Plastikanın poetik tutumunu
yaşadan abidə
Bir əsərin tarixçəsi
Paytaxtımızın memarlıq simasını
müəyyənləşdirən və zənginləşdirən
elə abidələr
var ki, onlarsız
Bakını təsəvvür
etmək çox çətindir. Onlardan biri
də məşhur şairə Xurşudbanu Natəvanın şəhərin
izdihamlı guşələrindən
sayılan “Azərbaycan”
kinoteatrının qarşısındakı
tunc heykəlidir.
1960-cı ildə açılışı
keçirilən bu abidənin çox maraqlı yaranma tarixi var...
Əsərin müəllifi, görkəmli
tişə ustası,
akademik Ömər Eldarovla bugünlərdə
baş tutan söhbətimiz də elə bu abidənin
yaranması ilə bağlı idi. Məlum oldu ki, 1951-ci ildə Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərindəki
İ.Y.Repin adına
Rəngkarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutunu bitirəndən
sonra Bakıya qayıdan gənc heykəltəraşı çox
qısa müddət ərzində həmkarları
arasında rəğbət
qazanmasına görə
Azərbaycan Bədii-İstehsalat
Kombinatı nəzdində
fəaliyyət göstərən
bədii şuraya üzv seçirlər. Şuranın başlıca vəzifəsi
rəssam və heykəltəraşlar tərəfindən
icra olunan əsərlərin bədii
məziyyətlərini müəyyənləşdirmək,
ictimailəşməsinə icazə vermək idi. Günlərin birində şuraya
rəssam Heydər Cabbarlı yağlı boya ilə çəkdiyi
qadın portretini təqdim edir. O, portretdə təsvir olunan milli geyimli
bu qadının şairə Xurşudbanu Natəvan olduğunu söyləyir. O vaxtlar onun portreti ictimaiyyət
arasında geniş yayılmadığından və
onun portret cizgiləri haqqında bədii şura üzvlərinin məlumatı
olmadığından, onlar
portretin oxşarlığı
barəsində fikir söyləməkdə çətinlik
çəkdiklərini etiraf
edirlər. H.Cabbarlı əvvəlcədən bu vəziyyətin yaranacağını duyubmuş
kimi özü ilə şairənin tək və uşaqları ilə birlikdə çəkdirdiyi
fotolarını da gətiribmiş. Odur ki, şura üzvləri hazır rəngkarlıq əsərini foto ilə tutuşdurub, onun qənaətbəxş
çəkildiyini söyləyirlər.
Ömər müəllim xatırladı
ki, o vaxt hamı kimi mən də bu fotolara diqqətlə
baxdım və məni sözün əsl mənasında bu qadındakı nüfuzedici baxış və ariflərin duya biləcəkləri daxili enerji ovsunladı.
Beynimdə onun heykəl-portretini
yaratmaq istəyi yarandı. Soraqlaşıb
Nizami adına
Ədəbiyyat Muzeyinin
fotoarxivindən H.Cabbarlıda
gördüyüm fotoların
surətlərini əldə
etdim. Az
sonra o vaxtlar bütün Azərbaycan heykəltəraşlarının emalatxana kimi istifadə etdikləri “kirxa” deyilən dini-memarlıq tikilisində
Natəvanın portretini
işləməyə başladım.
Yarımfiqur şəklində
həll olunmuş portretin gil
variantı hazır olandan sonra onu
mərmərdə yonmağa
başladım: “Həmin
vaxt Azərbaycan SSR
Ali Sovetinin sədri Mirzə İbrahimov Bakıda ucaldılacaq hansısa abidənin hazırlığı prosesindən
xəbərdar olmaq üçün oraya gəlmişdi. Məni də gördü və hal-əhval tutdu, ali
təhsil alıb Bakıya qayıtmağıma
görə şad olduğunu bildirdi. Bu bizim onunla
ilk ünsiyyətimiz deyildi.
Mən hələ Rəssamlıq
Məktəbində oxuyarkən
M.İbrahimov mənim
işlədiyim “Demon” obrazını
çox bəyənmişdi,
gələcəyimə böyük
ümidlər bəslədiyini
söyləmişdi. Odur ki, mənim Natəvanın obrazını mərmərdən
yonmağım onun marağına səbəb
oldu”.
M.İbrahimov işi diqqətlə
nəzərdən keçirir
və yüksək qiymətləndirir. “Sonra
üzünü onunla
gəlmiş vəzifəli
şəxslərə tutub
bildirdi: “Bu vaxta qədər Bakıda Xurşudbanu Natəvanın
abidəsi qoyulmayıb.
Amma niyə də olmasın?”. Ardınca da mənə tərəf çevrilib:
“Həmin abidəni hazırlaya bilərsənmi?”
- dedi. Mən razılığımı bildirdim,
o isə cavabında:
“Onda sabahdan işə başla!” - deyib kirxanı tərk etdi...”
Ö.Eldarovun abidə üzərində
işi üç-dörd
il çəkir.
Amma o vaxta qədər mərmərdən hazırladığı
portret çox məşhurlaşmışdı. Əsər
1955-ci ildə Zaqafqaziya
rəssamlarının Bakıda
keçirilən sərgi-toplantısında
uğurla nümayiş
etdirilir. Həmin vaxt
Bakıda SSRİ Rəssamlar
İttifaqının və
SSRİ Rəssamlıq Akademiyasının
birgə iclası da keçirilmişdi.
SSRİ Rəssamlıq Akademiyasının vitse-prezidenti,
məşhur heykəltəraş
Y.V.Vuçetiç toplantıda
çıxış edərək
portreti yüksək dəyərləndirmiş və
“Xurşudbanu Natəvan”
əsərinin Stalin mükafatına
təqdim olunmasını
təklif etmişdi.
