Kim səndən doydu, getdi?”

    

 

   Dünyaya xitabən deyilmiş bu misra Şəfiqə Axundova ilə son müsahibəmizin son sözü...

  

   Şairlərin sözlərinə yazdığı musiqilər kimi, öz sözləri də şairanə səslənən Şəfiqə Axundova pıçıldadı bu misranı.

   Mənsə o an düşünürdüm: “janrca hamısı eyni olsa da, hər biri bir cür gözəllik yayıcısı olan qadınlar...

   Onların arasında “mahnı”, “simfoniya”, “opera-operetta” tutumluları da var ki, bu canlı sənət dünyalarının qəlb sərhədlərinə qəlp müdaxilələr etməsən, özləri rübablanar...

  

   Şərqdə ilk opera yazan qadın-bəstəkar Şəfiqə Qulam qızı Axundova kimi...

   1924-cü ildə Şəki şəhərində anadan olub, musiqi aləminə gəlişi üçün nəinki həyat, hətta ailə, ata çətinliklərilə də üzləşmiş Şəfiqə xanım söhbət zamanı belə bir nostalji minor da “bəstələdi”: “Bir gün atam Konservatoriyaya getdiyimdən xəbər tutub məni cəzalandırdı; evə buraxmadı. Qonşuda gecələməli oldum. Anam ağlayıb, o isə deyib, dəymə, qoy ağlı başına gəlsin, özünə düz-əməlli sənət seçsin”.

   “Düz-əməlli sənət” seçmək istəməyən bu “tərs” qızcığaz Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirib, Xalq artisti adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib, Yaxın Şərqdə baş verən daha bir böyük mədəniyyət “ilk”inə -

  

   İmza atıb...

  

   Böyük Səməd Vurğunun “Adın şərəflidir sənin, ey qadın, “Dahilər anası” çağrılır adın!” misraları prizmasından yanaşsaq, bizim zəriflərimizin ad-sanlarının ev-eşik, mər-məhəllə “planet”lərindən çox uzağa çıxmadığı (iyirminci yüzilliyinsə yarıdan keçdiyi) macallarda radiodan eşidilən şirin nəğmələrin, gözəl mahnıların müəlliflik imzalarında Ağabacı Rzayeva və Şəfiqə Axundova adları da çəkilməyə başlayır.

   Bu hələ harasıymış, - tezliklə Şəfiqə xanımın adı Şərqin opera yazan ilk qadın bəstəkarı ("Gəlin qayası", 1971) kimi də səslənəcəkdi! Amma hələ bir-birindən gözəl mahnılar, könüllər əzbəri olası nəğmələr yazmaqda...

   O, hələ ilk not təcrübələrilə dinləyicilərin ürəyində zərif qadın sədaları oyadacaq, “Leyla”, “Bəxtiyar ellər” və başqa mahnılarıyla xalqın sənət Leylisinə bənzədiləcək, “nəğməkar el qızı” çağırılacaqdı. “Ev bizim, sirr bizim” operettası, “Aydın”, “üçün yaşayırsan” və digər səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarına yazdığı musiqilərilə üzbəüz tamaşaçılar tərəfindən əyani olaraq da tanınacaqdı. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl, son dərəcə duyğusal, lirik mahnı və romanslarının xalq arasında məşhurluğu haqda geniş danışmağa isə, zənnimcə, ehtiyac yox. Amma həmin o üç yüzədək mahnıdan bir neçəsinin adını çəkməmək mümkünsüz: “Nədən oldu”, “Həyat, sən nə şirinsən”, “Ötür illər”, “Sənin nəğmən”, “Bu torpağa borcluyam”, “Mehriban olaq”... Hələ neçə-neçə romans və süitaları...

   Deyək ki, Şəfiqə xanımın musiqi üçün seçdiyi mətnlər də xüsusi diqqətə layiqdir. Amma indiki məqamda, uzun ömrü boyu çox sözlərə nəğmə qoşmuş bu bəstəkarın öz sözlərini xatırlatmaq -

  

   Daha önəmli

  

   Müsahibələrimizin birində, doxsanı haxlamış bu xanımın “qəribə təvəllüd tarixi”indən başladım və o gülümsündü:

   - Bu dünyaya gəldiyim gün anamın yan-yörəsindəki qohum-əqrəba birdən-birə yoxa çıxır. Anam səbəbini soruşur, əmizadəmiz deyir, hamı gedib Lenin yoldaşın ölüm mitinqinə. Anam da mənə baxa-baxa qayıdır ki, can bala, haindipis gündə doğuldun...

