Beynəlxalq uşaq
kitabı günü qeyd
olunub
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 aprel - Beynəlxalq uşaq kitabı gününə həsr olunmuş sərgi açılıb.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək bu günün tarixi və əhəmiyyəti barədə danışıb. Bildirib ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq uşaq kitabı günü kimi qeyd olunmağa başlayıb. Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. Bununla yanaşı, oxucuların informasiya tələbatının ödənilməsi üçün onları son nəşrlərlə tanış etmək və məlumatlandırmaqdır.
Diqqətə çatdırılıb ki, əlamətdar gün ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd edilir.
Sonra Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami əl-Aydinin “Misir və Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan və dünya uşaq ədəbiyyatının təbliği istiqamətində çap olunan kitablardan söz açan məruzəçi deyib ki, sərgidə Misir mədəniyyətinə, folkloruna həsr edilən kitablar da yer alıb.
Tədbirdə məktəblilərin təqdimatında nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiya nümayiş olunub.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.3.