“Beynəlxalq inkişaf naminə davamlı turizm ilinin açılışı keçirilib

 

   Madriddə keçirilən mərasimdə Azərbaycan nümayəndə heyəti iştirak edib

  

   İspaniyanın paytaxtı Madriddə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunmuş “Beynəlxalq inkişaf naminə davamlı turizm ilinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə ötən il BMT Baş Assambleyasının 70-ci sessiyasında qərar qəbul olunub.

   Xatırladaq ki, “Beynəlxalq davamlı turizm ili”ndə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir. Ölkəmiz ötən il oktyabrın 31-də qurumun Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən 104-cü sessiyasında İcraiyyə Şurasına sədr seçilib.

  

   Beş əsas istiqamətdə turizmin rolu təşviq ediləcək

  

   Madriddə dünyanın 65 ölkəsindən nazir və digər yüksək səviyyəli rəsmilərin qatıldığı mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı səfiri, BMT-nin Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.

   Açılış mərasiminin rəsmi hissəsində çıxış edən Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai qeyd edib ki, bu il davamlı turizmin dövlət və özəl sektor, qərar verənlər və cəmiyyət arasında inkişafa verdiyi töhfə üzrə məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətdə səfərbər etmək unikal imkandır.

   Daha sonra Gürcüstanın baş naziri, Hondurasın vitse-prezidenti və İspaniyanın xarici işlər naziri çıxış edərək sözügedən ilin əhəmiyyətini vurğulayıblar.

   Dünya Turizm Təşkilatının saytında yer alan məlumata görə, “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq ediləcək.

   Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev Madriddə keçirilən “Fitur-2017” turizm sərgisinə baş çəkib, bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.

 

   Özbəkistanla əməkdaşlıq imkanları müzakirə edilib

  

   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb. Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərinin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib.

   Görüşdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov da iştirak edib.

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.8.