Mədəniyyət xalqlarımızı yaxınlaşdıran mühüm faktorlardan biridir

 

 

 

   Buna müxtəlif mədəni mübadilə proqramlarını həyata keçirməklə nail olmaq mümkündür

  

   Ötən əsrin 70-ci illərinə qədər Pakistanın "Şərqi Pakistan" adlı əyaləti olan Banqladeş öz müstəqilliyini 1971-ci ildə əldə edib. Azərbaycanla Banqladeş arasında diplomatik əlaqələr 1992-ci ilin 26 fevralında qurulub. Siyasi sahədə münasibətlərimiz inkişaf etməkdədir, bunu ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsi də sübut edir. Bəs digər sahələrdə? Banqladeş Xalq Respublikasının Türkiyə böyükelçisi Allama Siddiki, iqamətgahı Ankarada olmaqla, ölkəsinin Azərbaycan üzrə də səfiridir. Onunla müsahibəmizdə bu məqamlara toxunduq.

 

   - Cənab səfir, Azərbaycanla Banqladeş BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlıq edir. Ölkələrimiz həm də İslam mədəniyyətinin bir parçasıdır. Bu barədə nə deyə bilərsiniz?

   - Banqladeşlə Azərbaycan dost, qardaş ölkələrdir. Ölkələrimiz arasında coğrafi baxımdan uzaq məsafənin olmasına baxmayaraq oxşarlıqlarımız çoxdur. Mədəni oxşarlığımız da mövcuddur. Hətta Bakıda olarkən gördüm ki, mətbəxlərimiz də oxşardır, dillərimiz fərqli olsa da, oxşar sözlər var. Bizim dilimiz banqla adlanır. Lənd isə torpaq, ölkə deməkdir. Yəni bizim ölkəmizin adı dilimizin adı ilə bağlıdır. Uzun illər Hindistanın, sonra da Pakistanın tərkibində olmuşuq. Bu baxımdan da Azərbaycanla oxşar taleyimiz var. Axı sizin ölkəniz də tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrin tərkibinə daxil olub. İƏT-in ötən il İstanbulda keçirilən sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupunun təsis edilməsində də Banqladeş çox böyük dəstək verdi. Banqladeş Dağlıq Qarabağ məsələsində Azərbaycanı ciddi şəkildə müdafiə edir. Ölkəmiz inanır ki, bu məsələ öz həllini sülh yolu ilə tapacaq. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

   - Siz Banqladeşin Azərbaycanda ikinci səfirisiniz, cəmi beş aydır fəaliyyətə başlamısınız. Diplomatik fəaliyyətiniz müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində əsas prioritetləriniz nədən ibarət olacaq?

   - Bu sualınız çox xoşuma gəldi. Əgər biz qrafiki əsasında yerinə yetirilə bilən danışıqlar təşkil edə bilsək, o zaman çox işlər görə bilərik. Məsələn, biz bu ilin iyun-iyul aylarında Banqladeşlə Azərbaycan arasında xarici işlərin konsolidasiyası bürosunu açmaq istəyirik. Büro Dəkkədə və ya Bakıda yerləşə bilər. Azərbaycan nümayəndə heyətini Banqladeşdə görmək istərdim. Sonra Banqladeş xarici işlər naziri də Bakıya gələ bilər. Bilirsiniz, iki ölkə arasında münasibətlər irəli atılan addımlara bənzəyir. Addım-addım bir-birinə yaxınlaşır, sonra görüşürlər. Bugünlərdə Azərbaycana səfərim zamanı bir sıra görüşlərim olacaq. Mədəni əməkdaşlıqla bağlı da öz təkliflərimi verəcəyəm.

   - Yeri gəlmişkən, ölkələrimiz arasında bu sahədə əlaqələr üçün hansı addımlar atmaq lazımdır?

   - Düşünürəm ki, mədəniyyət xalqlarımızı yaxınlaşdıran, onları bir-birinə tanıdan mühüm faktorlardan biridir. Buna müxtəlif mədəni mübadilə proqramlarını həyata keçirməklə nail olmaq mümkündür. Məsələn, rəssamların, heykəltəraşların qarşılıqlı sərgilərini keçirə bilərik. Qeyd edim ki, Dəkkədə incəsənət biennalesi keçirilir ki, Azərbaycan da burada təmsil oluna bilər. Bundan başqa, bu münasibətləri inkişaf etmək üçün başqa imkanlar da mövcuddur. Hesab edirəm ki, əgər bizə hökumət dəstəyi olarsa, Azərbaycanla bu sahədə çox işlər görə bilərik.

