Əməkdar artist Təvəkkül Əliyev dünyasını dəyişib

 

 

   Lənkəran Dram Teatrında aktyorla vida mərasimi keçirilib

  

   Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Təvəkkül Əliyev yanvarın 22-də, 65 yaşında vəfat edib.

   Teatrda mərhum aktyorla vida mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, teatrın kollektivi ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Vida mərasimində çıxış edən Xalq artisti Qabil Quliyev mərhum sənət yoldaşının həyat yaradıcılıq yolu barədə danışıb.

   Mərasimdə çıxış edənlər Təvəkkül Əliyevin vəfat etməsinin Azərbaycan mədəniyyəti incəsənəti üçün itki olduğunu qeyd ediblər, mərhumun yaxınlarına, 44 il səhnədə çiyin-çiyinə çalışdığı həyat yoldaşı Xalq artisti Böyükxanım Əliyevaya başsağlığı veriblər.

   Mərhumun cənazəsi dəfn olunmaq üçün Bakı şəhərinə yola salınıb.

   Qeyd edək ki, Təvəkkül Əliyev 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kinodram aktyorluğu fakültəsini bitirdikdən sonra ömrünün sonunadək Lənkəran Dövlət Dram Teatrında çalışıb. Teatrın səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Aktyor İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Xəzrinin "Sən yanmasan", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", U.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" və onlarla digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

   Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, “Tərəqqi" medalı ilə təltif edilib.

   Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.14.