“Həmrəylik bizim gücümüzdür

 

 

 

   IV İslam Həmrəyliyi Oyunları mədəni dialoqa da töhfə olacaq

  

   Xəbər verdiyimiz kimi, 2017-ci il mayın 12-dən 22-dək Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İslam Həmrəyliyi Oyunları dörd ildən bir İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) tərəfindən keçirilir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunub.

   IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ildə qəbul olunub. Azərbaycan Prezidentinin 17 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Oyunların Təşkilat Komitəsi yaradılıb, komitənin sədri ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

   “Həmrəylik bizim gücümüzdür” şüarı altında gerçəkləşəcək IV İslam Həmrəyliyi Oyunlarına 50-dən çox ölkədən 3 mindən çox idmançının qatılacağı gözlənilir. İdmanın 24 növünü əhatə edəcək yarışlar paytaxtdakı 16 idman qurğusunda keçiriləcək, onlardan 9-u Avropa Oyunlarında istifadə olunub.

   İslam Həmrəyliyi Oyunları beynəlxalq idman tədbiri olmaqla bərabər, həmçinin Azərbaycanın mədəni irsinin, turizm zənginliyinin dünyaya, ilk növbədə müsəlman aləminə daha geniş tanıdılması üçün mühüm vəsilə olacaq.

   Azərbaycan Prezidentinin vurğuladığı kimi, IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin dünyada sülhdialoqa növbəti töhfəsidir: “Müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, böyük mədəni tədbirdir, böyük ictimai hadisədir”.

   Qeyd edək ki, yanvarın 16-dan bu mühüm idman yarışını işıqlandırmaq arzusunda olan media nümayəndələri üçün akkreditasiya başlanıb. Media nümayəndələri Oyunların saytının müvafiq bölməsinə () daxil olaraq, akkreditasiya üçün müraciət edə bilərlər. Akkreditasiya martın 31-dək davam edəcək.

   Ölkəmizdə keçirilən digər mötəbər beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunları da rəngarəng mədəniyyət proqramı ilə müşayiət olunacaq. 2017-ci ilin ölkə başçısı tərəfindən “İslam həmrəyliyi ilielan edilməsi bu tədbirlərin önəmini daha da artırır. Bununla bağlı mədəniyyət ocaqlarında, bədii tədris müəssisələrində müxtəlif layihələr hazırlanır.

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbində xoreoqrafiya şöbəsinin rəqs kollektivlərinin iştirakı ilə təşkil edilən tədbir də bu qəbildəndir. Baş idarədən bildirilib ki, tədbirdə “İslam həmrəyliyi ilinin əhəmiyyətindən söz açılıb. Sonra “Cəsurlar”, “Şənlik” və “Dilbərim” rəqs ansambllarının ifasında türk, Kəşmir, özbək rəqsləri təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.3.