“Baku Guide” ilə aprel səyahəti
Azərbaycan paytaxtına təşrif buyuran qonaqların ənənəvi bələdçisi
olan “Baku Guide” kataloqunun
yeni çapdan çıxan aprel sayı bahar əhvallı istirahət,
mənalı və yaddaqalan səyahət üçün rəngarəng,
faydalı informasiya və yazılarla zəngindir. “Baku Guide” MMC tərəfindən ingilis
və rus dillərində hazırlanaraq
nəşr olunan kataloqda bu ay Bakıda, eləcə də ölkəmizdə keçiriləcək mühüm
tədbirlər, paytaxtın,
şəhərətrafının, həmçinin bölgələrimizin
gəzməli-görməli məkanları haqqında
məlumatlar yer alıb. Bakıda 5-7 aprel tarixində təşkil olunacaq 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər”
sərgisi, 27-29 aprel tarixində baş tutacaq Formula 1 Azərbaycan
Qran-pri yarışması
ilə bağlı materiallar da bələdçi kataloqda
dərc edilib. Nəşrdə həmçinin paytaxtımızın
mədəni və işgüzar həyatı,
aprel ayı üzrə teatr və konsert müəssisələrinin repertuarı,
muzey və sərgi salonlarının
afişası oxuculara
təqdim olunur. Bir sözlə, Azərbaycana
səyahət edən
hər bir turistin, şəhərimizin
hər bir qonağının Bakı
haqqında öyrənmək
istədiyi bilgilər
bir ünvanda - “Baku
Guide” bələdçisinin səhifələrində cəm
olunub. Nəşrin ənənəvi “Bakını kəşf
et” bölməsi bu dəfə “Müasir memarlıq və Bakının qeyri-adi tikililəri” yazısı
ilə açılır.
Son illərdə paytaxtda
inşa edilən və turistlərin marağına səbəb
olan binalar - “SOCAR
Tower”, “Flame Tower”, “SOFAZ Tower”, “Port Baku Towers” və
“Azersu Office Tower” kimi göydələnlər haqqında
məlumatlar şəhərin
yeni arxitektura nümunələrini diqqətə
çatdırır. Modern arxitektura
örnəyi olan bu binalar qarşısında
çəkilən fotolar
hər bir səyahətçinin albomunun
bəzəyi ola bilər. Kataloqun bu bölməsində
paytaxtın tarixi-mədəni
və turistik panoramı təqdim olunur. “Özünəməxsus
Bakı bazarları”,
“Azərbaycanın yaz
mətbəxi”, “Bakı
parkları və şəhər təbiəti”
sərlövhəli yazılar
bir-birindən maraqlı
mövzular barədə
məlumat verir. Həzin Bakı küləyi, romantik dəniz, dadından doyulmayacaq milli şirniyyatlar və Azərbaycanın özünəməxsus
meyvələri... Bütün bu
ab-havanı sözügedən
materiallardan duymaq olar. Kataloqun maraqlı səhifələrindən
biri də “Azərbaycanın yaz marşrutu”dur. Burada ölkənin
dəyişkən iqlimindən
söz açılır
və yaz fəslində hansı bölgələrə səyahət
etmək barədə
faydalı məsləhət
verilir. Qədim paytaxt Şamaxı,
yoxsa bulaqlar, meşələr və dağlıq ərazi ilə bol olan
İsmayıllı, bəlkə
şabalıd və fındığın vətəni
olan Qəbələ?
Yaz marşrutunu özünüz
seçin. İstəsəniz, nağıllar aləmini xatırladan Şəkiyə
də səyahət edə bilərsiniz. Kataloqda bu il Bakıda artıq üçüncü dəfə
gerçəkləşəcək Formula
1 yarışmasının qonaqları - dünya estrada ulduzlarının konsertləri barədə
də məlumat yer alıb. Ötən illərdəkindən
fərqli olaraq, bu il
Formula 1 azarkeşləri dünya
ulduzlarının çıxışlarını
möhtəşəm “Kristal Zal”da dinləyə və seyr edə
biləcəklər. 27 aprel tarixində burada ilk olaraq səhnəyə fank musiqisinin məşhur siması olan “Jamiroquai” musiqi qrupu çıxacaq.
28 aprel tarixində
bənzərsiz Kristina Aqulera,
aprelin 29-da isə dünya musiqisində özünəməxsus yerə
malik ifaçılardan
Dua Lipa konsert verəcək.
Kataloqda həmçinin il ərzində nəzərdə
tutulan mötəbər
tədbirlərə xüsusi
səhifə ayrılıb
və Bakı Şopinq Festivalı (may),
Bakıda velosiped idmanının BMX növü
üzrə təşkil
olunacaq dünya çempionatı (iyun), “Jara” estrada musiqisi
festivalı (iyul), Bakı Caz festivalı
(oktyabr) kimi tədbirlərin anonsu verilir.
“Bakı
haqqında maraqlı faktlar”dan bəhs edən səhifə rəngarəng kataloqu vərəqləyən hər
kəsin diqqətini çəkəcək. Burada qədim
şəhərdə lentə
alınmış məşhur
kinofilmlərdən bəhs
olunur.
Nəşr paytaxtda fəaliyyət
göstərən muzeylər,
teatrlar, konsert məkanları ilə tanışlığa da ətraflı imkan yaradır. Hər bir mədəniyyət
ocağı haqqında
yığcam məlumat
turistlər üçün
həm də geniş seçim imkanıdır. “Bakının musiqili axşamları” yazısı
isə milli və xarici musiqilərin müşayiəti
ilə nahar və şam etmək istəyənlərə
ünvanlanıb. Bir-birinə göz vurur,
yerdə min büsat qurur Bakının ulduzları. “Yüksəklikdə yalnız
ulduzlardır” başlıqlı
yazıda Bakının
ən gözəl mənzərəsini haradan
və hansı məkandan seyr etmək, eyni zamanda həmin məkanda ləzzətli nahar və şam
etmək barədə
məlumat ala bilərsiniz.
“Brilyant əl” filminin çəkildiyi məkan,
“Təzə bəy” hamamı, “Sevgi ağacı”... “Əsrarəngiz
Bakı - bu məkanların sirrini yalnız baklılar bilir” yazısı səyahətçilərə şəhərin özünəməxsus
tarixi ilə məşhur yerlərinin sirrini açır, onlar haqqında məlumat verir. “Görməli
yerlər və tarixi abidələr” bölməsi ənənəvi
olaraq oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə
və Yanardağa səyahətə, Bakının
memarlıq inciləri
ilə tanışlığa,
İçərişəhərin tarixi məkanlarını
gəzməyə dəvət
edir. Nəşrdə diqqətçəkən məqamlardan biri də dini məkanlar,
ibadətgahlar haqqında
məlumatlardır. Bu səhifə turistləri məlumatlandırmaqla yanaşı,
həm də Azərbaycanın tolerant ölkə
olduğunu bir daha diqqətə çatdırır. Kataloqun sonunda, “İnfo-bələdçi”
bölməsində turistlər
üçün zəruri
bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin,
turizm informasiya mərkəzlərinin ünvan
və telefonları təqdim olunur.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.16.