O vaxtlar bu proses bir
neçə mərhələdən
keçməli, müxtəlif
təşkilatlar müvafiq
zəmanət məktubları
hazırlamalı idilər.
Moskvadan gələn qonaqlar geri qayıdandan sonra bu məsələ
nədənsə unuduldu.
Başqa
sözlə desək,
28 yaşlı heykəltəraşın
qayğısını çəkən
olmadı. Amma əsər unudulmadı və onun əvvəlcə
Bakıda, sonra isə Moskvada Ümumittifaq sərgisində
nümayişi izsiz ötüşmədi, onun
SSRİ Mədəniyyət Nazirliyi tərəfindən
alınması da bunun təsdiqi oldu.
Ö.Eldarov: “İndi də təəssüflənirəm ki,
əsər o dövrdə
Bakı yox, Moskva tərəfindən alındı. Çünki sonradan onun izinə düşüb saxlandığı yeri müəyyən etmək
mümkün olmadı
və mən də məcbur olub portret janrı
çərçivəsinə sığışmayan bu
əsəri ikinci dəfə yaratmalı oldum. İndi Azərbaycan Milli
İncəsənət Muzeyində
nümayiş olunan da həmin sonradan
ərsəyə gətirilən
əsərdir. Qənaətimcə,
birinci variant bədii tutumuna görə daha güclü idi...”
Heykəltəraş 50-ci illərin ikinci
yarısından Xurşudbanu
Natəvanın abidəsi
üzərində başladığı
işi 1960-cı ildə
tamamlayır. Memarları Ə.İsmayılov
və F.Leontyeva olan tunc abidə
“Azərbaycan” kinoteatrının
qarşısında qoyulur.
Ömər müəllim bu
abidənin məkan seçiminin zamanına görə çox cəsarətli addım olduğu qənaətindədir.
Belə ki, çox da hündür olmayan kürsü üzərində qərarlaşmış
abidə, bir çox hallarda olduğu kimi, ətraf mühitdən təcrid olunmamışdı.
Yaxın dövrəsi
daima insanlarla dolu olan abidə
ətrafından az seçildiyindən
bəzən onun şəhər mühitinə
“qaynayıb-qarışması” aydın duyulurdu.
Zəngin geyinmiş “Xan qızı”nın kresloda oturmuş vəziyyətdə yaradılmış
fiquru bütün nöqtələrdən cəlbedici
və əzəmətli
görünür. Şairənin mərmər portreti ilə tunc fiquru
arasında müəyyən
oxşarlıqlar mövcud
olsa da, plastik həllinə və yapma xırdalıqlarına
görə fərqlənir.
Əgər portretdə həm
də geyimin incəliyinə, bəzəklərin
vurğulanmasına üstünlük
verilmişdisə, abidədə
müəllif daha çox formaların ümumiləşdirilməsinə və bədii lakonikliyə üstünlük
vermişdir. Bununla yanaşı,
tunc heykəldə işıqlı əməllərinə
görə el arasında
böyük nüfuz sahibi olan şairənin
lirik-psixoloji tutumlu, yaddaqalan obrazı yaradılmışdır. Onun düşüncələrlə
baş-başa qalmış
görkəmi də həyatı təzadlı,
ağrılı-acılı keçən “Xan qızı”nın onu bir an belə
tərk etməyən
yaşantılı anlarına
bədii işarə kimi qəbul olunur. Müəllifin Xurşudbanu Natəvanın
geyiminin qırışlarında,
oturuşun sərbəstliyini
və təbiiliyini səciyyələndirən axıcı
ritmlərində əldə
etdiyi cəzbedici plastik görkəm Azərbaycan heykəltəraşlığı
üçün yeni idi, desək, yanılmarıq. Yəqin ki,
elə bu və digər yüksək bədii məziyyətlərinə görə
abidə bu günə kimi milli heykəltəraşlığımızın
çox dəyərli
nümunələrindən biri olaraq qalmaqdadır.
Ö.Eldarovdan sonra təsviri sənətin müxtəlif növlərində
Xurşudbanu Natəvana
həsr olunmuş çoxsaylı əsərlər
yaradılsa da, haqqında söz açdığımız abidə
yenə də birinciliyi qoruyub saxlamaqdadır...
Ömər müəllim söhbətimiz
zamanı heykəllə
bağlı bir maraqlı əhvalatı da xatırladı. Məlum oldu ki, heykəlin
açılışından sonra Mərkəzi Komitədə işləyən
bir məmur onun şəhərdən
götürülməsi təklifini
irəli sürüb.
Səbəb kimi də Natəvanın Bakıda abidəsinin ucaldılması
üçün zamanında
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarının
olmadığını göstərib.
Doğrudan da, abidənin qoyulması Mərkəzi Komitənin yox, Azərbaycan SSR Ali Sovetinə 1954-1958-ci illərdə
sədrik edən yazıçı Mirzə
İbrahimovun təşəbbüsü
ilə reallaşmışdı.
O, Dövlət Tikinti
Komitəsinə məktub
yazıb, heykəlin ucaldılması məsələsini
həll etməyi tapşırmışdı. Komitənin sədri
Ənvər İsmayılovdan
abidənin memarlığını
da öz üzərinə götürməyi
xahiş etmişdi.
Abidənin açılışı zamanı isə Mirzə müəllim həmin yüksək vəzifədə çalışmırdı.
Məsələnin ciddiləşdiyi
həmin vaxtlarda kiminsə məmura niyyətinin absurd olduğunu
başa salmasından sonra hər şey qaydasına düşür...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.13.