   - Deyirlər, atanız musiqiçi olmaq arzunuza yaxşı baxmırmış...

   - Hətta evimizdəki pianonu qıfıllı saxlayardı ki, mən çalmayım. Deyirdi, bu sənətdə çörəkpulu yoxdur. Sən elə istedadlısan ki, həkim kimi də məşhur olarsan...

   Anam isə mənə çox dəstək oldu. Amma sonralar atam da bu seçimimlə barışdı. Ev bizim, sirr bizimoperettamdan sonra isə bütün əqrəbamın mənimlə fəxr ediyini duydum. Yeri gəlmişkən, həmin operetta anşlaqlarının bir səbəbi - baş rolun (Əsmət) əvəzsiz ifaçısı Nəsibə xanım Zeynalova ecazı idi! O xanımdan olmayıb, məncə, bundan sonra da çətin yaranar.

   O ki qaldı mənim bir sənətkar kimi məşhurluğumla bağlı suala, bu mərtəbəmə görə böyük Üzeyir bəyə minnətdaram. Mən 8 il onun sinfində oxumuşam. Bu nadir haldır. Uzun illər o dahi sənətkar və dahi İNSANla təmasda olmuş bəstəkarlardan sağ qalanı yalnız mənəm. Saysız-hesabsız sənət təmaslarımız olsa da, qəribə bir olayı xatırlatmaq istəyirəm. Müharibə günlərinin birində çörək “kartıçka”mızı itirmişdim. Sinfə girib oturdum, dərsin sonunda qəni-qəni rəhmətlik mənə yaxınlaşıb dedi, Şəfiqə, sən bu gün mənim xoşuma gəlmirsən, deyəsən, ağlamısan da. Dönə-dönə soruşduğunu görüb, məsələni açdım. O dərhal evindən bir “kartıçka” gətizdirdi və onu mənə verərkən bərk-bərk tapşırdı ki, özümünkünü itirdiyimi evdə heç kəsə bildirməyim...

   Bax, belə. Belə ki, Şərqin ilk qadın-operaçısı, dövrün anşlaq bir operettasının, Böyük Simfonik Orkestr üçün süitaların, Xor üçün silsilələrin və üç yüzədək populyar mahnının müəllifi olan xoşbəxt bir xanım...

   Amma, dübarə belə ki, -

   

   “Ailəsiz qadın sınıq boşqab kimidir

  

   Bu da Şəfiqə xanımın öz sözləridir. Vəfatından yeddi-səkkiz ay əvvəl ona “şəxsi həyatını sənətinə qurban verdiyini” xatırladıb, bu “fədakarlığın” (?) indilər daha da “çiçəkləndiyini” bildirəndə dedi bu sözləri. “Sizcə, qadınçün bunlardan hansı daha zəruri” sualımızdan sonra əlavə etdi:

   - Hər ikisi önəmlidir, ancaq... təkrar edirəm, ailəsiz qadın sınıq boşqab kimidir. Sevilən sənətkarın həm də sevimli ailəsi olmalıdır. Ailə bütün sənət sahibləri üçün ömürlük ruh, ilham, gözəl mənbə, ailəsizlik isə mənəvi gün-güzəransızlıqdır! Bu sözləri həmin “gün-güzəransızlığı” yaşamış sənətkar qadın deyir sizə. Hə, mənim yaşadığım sənət ailəsi bu qədər cazibədar, maraqlı olubsa da, ömrümün ilk çağlarında yaşadığım ailə aləminin yerini verə bilməz!..

   - Biz son sözlərinizin xəyalına gedib susmaqda, Sizsə nəsə zümzümələməkdə...

   - Hə, öz mahnılarımdan birinin sözlərinə “ilişmişəm”. Flora xanım oxuyur e; “Həyat, sən nə şirinsən, Kim səndən doydu getdi? Gedənlər öz qəlbini - Dünyada qoydu getdi...”

  

   Tahir Abbaslı

 

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.13.