Xalça Muzeyində zərgərlik
nümunələrinin sərgi-yarmarkası
Sərgidə Azərbaycan, Gürcüstan və Dağıstan
ustalarının əl işləri nümayiş
olunub
Yanvarın 25-də Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar çərçivəsində Azərbaycan, Gürcüstan və Dağıstan ustalarının əl işlərinin sərgi-yarmarkası keçirildi.
Sərginin açılışında çıxış edən Xalça Muzeyinin direktoru, İCOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova bildirdi ki, sərgi zərgərlik ustalarına özünü tanıtmaq, geniş ictimaiyyətin diqqətini yaradıcılıqlarına cəlb etmək imkanı yaradır. Bu cür sərgilər yeni brendlərin formalaşmasına və məşhurlaşmasına yol açır, eyni zamanda peşəkarlıq səviyyəsini artırma, həm ölkə daxilində, həm də xaricdə rəqabət üçün böyük stimuldur.
Ş.Məlikova qeyd etdi ki, məmulatların seçimi zamanı regionumuzda istehsal olunan məhsulların müxtəlifliyi, yaradıcı və texnika zənginliyi ön plana çəkilib: “Sərgidə ənənəvi məmulatlar, şəbəkə texnikasında işlənmiş eksponatlar təqdim edilir, minalı zərgərlik məmulatları xüsusi diqqət çəkir. Gürcüstan və Dağıstan zərgərlərinin təqdim etdikləri nümunələr də forma və dekorları ilə seçilir. Ümid edirəm ki, bu ilk sərgi gözəl bir ənənənin başlanğıcı olacaq”.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək sərgini yüksək dəyərləndirdi. Nazir müavini regional seminarda iştirak etmək üçün ölkəmizə gələn qonaqları salamlayaraq Azərbaycan Xalça Muzeyi və xalça sənətinin tarixi haqqında qısa məlumat verdi. Bildirdi ki, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyinin müasir binasının tikintisinə başlanılıb və 2014-cü ildə açılışı olub. Hazırda muzeydə 13300-dən artıq eksponat saxlanılır. Bu sırada zərgərlik sənəti nümunələri də yer alır.
Sevda Məmmədəliyeva Azərbaycan xalça sənətinin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırdı: “Bu, Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği üçün Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olmuşdur”.
Nazir müavini sərginin hər bir xalqın özünəməxsus zərgərlik ənənələrini özündə əks etdirdiyini bildirdi: “İnanıram ki, üç gün ərzində davam edəcək beynəlxalq seminar bu sahədə çalışan insanların qarşılıqlı əlaqələrinə öz müsbət təsirini göstərəcək. Bu gözəl ideyanın müəlliflərinə gələcək işlərində uğurlar arzulayıram”.
Tədbirdə çıxış edən P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin direktoru Salixat Həmzətova, Gürcüstan Dövlət Xalq Tətbiqi Sənət Muzeyinin direktoru İzolda Melikişvili azərbaycanlı həmkarlarına seminar və sərginin təşkilinə görə təşəkkürlərini bildirdilər. Ölkələrimiz arasında həm muzeylərin, həm də sənətkarların qarşılıqlı əlaqələri yüksək qiymətləndirildi.
Sonda sərgi-yarmarkada iştirak edən zərgərlərə sertifikatlar təqdim edildi.
L.Azəri
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.5.