Mehdi Məmmədov

 

 

 

   Həyat və səhnə fenomenlərimizin öncüllərindən...

  

   İndiki milli istiqlalımızdan əvvəlki məlum 70 ildə sovetlər bütün cəmiyyətlərin ali obyektlərindən hesab edilən teatrları belə proletar “sinif”inə qatsa da, ayrı-ayrı sənətkarların “məktəb”ləşməsinə mane ola bilmədi. Belələrindən biri (aktyorluğunda birbaşa, rejissorluğunda “dolayısı”lıqla) - Mehdi Məmmədov milli məfkurə və zövqən aqrar-sənayeləşdirilməkdə olan Azərbaycan sovet tamaşaçısını həyati-realistik tonallığa, teatrı isə “fəlsəfi monumental”lığa yönlədi...   

   Öncə, sözgəlişi bir ovqatgirişi.

   Moskvanın Teatr Sənəti İnstitutuna 4 aylıq davamiyyəti ardınca, əsəb pozuqluğuyla əlaqədar bir illik möhlət götürüb xəstəxanada yatan Mehdi Məmmədov müalicədən sonra hər fikri beynində tambişirib” danışmağa (həm də “sözbazlar girişiminə” rəğmən) çalışır və bu, zaman-zaman vərdişə (habelə sənət elementi kimi qəbul ediləsi “divident”ə) çevrilir.

   Və... “teatr tamaşası” (ən doğalı), “radio-televiziya tamaşaları” var ikən, niyə belə birisi də olmasın(?): -

  

   Media-tamaşa

  

   Dövrünün bu ən parlaq (gözəl aktrisaların gözdən qoymadıqları) rejissorunu dörd kəbinlisindən ilki - Barat Şəkinskaya illərlə qısqanır, qısqanır və nəhayət, boşanırlar. Sonralar Barat xanım onunla münasibətlərinə hər fürsətdə (hətta “Mehmanxana sahibəsi”ndə Mirondalinanı oynayarkən) ironik yanaşma “yaradıcılığı”ndan da qalmır. “Dəli yığıncağı” tamaşasını hazırlayarkən rejissorun qəribə bir (aktyorları əsərin psixo-məntiqini tam anlamaları üçün dəlixanaya aparmaq) qərarı isə bu həyati “aksiya”nı səhnəvi kulminasiyaya qaldırır. Belə ki, Barat xanım ora getməkdən imtina edir, avtobusda aktyorlardan biri çox ucadan: “Mehdi müəllim, bəs, Barat xanım hanı?” soruşur, o isə, Otellovari bir əda ilə: “Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur...” - deyir. Sözü Barat xanıma çatdırırlar və o, aktyorların birindən xahiş edir ki, məşqin qızğın bir dəmində ondan dünən dəlixanaya niyə getmədiyinin səbəbini soruşsun. Bir aktyorun verdiyi bu sualın cavabını bütün teatr, nəticədə isə küll-sənət aləmi eşidir: “Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə bir evdə yaşamışam...”

  

   Amma o, böyük sənət dəlisi!..

  

   Bu sənətkar yaxın ətrafının yaddaşına möhtərəm rejissor, aktyor, teatrşünas, pedaqoq, tənqidçi, “möhtəşəm centlmenkimi, o dünyaya universal-teatral fenomen kimi köçdü...

   Oxuduqlarıma, başqalarından eşitdiklərimə görə, o, elə ilk gəncliyindən öz “şəxs”i ilə ətraf “ümumi”yə nümunə imiş. Gördüklərimə görə isə, o, bütün tərzi-hərəkəti, oturuş-duruşu, gəliş-gedişi, danış-eşidişi ilə bütöv bir ictimai-estet, nəticə etibarilə canlı bir universitet...

   Onu canlı olaraq görmüşlər (və ya kino-tele lentlərdə görənlər) bu an bu böyük sənətkarın boy-buxun, yar-yaraşıq böyüklüyünügöz önünə gətirsinlər ki, növbəti retro-olayın fərqinə daha dərindən vara bilsinlər. Bəli, 1918-ci ilin 22 mayında doğulduğu “təbii konservatorial-teatral Şuşadan ailəvi olaraq Bakıya köçüb (1922), 15 yaşında ikən sənət aləminə varmaq istəyən Mehdini “can-cəsəd çəlimsizliyi” səbəbindən Teatr Texnikumuna qəbul etməyiblər...

   Lakin bu “süddənyanıq” candakı həddənartıq sənət eşqi onu elə həmin il - yaxın gələcəkdə fəth edib əbədi sakini olacağı böyük teatr-sənət məbədinin “Bakı Türk İşçi Teatrı” deyilən kiçik bir hücrəsinə aparır. Orada “yardımçı heyət”ə qəbul edilən Mehdi həm mədəni, həm “bədən”i cəhətdən necə bir sürətlə inkişaf edib irəliləyirsə, növbəti il (mütəxəssislərin rəyilə) Bakı Teatr Texnikumunun qəbuluna dəvət edilir, təhsilini uğurla başa vurub, 1935-ci ildə Moskvaya yollanır və yuxarıda qeyd etdiyimiz instituta daxil olur.

   Daha... vaxtilə çox maneələrlə üzləşmiş bu personanın özü, bəzi məqamlarda (“yeni teatr fəlsəfəsi” məsələlərilə ilgili müddəaları ilə) “maneə”yə çevrilir. Məsələn, “aktyorun hər rola, hər obraza analitik baxış-təhlili mühüm, bəzənsə, əsas prinsip kimi götürülməlidir”, “səhnədəki pauzaların daxili psixologizmi belə tamaşanın akkorduna işləməli, bu “bədii sükutla tamaşaçının gələcəyi qənaətə nəsə pıçıldamalıdır” və s.

