair İslam Səfərlinin həyat yoldaşı Anaxanım xaladan soruşdu ki, İslamın yazdıqlarını oxuyursan? Anaxanım xalanın cavabı belə oldu: “Ay Rəhilə, bəyəm mən özgə adamam. İslam camaat üçün yazır”. Bəlkə də bu səbəbdən illərlə atam haqqında deyilən fikirləri mən qəribə bir hislərlə qəbul etmişəm. İnsanın cəmiyyətdə tutduğu mövqe onun obrazını formalaşdırır. Ev mühiti isə tamam başqadır. Atamın xarakterindəki bir çox cəhətləri dostlarından öyrənmişəm. Azərbaycan kişisi bəzən evdə sirr deməz, elədiyi yaxşılıqdan danışmaz. Bu səbəbdən də onun xatirələrdə yaşayan mehriban obrazı bizim üçün əzizdir. Bir də tərbiyənin ən təsirlisi şəxsi nümunə ilə göstərilən tərbiyədir. Bu günə qədər də atamdan görüb-götürdüklərimiz bizə bəs edir. Hər zaman çalışmışam onun davranışına bənzər davranış göstərim.
- Əlfi Qasımovun əsərlərinə bu gün də maraq azalmayıb...
- Ədəbiyyat qəribə bir zövqdür. İnsanların ədəbi zövqləri də müxtəlifdir. Atamın yazdığı əsərlər kütləvidir, xalqın ədəbiyyatıdır. Onlar nə dövrün, nə də partiyanın sifarişi idi. Öz yaşadıqlarını qələmə alırdı. Salam Qədirzadə, Əlibala Hacızadə - bunlar kütlə üçün yazırdılar və o səbəbdən də sevilirdilər. Yəqin ki, yazdıqlarında əbədiyaşar dəyərlər, aktual mövzular var. Məsələn, “Adilənin taleyi” əsəri jurnalistikanın populyarlaşmasına səbəb oldu. Elsevər adı da həmin dövrdə doğulan uşaqlara verilirdi.
- Atanız sənədli nəsrin ən uğurlu yaradıcılarından biri kimi qiymətləndirilir...
- Famil Mehdi "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərkən Əlfi Qasımovu faktlarla bədii publisistikanın banisi kimi dəyərləndirib. Həqiqətən də, o dövrdə atamın oçerkləri bənzərsiz idi. Bu yazılarda real insan var idi. Bu nümunələrdə onun nəfəsini, tərzini hiss edirdin. Oxucu bu oçerklərin qəhrəmanlarını sevirdi. Bu gün həmin oçerklər də artıq bədii ədəbiyyatdır. Çünki müasir zamanda janr anlayışı itib. Həmin yazılara sənədli povest də demək olar. Sevil Qazıyeva haqqında ilk dəfə atam yazıb, daha sonra “Günəşin bacısı” əsəri yazıldı. O, getdiyi bütün yerlərdə rastlaşdığı obrazları özü üçün qeyd edərdi. Sonradan bu qəhrəmanları və xarakterləri yazdığı oçerklərdə görə bilirdik.
Onun əsərləri latın əlifbası ilə çap edilməyib. Bakı Kitab Evindən zəng vurub Əlfi Qasımovun əsərlərindən birini çap etmək istədiklərini bildirdilər. “Toy gecəsi” əsərini həmin nəşriyyat çap etdi. Hər şeyi dövlətdən ummaq da düzgün deyil. İlin sonuna qədər xatirə kitabını hazırlayacağam, əsərlərini də bacardığım qədər çap etdirəcəyəm. Bu mənim təkcə atamın qarşısında deyil, həm də xalqın qarşısında borcumdur. O yalnız mənim atam deyil, xalqın oğludur. Əsas məsələ yaddaşlarda yaşamaqdır. Sənətkarın qiymətini xalq verir. Ədəbiyyatın qiyməti tirajla ölçülmür.
- Ən unudulmaz xatirəniz...
- Gülüşünü unutmuram. Atamın gözləri və gülüşü danışırdı. Ürəkdən çox az gülərdi. Bir də sözün çəkisini mənə başa salan bir epizodu xatırlayıram. 7-ci sinifdə oxuyurdum. Atamda şəkər xəstəliyi yenicə aşkar olunmuşdu. Kimsə ona Moskvadan qara çörək gətirmişdi. Yemək yeyəndə mən də şirnikləndim, həmin çörəkdən bir tikə götürdüm və çörəyin dadı mənə xoş gəlmədi. Dedim ki, adam da belə çörəyi yeyər? Əlindəki çörəyi yerə qoyub diqqətlə mənə baxdı... O andan həyatımda sözləri düşünərək söyləməyi öyrəndim...
Lalə Azəri
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.15.