Orta əsrlər elmi-ədəbi fikrinin görkəmli tədqiqatçısı
Görkəmli tarixçi, ölkəmizdə mətnşünaslıq məktəbinin banisi, akademik, Əməkdar elm xadimi Əbdülkərim Əlizadə şərqşünaslıq elminin inkişafına mühüm töhfələr verib. Onun orta əsrlər elmi-ədəbi fikrinə dair sanballı araşdırmaları yeni nəsil tədqiqatçılar üçün qiymətli mənbələrdir.
Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakının Bilgəh kəndində dünyaya göz açıb. Uşaqlıq illəri Tehran şəhərində keçib. İbtidai təhsilini də bu şəhərdə alıb, fars və ərəb dillərini yaxşı öyrənib. Orta təhsilini Bakıda alan Əbdülkərim Sankt-Peterburq Şərqşünaslıq İnstitutunu bitirdikdən sonra Sankt-Peterburq Maddi-Mədəniyyət Tarixi Dövlət Akademiyasında aspiranturaya qəbul olunub. Gənc tədqiqatçı burada orta əsrə aid farsdilli məxəzlərlə tanış olur, Fəzlullah Rəşiddədin, Həmdullah Qəzvini, Şərəfəddin Əli Yəzdi kimi məşhur alimlərin əsərlərini araşdırır. Bir müddət Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dilindən dərs deyir.
Şərqşünaslıq İnstitutu tərəfindən F.Rəşidəddinin “Came ət-təvarix” (“Tarixlər toplusu”) adlı çoxcildlik ensiklopedik əsərinin elmi-tənqidi mətni hazırlanarkən mətnşünaslıq işləri Ə.Əlizadəyə həvalə edilir və o bu etimadı yüksək səviyyədə doğruldur.
Dahi Azərbaycan şair-mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıqla əlaqədar Ə.Əlizadə Azərbaycana dəvət olunur. Görkəmli şərqşünas Y.İ.Bertelslə birlikdə Bakıya gələn alim dahi şairin əsərlərinin elmi-tənqidi mətnlərini hazırlayan mətnşünaslar heyətinə başçılıq edir. 1948-ci ildə Nizami Gəncəvinin “İsgəndərnamə” əsərinin “Şərəfnamə” hissəsinin elmi-tənqidi mətninə görə Bertelslə birlikdə SSRİ Dövlət mükafatına layiq görülür. 1978-ci ildə Azərbaycanın tanınmış dövlət və din xadimi, dilşünas alim, tarixçi, şair Məhəmməd Naxçıvaninin “Dəstur əl-katib fi-təyin əl-məratib” (“Dərəcələri müəyyənləşdirməkdə katibin göstərişləri”) əsərinin elmi-tənqidi mətninə görə isə ona respublika Dövlət mükafatı verilir. Alim əsərin İstanbul, Leyden, Vyana, Paris kitabxanalarından və Britaniya muzeyində qorunan 6 nüsxəsində müqayisə apararaq tərtib edir. Elmi-tənqidi mətnin müqəddiməsində M.Naxçıvaninin həyatı və elmi yaradıcılığı, onun nəsli, həmin ailədən olan görkəmli elm və dövlət xadimləri, ailənin ana dilinin türk dili olması və s. barədə geniş məlumat verilir.
1954-cü ildə doktorluq dissertasiyası müdafiə edən Ə.Əlizadə bir il sonra Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir. Görkəmli şərqşünas İ.Petruşevski ilə birlikdə Azərbaycanda orta əsrlər tarixşünaslığının əsasını qoyur. 1956-cı ildə nəşr olunmuş “XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi” adlı sanballı monoqrafiyası və 60-dan artıq elmi məqaləsi Azərbaycanın və Şərq ölkələrinin orta əsrlər tarixinin öyrənilməsi baxımından dəyərli əsərlərdir.
Onlarla elmlər doktoru və namizədi yetişdirən tarixçi alim şərqşünasların Münxen, Moskva, Tehran, Ankara, Varşava və Təbrizdə keçirilən qurultaylarının iştirakçısı olub, Azərbaycan elmini layiqincə təmsil edib.
Professor Vaqif Piriyev araşdırmasında yazır ki, Ə.Əlizadə öz prinsipiallığı ilə seçilən tədqiqatçılardan olub. Tarixi saxtalaşdıranlara qarşı barışmaz mövqe tutan alim bədnam ermənilərin Azərbaycan torpaqlarına olan iddialarının elmi əsasa malik olmadığını göstərib. Erməni müəllifi L.O.Babayan 1969-cu ildə nəşr etdirdiyi əsərində əsassız olaraq XIII əsrdə Azərbaycanın Aran bölgəsinin əhalisinin ermənilərdən ibarət olduğunu irəli sürürdü. Guya 1276-cı ildə Arranda monqol hökmdarı Abaqa xana qarşı hərəkatın iştirakçıları erməni kəndlilərindən ibarət olub. Erməni “alim”in bu absurd iddiasını elmi dəlillərlə təkzib edən akademik Ə.Əlizadə üsyançıların başçısının “kəfənə bürünərək Abaqa xanın hüzuruna gəlməsi” faktını saxtakar “tarixçi”nin nəzərinə çatdıraraq soruşurdu: “Ermənilər nə vaxtdan ölülərini kəfənə bürüyüb basdırırlar?”
Sanballı tədqiqatları ilə Azərbaycan elmini zənginləşdirən Ə.Əlizadə 1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülür. O, 1958-ci ildə yaradılan Şərqşünaslıq İnstitutunun 1963-cü ilədək ilk direktoru olub.
Görləmli alim 3 dekabr 1979-cu ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.15.