   Bu səpkili erudik-professional konsepsiyalar irəli sürən M.Məmmədov hər şeyə “özündən başlamaq” prinsipilə yanaşır, səhnəyə qoyduğu tamaşalarda məzmun-forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirir, hətta tərtibatçı rəssamları “ikinci rejissorkimi dəyərləndirirdi.

   Dilimizdə, qələmimizdə “asılı olmayaraq” adlı bir “mod”allıq da var ki, bu, onun hazırladığı səhnələrdə çox təbii görünürdü. O, sənətin qəbul etdiyi hər bir komponentə mizan qapısı açır, janr, mövzu, müəllif, zaman-məkan “tip”lərinə heç bir fərq, ictimai-siyasi quruluş diqtə-tabularına (nümayişkaranəliyə yol vermədən) məhəl qoymurdu. Hamısında da - sənət bəstəli lirizm, incə-mincə zəriflik, irfani-fəlsəfi düşüncə, həyati ritm, klassik-etnoqrafik ləngər, müasir-sivil rənglər...

   M.Məmmədovun əl qatdığı bütün tamaşalarda susqun zərifliklə dinamik-dramatik coşqunluğun qovuşuğu, emosional çalarlarla psixoloji qatqarlardan şirələnən ahənglər vəhdəti vardı. O, tamaşanın ali məqsədini psixoloji münasibətlərin, insanlardakı (deməli, həm də o tamaşaların iştirakçılarındakı) əbədi əxlaq-əqidə ziddiyyətlərinin mahiyyətində axtarırdı. Teatr mütəxəssislərinin qənaətincə, onun, bəzən kəskin, bəzən sadə, hərdən də həzin-hüznlü epizodlar məqamlarına verdiyi mizanları (ən “antikmövzularda belə) mütləq çağının ictimai-sosial problemləri, mənəvi-əxlaqi durumuyla əlaqələli olurdu.

   Teatr tənqidi və monoqrafik mənbələrdə bu da vurğulanır ki, sənətə daim yeni baxışlı (xüsusən, rejissurada), realist monumentallıq, fəlsəfi dərinlik çabalı M.Məmmədov öz işgüzarmübariz həyat-mülahizə-müzakirə səhnələrindəki prinsipiallıqlarını sənət səhnələrində də həyata keçirib. Bunlardan qısaca -

  

   Anons-özəklər;

  

   1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor. İki il sonra bədii rəhbər. 1956-cı ildə Opera Balet Teatrında baş rejissor. 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdış baş rejissor. Üç il sonra isə... paytaxtın teatr aləmi üçün əsl sensasiya; Mehdi Məmmədov elmi işi ilə əlaqədar, teatrdan uzaqlaşır!

   Bu “elmi fasilə” 10 ilədək sürsə , onun sönməz sənət məhəbbəti 1974-cü ildə yenidən vüsalda; Opera Balet Teatrına baş rejissor təyin edilir. Bu teatrın səhnəsində quruluş verdiyi operalar (“Toska”, “Sevil”, “Koroğlu ilk dəfə romantik-modernist üslub vəhdətində ərsəyə gətirdiyiLeyli Məcnun”) iştirakçıların ifalarında tamamilə ayrıca, tamaşaçıların müzakirə-mülahizələrində büsbütün alayıca səslənir! Məsələn, teatrşünas Aydın Talıbzadənin baxımınca: “Gecənin qaranlığında şam tutmuş Leyli (xanəndə Sara Qədimova) şəbəkə arxasında həyəcanla ora-bura gedir kölgəsi səhnənin arxa pərdəsi üzərinə düşürdü. Bu mizan operanın mənalar müstəvisindən bir fikri xüsusilə işıqlandırırdı: Leyli zülmət səltənətində - vərdişlərin, şakərlərin, ənənələrin, stereotiplərin türməsindədir!”

   Bu sənət Məcnunu isə baş rejissoru olduğu (1978-82) S.Vurğun adına Rus Dram Teatrı kimi çox tələbkar-elitar teatrda, “Opera”da, “Dram”daən mükəmməl dövr”, “hədəfi dirildən mizan-düzənlər”, “çərçivəli sənətkar təxəyyülü ilə azad tamaşaçı gözləntisinin üst-üstə düşməsikimi təbirlər işlədənlərin yaddaşlarında...

   Onun mənəvi portretinə gəldikdə;

   - ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğulluq. Özü tək eləaşiqi-sadiqsahəsinə məxsus Teatr İnstitutunda (ADMİU-da) yox, həm - digər ali məktəb tələbələrinin dinləmək arzusunda bulunduqlarıEtika estetika kursuilə - ADU (BDU)-da.

   - sənətşünaslıq elminə dair monumental “Azərbaycan dramaturgiyasının estetik problemləri”, əfsanəvi çağdaşı Hökumə Qurbanova haqdaOnun sənət ulduzu” kitabları, Azərbaycan və SSRİ (1958, 1974) Xalq artisti fəxri adları, Azərbaycan Dövlət mükafatı, səhnədə və ekranda yaratdığı sayca az, dəyərcə saz obrazlar...

   Və 1985-ci il, 28 yanvar. Sənət yolunda ağartdığı saçını vurdurası böyük sənətkar, ömrün son dəqiqələrini yaşadığından xəbər-ətərsiz, bərbərxanada növbə gözləyir...

   Hörmətli oxucu-tamaşaçılar isə, yəqin ki, “Allah rəhmət eləsin”dən başqa, daha nəsə deyilib-yazılmasını gözləmir...

  

   Tahir Abbaslı

 

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.13.