Nizami Kino Mərkəzində faciə
qurbanlarının xatirəsi anılıb
Martın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, Ədliyyə Nazirliyinin Mərkəzi aparatının əməkdaşları, Bakı şəhərində fəaliyyət göstərən hərbi məktəblərin kursantları iştirak edirdi.
İştirakçılar əvvəlcə Nizami Kino Mərkəzinin foyesində nümayiş olunan azərbaycanlıların müxtəlif dövrlərdə məruz qaldığı soyqırımlarından bəhs edən fotosərgi ilə tanış oldular.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirilmiş kütləvi qırğınlar, deportasiya və etnik təmizləmə faktlarından söz açdı. Bildirdi ki, 1813 və 1828-ci illərdə Çar Rusiyası və İran arasında baş vermiş müharibələrin nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqları iki hissəyə parçalandı. Bundan sonra qonşu ölkələrdən Azərbaycana ermənilərin köçürülməsinə başlanıldı. Ermənilər də zaman ötdükcə bizim tarixi torpaqlarımıza, yurd yerlərimizə iddia etməyə başladılar. Bu məqsədlərini həyata keçirmək üçün ən ağlasığmaz cinayətlərə əl atdılar, xalqımıza qarşı dəfələrlə soyqırımı törətdilər.
Qeyd edildi ki, 100 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bakı və Quba şəhərlərində, ölkəmizin digər bölgələrində kütləvi talanlar və etnik təmizləmələr həyata keçirilib. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib.
Bildirildi ki, bu hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə tarixi-siyasi qiymət verilib, 31 mart Azərbaycanlıların soyqırımı günü elan olunub.
Nazir müavini onu da diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən 1918-ci ildə törədilmiş soyqırımı hadisələrinin 100 illiyinin keçirilməsi ilə bağlı Tədbirlər planı hazırlanıb və Prezident Administrasiyası tərəfindən təsdiq olunub.
Ədalət Vəliyev qeyd etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarının, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində davamlı təbliğat işləri həyata keçirilir. Avropanın bir sıra ölkələrində, qardaş Türkiyədə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb.
Vurğulandı ki, hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də respublikanın çoxsaylı mədəniyyət ocaqlarında soyqırımı qurbanlarının anılması məqsədilə tədbirlər təşkil olunur. Bu il də ölkə rəhbərinin müvafiq sərəncamına əsasən silsilə tədbirlər həyata keçirilir.
Daha sonra ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən bəhs edən, rejissorlar Ələkbər Muradovun "Yaddaşın rəmzi. Quba-1918" və Zamin Məmmədovun "Xocalının zamini" sənədli filmləri nümayiş olundu.
Fariz
Mədəniyyət.- 2018.- 4 aprel.- S.4.