   - Ölkələrimiz arasında oxşar məqamlardan biri də çoxmillətli olmağımızdır. Bu həm də tolerantlıq üçün zəmindir. Siz Bakıda olmusunuz. Bu oxşarlığı necə gördünüz və ümumiyyətlə, bizim tariximiz haqqında nə bilirsiniz?

   - Xəzər dənizi sahilində yerləşən bu ölkə çox gözəldir. Banqladeş və Azərbaycan bir-birini çox məsələlərdə dəstəkləyir və düşünürəm ki, gələcəkdə bu imkanlar daha geniş olacaq. Bizim siyasiiqtisadi əlaqələrimiz var, mədəni əməkdaşlıq məsələləri üzərində işləyirik. Azərbaycan insanı da banqladeşli kimi çox istiqanlı və mehribandır. Doğrudur, rəsmi səfərə getdiyimdən gəzmək üçün zamanım az oldu. Amma bir dəfə Azərbaycan paytaxtını və regionlarınızı gəzmək niyyətindəyəm. Sizin mətbəxinizi - şorbaları, salatlarınızı, kompotlarınızı çox sevdim. Bayaq vurğuladığım kimi, bir-birinə bənzəyən yeməklərimiz də var.

   Tolerantlıq məsələlərinə gəlincə, qeyd etdiyiniz kimi, bizim ölkə də Azərbaycan kimi çoxmillətlidir. Orada müsəlmanlar, buddistlər, xristianlar yaşayır. Bu baxımdan ölkədə məscid, ehram və kilsələr var. Azərbaycanın maraqlı və qədim tarixi var. Bilirəm ki, ölkəniz XIX əsrdə iki yerə bölünüb. Tarixən isə Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşib. Hər zaman da müxtəlif xalqlara, dinlərə məkan olub. Banqladeşdə insanlar harmoniya içində yaşayırlar. Əhalinin 90 faizini müsəlmanlar, 9 faizini hinduslar, 1 faizini isə buddistlər təşkil edir. Biz sülh və əmin-amanlıq içində yaşayırıq. Biz benqal mədəniyyəti ilə fəxr edirik: çünki bu sülh mədəniyyətidir. Azərbaycanda da müxtəlif xalqlar tarixən sülh içində yaşayıblar. Mən ölkənizə gedərkən bunun şahid oldum. Bakını və insanlarınızı çox sevdim. İki ölkənin daha geniş əməkdaşlıq imkanları ola bilər. Banqladeş iqtisadi baxımdan inkişaf edir, əhalisinə görə dünyada ilk yerlərdən birini tutur. Bu mənada da ölkələrimizin əməkdaşlıq səviyyəsi yüksələ bilər.

   - Aramızda uzaq məsafənin olmasına baxmayaraq, ölkələrimiz arasında turizm əlaqələri qurmaq mümkündürmü?

   - Bu sahədə bir sıra imkanlar var. Mənim baxışım belədir: Banqladeşdə bir çox insanlar iqtisadi baxımdan orta sinif, bəziləri orta sinifdən yüksəkdir. Düşünürəm ki, Azərbaycan elə bu orta sinfi öz turizminə cəlb edə bilər. Çünki ölkənizdə gözəl yerlər çoxdur bizim turistlər arasında bu yerlərin təbliğatı aparıla bilər. Əgər bir dəfə Banqladeş insanı Azərbaycana gəlsə, dostluq, hətta bu istiqamətdə bir assosiasiya, ticarət qurumu da qurula bilər. Sizin Xəzər sahili kimi, bizdə xüsusi yerlər var. Benqal körfəzində (Hind okeanının şimalı - red.) bizim 709 km dəniz sərhədimiz var bu, çox cəlbedicidir. Sahilboyu 125 km-qədər uzanan əsrarəngiz qumlu çimərlik var ki, bu da turistləri özünə cəlb edir. Bu həm dünyanın ən uzun çimərliyidir. Geniş meşələrimiz göz oxşayır. Bir sıra sənədli filmlərin çəkildiyi Sundarbans meşəsi isə hazırda UNESCO-nun Dünya mirası siyahısında yer alır. Banqladeşdə həmçinin çoxlu tarixi yerlər var. Buna qədim məscid, ehramları da aid etmək olar. Ölkəmiz həm çaylar məkanıdır. Onlar hər zaman balıqlarla zəngindir. Ona görə mətbəximizdə balıq yeməkləri üstünlük təşkil edir. Banqladeş ilin bütün fəsillərində çox gözəl ölkədir. Ölkəmizdə turistləri özünə cəlb edən festivallar da keçirilir. Sizdəki Novruz bayramına bənzəyən Pohela Boyşak (Pohela Boishakh) bayramımız var. Biz bu bayramı milli geyimlərdə, nəhəng gəlinciklərlə qeyd edir baharı qarşılayırıq.

  

   M.Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.12.