Yunus Əmrə İnstitutu maraqlı tədbirlər gerçəkləşdirəcək

 

 

 

   Yunus Əmrə İnstitutu ölkəmizdə fəaliyyətinin dördüncü ilini qeyd edir. Türkiyənin Yunus Əmrə Vəqfinin nəzdində bu qurum türk dilini, tarixini, mədəniyyət və sənətini tanıtmaq, dünyaya təqdim etmək məqsədilə 2007-ci ildə yaradılıb.

   Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin direktoru İbrahim Yıldırım bildirir ki, 2009-cu ildə ilk xarici təmsilçilik Bosniya və Herseqovinanın Sarayevo şəhərində açılıb. Bakıda mərkəz 2013-cü ilin yanvarında yaradılıb və qurum üç il Bakı Dövlət Universitetinin himayəsində fəaliyyət göstərib. Son bir ildə öz ofisində yerləşir.

   Həmsöhbətim deyir ki, ötən il bir çox tədbirlər gerçəkləşdirilib və 2017-ci ildə də bu işlər davam etdiriləcək. Məsələn, fevralın 14-də Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” adlı şeir gecəsi olacaq. Daha sonraYunus Əmrə ortaq dəyərimizdir” adlı layihə gerçəkləşdiriləcək. Xalça Muzeyi ilə də ortaq layihə həyata keçiriləcək.

   Bildirək ki, Yunus Əmrə İnstitutunun dünyanın 40 ölkəsində 50 mərkəzi var. Bəzi ölkələrdə hətta 2-3 mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə verilən türkcə təhsillə yanaşı, müxtəlif ölkələrdə təhsil qurumları ilə gerçəkləşdirilən işbirliyi nəticəsində türkoloji bölümləri də fəaliyyət göstərir. İnstitut həmin mərkəzlərin vasitəsilə türk mədəniyyət və sənətini tanıtmaq məqsədilə bir çox tədbirlər düzənləyir.

   İ.Yıldırım: “Yunus Əmrə İnstitutunun başlıca işi dünyada türkcənin öyrədilməsi və türk mədəniyyətinin tanıdılmasıdır. Dünyanın müxtəlif ölkələrindəki qurumlarımızda 10 minə yaxın yabançı türkcə təhsil almaqdadır. Bu il yenə türkcə kurslarımıza, ənənəvi tədbirlərimizə davam edəcəyik. 2017-ci ildə “Türk ədəbiyyatı oxumaları günləri, “Türk şeir gecəsi”, “Mədəniyyət söhbətləri”, “Bizim Koroğlupaneli, “Dədə Qorquddan bugünə aşıqlıq gələnəyi” simpoziumu, II Beynəlxalq “Türk dünyasının ortaq dili: naxışlar” simpoziumu kimi tədbirləri keçirməyi düşünürük”.

   

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.12.