İlmələrdə yaşayacaq
“Sədaqət”
20 Yanvar şəhidlərinə həsr olunmuş xalçanın təqdimatı
Yanvarın 18-də Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səməd Təbrizlinin Qanlı Yanvarın şəhid cütlüyü - İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı oldu.
Mərasim iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə o qorxunc hadisənin şahidi, yazıçı-publisist Əmir Pəhləvan çıxış edərək həmin gecə azadlıq mübarizəsinə qalxmış vətən övladları haqqında danışdı. Qeyd etdi ki, qanlı gecədə 147 mülki şəxs qətlə yetirildi, 744 günahsız insan yaralandı, yüzlərlə şəxs həbs edildi. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
“Sədaqət” xalçasının müəllifi Səməd Təbrizli çıxış edərək bildirdi ki, gələcək nəsillər Azərbaycan tarixinin nişanəsi kimi bu xalçanı muzeylərdə görəcək, sənət nümunəsi onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.
Xalçaçı sənət əsərini öz ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini dedi. Bildirdi ki, “İlham-Fərizə" xalçasının rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma alması üçün idi. Bu işə 2 ay vaxt sərf edilib. Xalçanın toxunmasında 182 yun sap boyanıb, qarışdırılan rənglərlə birgə 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05x1.55 metr olan xalçaya 800 min ilmə vurulub. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri üçün ipəkdən istifadə olunub.
Müəllif xalçanı təkcə İlham və Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərməğan kimi hazırladığını diqqətə çatdırdı.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək bildirdilər ki, bu faciə Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biridir və onun qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Tədbirin bədii hissəsində Xalça Muzeyi Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Dövlət Gənc Tamaşaçılar Teatrının “Mənim ağ göyərçinim” (müəllif yazıçı-dramaturq Tamara Vəliyeva) tamaşasından bir hissə və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olundu.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 20
yanvar.- S.16.