“Bir mətbuat
konfransının tarixi”
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində “Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib. Ekran əsəri 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qırğının ertəsi gün ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasına gələrək mətbuat konfransı keçirməsi, bu hadisəyə siyasi qiymət verməsi və törədilən faciəyə görə o zamankı SSRİ rəhbərliyini ittiham etməsindən bəhs edir. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi Əməkdar jurnalist, sənədli filmdə yer alan hadisələrin canlı şahidi olmuş Mübariz Əsgərovdur.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək bildirib ki, hər bir xalqın tarixində müstəsna yer tutan hadisələr var. Azərbaycan xalqının taleyində belə hadisələrdən biri də 1990-cı il yanvarın 20-nə keçən gecə yaşandı. Belə bir çətin dövrdə xalqımızın ümummilli lideri Heydər Əliyev qətiyyətli və cəsarətli addım ataraq bu dəhşətli qırğının əsas baiskarı olan o zamankı SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etdi. 20 Yanvar həqiqətlərindən söz düşərkən yaxın tariximizin bu səhifəsinə ciddi şəkildə yanaşılması mütləqdir.
Təqdimat mərasimində çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvləri, millət vəkilləri Musa Qasımlı, Cavanşir Feyziyev, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli 20 Yanvar həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından sənədli ekran əsərinin əhəmiyyətini vurğulayıblar.
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.11.