“Nəşriyyatlar və
qəzet-jurnal redaksiyaları qanuna tabe olmurlar”
M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim
Tahirov APA-ya müsahibə verib. Müsahibəni
cüzi ixtisarla təqdim edirik.
Milli Kitabxananın direktoru söhbətə
özü başlayır:
- Bizim işimizin göstəricisi
oxucudur. Əgər oxucu varsa, zallarımızda
boş yer yoxdursa, deməli, vəziyyətimiz
yaxşıdır. Harada şərait və
resurs varsa, oxucu ora gedir. Əlbəttə,
bu, kitaba maraq deməkdir və mən çox sevinirəm.
- Azərbaycanda digər
kitabxanaların maddi-texniki bazası, kitab fondu hansı səviyyədədir?
Milli Kitabxana haqqında
danışdığınız əminliyi başqa
kitabxanalara da aid etmək olarmı?
- Yaralı yerimizə toxundunuz. İstərdik, bütün kitabxanaların
maddi-texniki bazası, oxuculara yaradılan şərait
günün tələblərinə cavab versin, informasiya
resursları kifayət qədər olsun. Amma
təəssüf ki, reallıq başqadır, digər
kitabxanalarda kifayət qədər resurs yoxdur. Bilirsiniz niyə? Kitabxana işi haqqında
qanunda göstərilir: ölkə ərazisində çap
olunan informasiya resursları təkcə Milli Kitabxanaya yox,
bütün kitabxanalara verilməlidir. Təəssüf
ki, bizim nəşriyyatlarımız, naşirlərimiz, qəzet-jurnal
redaksiyaları qanunun bu maddəsinə tam əməl etmirlər.
- Nə deyib əməl etmirlər?
- Yəni resursları kitabxanaya
vermirlər. Biz kitabları, qəzetləri
onlardan çox çətinliklə alırıq. Qapı-qapı düşürük. Ölkədə 500 qəzet, 250-300 jurnal çap
olunur, 500-dən çox kitab nəşr edən müəssisə
var. Onların hamısının qapısına gedə bilmərik.
Amma buna məcburuq. Cənab
Prezident kitaba, kitabxanaya, gənclərin mütaliəsinə
çox diqqət və qayğı ilə yanaşır.
Ölkə başçısı son illərdə Azərbaycan
klassiklərinin, müasir yazıçıların əsərlərini,
lüğətləri, ensiklopediyaları 25 min tirajla və
600 adda çap etdirib kitabxanalara hədiyyə edib. Kənd kitabxanalarına da həmin kitablar göndərilib
ki, gənclər oxusun. Prezident Milli
Kitabxananın 90 illiyinin qeyd olunması üçün
xüsusi sərəncam imzaladı. Dünyanın
60 ölkəsindən insanlar gəldi, ölkə
başçısı qonaqları qəbul elədi, onlara
kitabxana, kitab haqqında danışdı. Bütün bunlar onun üçündür ki,
kitaba maraq artsın. Amma bu gün Azərbaycanda
çap olunan kitabın statistikası yoxdur. Biz bilmirik, nə qədər kitab çap olunur.
Bunun səbəbi odur ki, kitabları Milli
Kitabxanaya göndərmirlər. Bizim
çap etdiyimiz statistika yarımçıq statistikadır.
- Bu nə vaxta qədər belə
olacaq?
- 2015-ci ilin dekabrında Prezident
bununla bağlı müvafiq fərman imzaladı. İnzibati Xətalar
Məcəlləsinə ayrıca maddə salınıb:
pulsuz məcburi nüsxələri göndərməyən
müəssisələrə qarşı cərimə
sanksiyası tətbiq olunsun. Hər adda kitab
üçün 700 manat məbləğində cərimə
ödəməlidirlər. Bir ildir bunu nəşriyyatlara
çatdırmaqla, onları maarifləndirməklə məşğuluq.
Milli Kitabxana olaraq, Mədəniyyət
və Turizm Nazirliyi olaraq biz hüquq-mühafizə orqanı
deyilik ki, məhkəməyə verək, cərimə tətbiq
edək. Çalışırıq,
hansısa yolla işin həllinə çalışaq.
Təəssüf ki, onlar bunu başa
düşmək istəmirlər. Fevral
ayında naşirlərin, mətbəə rəhbərlərinin,
qəzet-jurnal redaksiyalarının rəhbərlərinin
iştirakı ilə böyük bir müşavirə
keçirəcəyik. Nazirlik sonuncu dəfə
onlara xəbərdarlıq edəcək. Əgər
qanuna əməl etməsələr, çox ciddi sanksiyalar tətbiq
olunacaq. İlin-günün bu vaxtında,
məsələn, bir nəşriyyata, qəzet-jurnal
redaksiyasına on adda məcburi nüsxəyə görə 7
min manat cərimə tətbiq olunsa, onlar üçün
böyük vəsaitdir. Bu gün Mədəniyyət
və Turizm Nazirliyinin ixtiyarı var ki, istənilən nəşriyyatın
qapısını açsın və göndərilməyən
nüsxəyə görə protokol tətbiq etsin. Qaydaya əsasən, nəşriyyat həmin pulu bir
ay ərzində ödəməsə, əlavə tədbirlər
görüləcək.
