Arifin muğamı - muğamatın arifi

 

   Ustad sənətkar, Xalq artisti Arif Babayevin 80 illik yubiley gecəsi

  

   Azərbaycan muğam ifaçılığında özünəməxsus dəst-xətti ilə seçilən, xalq tərəfindən sevilən görkəmli xanəndələrimiz çox olub. Muğamlarımızın mahir ifaçısı və bilicisi, Xalq artisti Arif Babayev də belə ustad sənətkarlardan biridir. Ömrünün böyük hissəsini ulu sənətin inkişafına və təbliğinə həsr edən qocaman xanəndə bu il 80 yaşını qeyd edir.

   Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ustadının yubileyinə həsr olunan tədbir keçirildi. Tədbir xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi başlandı. Tamaşaçıların gur alqış sədaları altında yubilyar səhnəyə dəvət olundu.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley gecəsini açıq elan edərək qonaqları salamladı. Bildirdi ki, Azərbaycan musiqi tarixində muğam sənətinin özünəməxsus yeri var. Bu sənəti yaşadan xanəndələrin adı xalq tərəfindən həmişə hörmətlə çəkilir. Son dövrdə muğam ölkəmizin hüdudlarını aşaraq dünya miqyasında qəbul edilir. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmaqla muğam təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin incisi olduğunu sübut etdi. Muğamın belə bir mövqe qazanmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Bu sənəti yaşadan istər ustad sənətkarların, istərsə də gənc nəslin əməyi dövlətimiz tərəfindən hər zaman dəyərləndirilir.

   Nazir Arif Babayevin muğam sənətinin həm ifaçılığında, həm də tədrisində özünəməxsus yeri olduğunu vurğuladı: “Arif Babayev opera sənətimizin əvəzsiz ifaçılarından biridir. Xanəndənin fəaliyyəti, gənc nəslə muğam sənətinin sirlərinin öyrədilməsi sahəsində xidmətləri dövlətimiz tərəfindən qiymətləndirilmiş, o, Azərbaycanın ali mükafatlarına layiq görülmüşdür. Bu gün 80 illik yubileyi ərəfəsində dövlət başçısının sərəncamı ilə Arif müəllimin təltif edildiyi "Şərəf" ordenini siz tamaşaçıların, Arif Babayev sənətini sevənlərin qarşısında sənətkara təqdim etmək mənə nəsib olur”.

   Daha sonra nazir Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbriklərini çatdıraraq "Şərəf" ordenini yubilyara təqdim etdi.

   Yubiley gecəsi xanəndənin vaxtilə ifa etdiyi muğam və təsniflərin xanəndələr tərəfindən səsləndirilməsi ilə davam etdi.

   Tədbir boyu tanınmış incəsənət xadimləri, yaradıcılıq təşkilatlarının rəhbərləri səhnəyə çıxaraq yubilyara xoş diləklərini çatdırırdılar.

   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli muğam sənətinin müasir dövrdə inkişafından söz açaraq bildirdi ki, bu gün bütün qarabağlıların bir nisgili var. O da Şuşa, Qarabağ nisgilidir: “Biz inanırıq ki, tezliklə Şuşada Arifin sehrli səsini, ifasını eşidəcəyik”.

   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov teatr ictimaiyyəti adından xanəndəni təbrik edərək ittifaqın təsis etdiyi "Sənətkar" medalını yubilyara təqdim etdi.

   Azərbaycan Dövlət OperaBalet Teatrı adından Arif Babayevi Əməkdar incəsənət xadimi Hafiz Quliyev təbrik etdi. O, xanəndənin opera səhnəsində fəaliyyətindən söz açdı və rəhbərliyin təbriklərini çatdırdı.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov çıxışlarında bildirdilər ki, Arif Babayev ecazkar səsi, pedaqoji təcrübəsi ilə musiqimizin inkişafı və təbliğində önəmli rol oynayıb.

   Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi yubileyi muğam bayramı adlandırdı. Bildirdi ki, bir çox nəslin nümayəndələri muğamı Arif Babayevin səsi və ifası ilə dinləyib seviblər.

   Daha sonra Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu səhnəyə çıxaraq sənətkarı təbrik etdi. O öz yubileyindən sonra ilk dəfə Arif müəllimin yubileyində sarayın səhnəsində ifa edəcəyini bildirərək tamaşaçıları salamladı.

   Tədbirin sonunda görkəmli xanəndə sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür etdi, yubiley gecəsinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

   Tədbir yubilyarın tələbələrinin ifasında özününqoşulduğuQarabağ şikəstəsi”nin səslənməsi ilə yekunlaşdı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.2.