“Zaqatala folklor örnəkləri” kitabı çapdan çıxıb
AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın “Zaqatala folklor örnəkləri” kitabının birinci cildi çapdan çıxıb. Kitabın redaktoru və “ön söz”ün müəllifi AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızıdır.
Kitabda 1996-2016-cı illərdə Zaqatalanın kəndlərindən toplanmış mövsüm-mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar və s. toplanıb.
Topluya daxil edilən janrlar içərisində lətifələr özəlliklə seçilir. Azərbaycanda ayrı-ayrı bölgələrin tanınmış lətifə ustası - Şəkidə Hacı dayı, Qarabağda Abdal Qasım və s. olub. Zaqatalanın Yuxarı Çardaxlar kəndinin sakini Hudul kişini də bu bölgənin lətifəbazı adlandırmaq olar.
Kitaba bölgədə yaşayıb-yaradan aşıq və el şairlərinin şeirləri, deyişmələri və “Aleybadlı aşıq Hüseyn”, “Bəhrinazla aşıq Mədət”, “Tale ilə aşıq Mədət” kimi dastanlar da daxil edilib.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.15.