- Nəşriyyatlar məcburi
nüsxələri göndərmirsə, onların da səbəbləri
ola bilər...
- Əsas səbəb
kimi göstərirlər ki, guya onlar kitabı sifarişlə
çap edirlər və məcburi nüsxəni müəllif
verməlidir. Qanunda müəllif yox, nəşriyyat
tanınır. Məsələn, kitab 48 qəpiyə
başa gəlirsə, nəşriyyat 2 qəpik də
üstünə qoyub 50 qəpik hesablamalıdır. Müəllif bilməməlidir ki, onun dörd
nüsxəsi Milli Kitabxanaya göndərilir.
- Məcburi nüsxələr
böyük kitabxanalara göndərilmirsə, deməli, rayon
və kənd kitabxanalarında vəziyyət daha faciəlidir...
- Sözünüzdə həqiqət
var. Amma bunun da çarəsi tapılıb. Ötən il sərəncamla rayonlardakı bütün mədəniyyət
müəssisələri, o cümlədən, kitabxanalar Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyinə keçirildi. Axır ki, mədəniyyət müəssisələri
onun mənsub olduğu təşkilata verildi. Əvvəllər mədəniyyət müəssisələri
yerlərdə icra hakimiyyətlərinə tabe idilər.
Hazırda nazirlik kitabxanaların təmin
olunması üçün sistem qurur. Burda
hansı məsələlər nəzərdə tutulur?
Nazirlik mərkəzləşmiş
şəkildə kitab sorğularını ümumiləşdirib
kitab sifarişləri edəcək, kitablar çap ediləcək
və rayonlara göndəriləcək. Bu,
kitaba olan tələbatın ödənilməsində
çox mühüm əhəmiyyət kəsb edəcək.
Bu sistemlə günün tələbatına
uyğun olan kitablar çap olunacaq. Biz
SSRİ dövrünü qılınclamağa öyrəşmişik,
amma SSRİ sisteminin mütərəqqi qanunları da var idi.
O dövrdə kitabxanaların təmin olunması sistemi var
idi, sonradan pozuldu. Həmin sistemi bu gün yeni
rakursda qurmağa çalışırıq. 3-5 ilə kitabxanaların kitab tələbatı tam ödəniləcək.
Büdcənin
imkanları yaxşılaşdıqca, yerlərdəki
kitabxanaların texniki təchizatı da düzələcək.
Kitabxanalarda minimum texniki təchizat var. Elə
bir rayon mərkəzi kitabxanası yoxdur ki, orda 15-20
kompüter olmasın. Hətta kənd
kitabxanalarının yarısında kompüter var, amma
hamısı internetə qoşulmayıb.
- İstərdim,
pullu kitabxana xidməti haqqında danışaq. Bu təcrübə
dünyada geniş yayılsa da, Azərbaycanda yoxdur...
- Milli Kitabxana sərvətdir,
ona görə ondan hamı istifadə etməlidir. Biz Milli Kitabxananı pullu edə bilmərik. Sadəcə,
müəyyən xidmətlər ödənişli ola bilər. Milli Kitabxananın
dövlət tərəfindən qayğı ilə əhatə
olunması hələ imkan verir ki, oxuculara təmənnasız
xidmət göstərək. Mənə elə
gəlir, bu, belə də olacaq, pullu xidmətə ehtiyac olmayacaq.
Digər xidmətlər, məsələn, surətçıxarma
ödənişlidir. Bu tamam başqa məsələdir.
Amma biz kitabı pulla verə bilmərik. Yaxud elektron kitablar xidməti üçün kimsə
müraciət edir, biz ona xidmət edirik və haqqı ödənilir.
Bunların hamısı əlavə xidmətlərdir.
- Nadir kitablar fonduna kitab
bağışlamaq ənənəsi bu gün də davam
edir?
- Nadir kitablar fondu uzun illər idi
yarımzirzəmidə yerləşirdi. 2012-ci
ildə fondu ikinci mərtəbəyə
köçürdük, gözəl şəraiti var. Təbii
ki, fondun formalaşmasında oxucuların çox böyük
iştirakı olub. 1996-cı ildə ulu
öndər Heydər Əliyev bizim kitabxanamıza gəldi və
öz kitabxanasından 300-dək kitabı hədiyyə elədi.
