Bakıda beynəlxalq turizm sərgisi başlanır

 

   “AİTF 2018”in açılış mərasimində Dünya Turizm Təşkilatının baş katibi iştirak edəcək

  

   Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi keçiriləcək.   

   Sərgi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı - “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşəcək. AİTF həmçinin Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən dəstəklənir.

   Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili “AİTF 2018” sərgisinin açılış mərasimində iştirak etmək məqsədilə aprelin 4-də Bakıya gəlir.

   Səfər çərçivəsində baş katibin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, digər dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycan və Dünya Turizm Təşkilatı arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi məsələləri müzakirə ediləcək.

   Zurab Pololikaşvili ölkəmizdə turizm təhsilinin dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həyata keçirilən işlərlə tanış olmaq məqsədilə Azərbaycan TurizmMenecment Universitetini də ziyarət edəcək.

  

   Sərginin rəsmi tərəfdaşı

   Bolqarıstandır

  

   Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva da “AİTF 2018”də iştirak etmək üçün Bakıya səfər edəcək. İrena Georgiyeva ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüşün keçirilməsi nəzərdə tutulur.

   Məlum olduğu kimi, Azərbaycan və Bolqarıstanın prezidentləri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə əldə olunmuş razılığa əsasən, 2018-ci il yanvarın 16-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən uçuşlar həyata keçirilir.

   Onu da qeyd edək ki, Bolqarıstan bu il AİTF sərgisinin rəsmi tərəfdaş ölkəsidir.

   İteca Caspian” şirkətindən bildirilib ki, bu il sərgidə Belarus, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, Hindistan, İndoneziya, İran, İspaniya, İtaliya, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər yer alır.

   Tədbirə qatılan şirkətlər səyahət həvəskarlarına dünyanın müxtəlif guşələrinə səfər təklifləri edəcəklər. Ümumilikdə 90-dan çox turizm istiqaməti təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.3.