Azərbaycanlı rəssam
“Dovil Art Shopping” festivalında
iştirak edib
Fransanın Dovil şəhəri ilk dəfə olaraq Luvr muzeyinin təşkil etdiyi “Art
Shopping” festivalına ev sahibliyi edib. İstedadlı gənc azərbaycanlı
rəssam Məryəm
Ələkbərli də
incəsənət festivalında
iştirak edib.
Festivalın açılışında iştirak edən şəhərin meri Filip Ojye gənc
rəssam Məryəm
Ələkbərlinin stendini
ziyarət edib.
O, rəssamın əsərlərinin
məziyyətlərindən danışıb, müəllifə
uğurlar arzulayıb.
Festivala gələn incəsənət
kolleksiyaçıları da
Məryəmin stendi ilə yaxından tanış olublar. Fransanın məşhur aktyoru,
kolleksiyaçı Jerar
Depardye Məryəmin
rəsm əsərini
şəxsi kolleksiyasına
daxil etdikdən sonra gənc rəssamın əsərləri
tanınmış kolleksiyaçılar
tərəfindən maraqla
izlənilir.
Fransız qalereyalarının rəhbərləri
gənc rəssamın
vernisajlarını keçirməyi
təklif ediblər.
İncəsənət nümayəndələri və ziyarətçilər
gənc rəssamın
stendini maraqla izləyib, əsərləri
ilə bağlı fikirlərini bölüşüblər.
Fərqli baxışları olan azərbaycanlı gənc rəssam maraqlı, qeyri-standart ölçülü əsərləri
ilə Fransada incəsənət nümayəndələrinin
diqqətini artıq bir neçə ildir ki, cəlb
edib. Parlaq rənglərlə canlı modelləri və ya natürmortları
kətan üzərinə
köçürən müəllif
artıq rəssamlıqda
öz dəst-xəttini
yaradıb. İncəsənət tarixçiləri Məryəm
Ələkbərlinin, Parisdə
təhsil alsa da, əsərlərində
hiss olunan ekspressionizm və ruhun doğma
vətənindən gəldiyini
vurğulayırlar. Onun əsərləri
canlı rənglərin
improvizasiyası vasitəsilə
ifadə olunan nostalgiya melodiyası kimi xarakterizə olunur.
Qeyd edək
ki, aprelin 2-dək davam edən “Dovil Art Shopping” festivalında
80 rəssamın, memarın, fotoqrafın əsərləri nümayiş olunub.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.10.