Eyni zamanda ziyalılara
çağırış elədi ki, kitabxanaya kitab hədiyyə
etməklə, ona kömək edirsiniz. Ondan sonra akademiklər
Ziya Bünyadov, Budaq Budaqov, Xalq yazıçısı
Elçin, mədəniyyət və turizm nazirinin müavini
Ədalət Vəliyev və başqaları öz
kitablarını hədiyyə etdilər.
Həmin kitablar “qızıl fond”da kolleksiya olaraq mühafizə olunurlar. Nadir kitablar fondunda Heydər Əliyevin kitablarını ayrıca saxlayırıq. Çox qiymətli kitablardır. Hər il ulu öndərin bizə hədiyyə etdiyi kitabları ayrı-ayrı müəssisələrin xahişi ilə aparıb yerlərdə nümayiş etdiririk. O kitabların içində ulu öndərin qeydləri var və həmin qeydlər uşaqlar üçün çox maraqlıdır. Şagirdlər aktiv mütaliənin nə olduğunu o kitablardan öyrənirlər. Kolleksiyanın içində ulu öndərin Moskvadan aldığı uşaq kitabları, Məkkədə ona bağışlanan “Qurani-Kərim” var. “Qurani-Kərim”i bağışlayanda demişdi ki, elə bir müqəddəs ocaqdan gələn kitab, belə bir müqəddəs ocaqda qorunsa, daha yaxşı olar.
- Avropa kitabxanalarında Azərbaycanın böyük ədəbiyyat xadimləri fars ədəbiyyatının nümayəndəsi kimi təqdim olunur. Məsələn, Praqa Milli Kitabxanasında Azərbaycanı təmsil edən yeganə kitab Nizaminin “Xəmsə”sidir, onu da fars ədəbi nümunəsi kimi təqdim ediblər. Bu halların qarşısını almaq üçün hansısa təsir imkanlarınız var?
- Sizin misal çəkdiyiniz Praqa nümunəsindən başlayaq. O məsələni 2012-ci ildə Praqaya gedəndə mən aydınlaşdırmışdım. Hər hansı bir ölkəyə səfər edəndə mütləq milli kitabxanaya baş çəkirəm və Şərq ədəbiyyatı fonduna baxıram. Məsələ ondadır ki, vaxtilə bizim kitablarımız kifayət qədər Avropaya daşınıb. İndi həmin kitablar Avropa ölkələrinin kitabxanalarında mühafizə olunurlar. Amma bu gün həmin kitablar onlar üçün gərəksizdir. Oxumurlar, oxuya da bilməzlər. Praqa kitabxanasının nadir fonduna düşdüm, gördüm, Azərbaycan kitabları var, amma kataloqlarda əks olunmayıb.
- Hansı kitablar var idi?
- Nizaminin, Füzulinin, Nəsiminin,
Xaqaninin kitablarına rast gəldim. Soruşdum
ki, bu kitablar niyə kataloqda əks olunmayıb? Dedilər, onlar Azərbaycan dilində deyil. Mən onlara başa saldım ki, vaxtilə bizdə də
ərəb əlifbasından istifadə olunub. Bakıya qayıdandan sonra Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimovdan xahiş etdim,
iki nəfər əməkdaş ayırdı və bir ay
Praqa Milli Kitabxanasında çalışdılar. Həmin kitabların kataloqunu düzəltdilər və
“Azərbaycan şairləri” adı ilə əks olundu.
Onun davamı olaraq bu il də biz iki nəfər
əməkdaş göndərdik ki, həmin kitabların
çap kataloqunu hazırlasınlar.
İnşallah,
may-iyun aylarında o kitabların sərgisini keçirmək
istəyirik. Sentyabr ayında o kitabları
gətirib Bakıda nümayiş etdirəcəyik. Azərbaycan kitabları təkcə Praqada yox,
Rumıniya və Macarıstanda da var. Biz mərhələ-mərhələ
həmin kitabları da tədqiq edəcəyik.
- Və son olaraq, Azərbaycan
kitabxanalarının ən başlıca problemi və
qayğısı nədir?
- Təbii ki, bizim kitabxanaların əsas
problemi bina problemidir. Uçuq-salxaq binaya texniki
avadanlığı qoysan da, işə yaramayacaq. Yağış vuracaq, rütubət çəkəcək,
xarab olub gedəcək. Müasir texniki
avadanlıq üçün də müasir şərait
olmalıdır. Kitabxanaların əksəriyyətinin
binaları özlərinin deyil. İndi də
onlar çox pis vəziyyətdədir. Mədəniyyət
və Turizm Nazirliyi ilk növbədə kitabxanaların bina
problemini həll etməyə çalışır. Bu, əlbəttə, vəsait tələb edir.
Rayonlarda hazırda araşdırma işləri
aparılır və nəticələri haqqında tədbirlər
görüləcək. Artıq müasir tipli
kitabxanaların yaradılmasının vaxtı gəlib
çatıb.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.8.