Astananın şərəfinə Bakı konserti

 

   Martın 30-da Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbə və şagirdləri Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında geniş konsert proqramı ilə çıxış etdilər.

   Bir gün əvvəl nümayəndə heyətinin rəhbərləri, astanalı gənc rəqs təmsilçiləri səfərlə bağlı brifinq keçirmişdilər. Akademiyanın nəzdindəki məktəb və peşə təhsili pilləsinin rəhbəri Svetlana Kokşinova diqqətə çatdırmışdı ki, Bakıya ilk səfərləri və qala-konsert Qazaxıstanın paytaxtı Astananın 20 illik yubiley tədbirləri çərçivəsində gerçəkləşir.

   Mərkəzi Asiyada çoxpilləli peşəkar xoreoqrafiya təhsili verən ilk ali təhsil ocağı barədə geniş məlumat verən xanım Kokşinova qeyd etmişdi ki, Qazaxıstanda klassik incəsənətin, o cümlədən rəqs sənətinin inkişafına böyük diqqət yetirilir.

   Akademiyanın Milanın La Skala Teatrının Akademiyası, Pekin Rəqs Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Moskva Dövlət Xoreoqrafiya Akademiyası və rəqs sənətini tədris edən digər tanınmış təhsil müəssisələri ilə əlaqələri var.

   Bu təqdimatdan sonra sənətsevərlər qazaxıstanlı qonaqların çıxışını maraqla gözləyirdi.

   Konsertdən əvvəl Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev çıxış etdilər.

   Nazirlik adından qonaqları salamlayan Sevda Məmmədəliyeva ümumi soy-kök, dil və mədəni bağlarımız, oxşar adət-ənənələrimiz olan qazaxıstanlı sənətçilərlə görüşə şad olduğumuzu söylədi. İki ölkə xalqlarının dostluq və qardaşlığının qədim tarixi olduğunu deyən nazir müavini vurğuladı ki, dövlətlərimiz arasında sıx münasibətlərin yaranmasında ulu öndər Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayev böyük rol oynamışlar. Tarixi zəmin üzərində qurulmuş dostluq bu gün də hər iki ölkənin rəhbərliyi - prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla inkişaf etdirilir. Dövlətlərarası münasibətlərə dair növbəti, 2018-2020-ci illər üzrə əməkdaşlıq proqramının qəbulu buna əyani sübutdur. Nazir müavini qala-konsertin iki qardaş ölkənin mədəni əməkdaşlığına töhfə verəcəyini vurğuladı.

   Səfir Beybit İsabayev konsertin 2017-ci ilin aprelində Prezident N.Nazarbayevin Azərbaycana rəsmi səfəri zamanı əldə olunan mədəni əlaqələrin inkişaf etdirilməsinə dair razılığa əsasən baş tutduğunu dedi.

   Konsertin proqramı Qazaxıstan Xoreoqrafiya Akademiyasından 60 nəfərlik tələbə-şagird heyətinin zəngin repertuarla gəldiyini göstərirdi.

   Marius Petipanın yüz ildən bəri müntəxəbat sayılan quruluşları, R.Qliyerin, P.Çaykovskinin, S.Puninin, L.Delibin, L.Minkusun baletlərinin klassik, “Secret Garden”, Regina SpetkorunApres moikimi müasir balet nömrələri, F.Şopenin “Vals”ının tam fərqli yanaşmada təqdimatı həm göz, həm də ruh oxşayırdı. Akademiyanın “Turanfolklor-etnoqrafik ansamblının ifasındakı “Balbalapan” və “Jastar” rəqs nömrələri isə ulu Turan ritmlərinin müasir xoreoqrafiya ilə üzvi vəhdətinin təfsiri kimi alqışlarla qarşılandı.

   İstər akademiyanın nəzdindəki balet məktəbi şagirdlərinin, istərsə də yuxarı təhsil pilləsi tələbələrinin eyni səviyyədə qüsursuz çıxışı, həqiqətən də, alqışa layiq idi. Solo nömrələrdə çıxış edən Sultanbek Kumar, Aziza Aymakova, Rüstam Çaxalov, Sofiya Adilxanova, İslam Kayıpbay, Arjuan Baxıtqızı və məktəblilər Kamila Şaxmanova, Alima AlixanovaAkbar İminov üçlüyünün ifalarında mükəmməllik, solistlərin ifa etdikləri nömrələri duyaraq canlandırması diqqəti çəkirdisə, kütləvi, ansambl nömrələrdəki sinxronluq göz oxşayırdı.

   Yəqin ki, yaxın illərdə çağdaş Qazaxıstan balet məktəbinin beynəlxalq festival və müsabiqələrdə uğurları barədə eşidərkən onların böyük səhnədəki ilk çıxış və alqışlarına Bakıda necə şahid olduğumuzu xatırlayacağıq.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.6.