“Əsrin sınağı”

 

   Martın 30-da Azərbaycan İstiqlal Muzeyində “Əsrin sınağı” adlı tədbir keçirildi. Tədbir ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına əsasən təşkil edilmişdi.

   Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək ötən əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarından danışdı. Bildirdi ki, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907, 1918, 1948 və 1992-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı qırğınlar törədiblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim yurd yerlərimizi əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. On minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

   Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, professor Həvva Məmmədova çıxış edərək soyqırımının ağır nəticələrindən söz açdılar. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımı cinayətlərini araşdırıb. Diqqətə çatdırıldı ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu faciəli tarix ətraflı araşdırılıb, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan olunub.

   Çıxışlardan sonra Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı bədii hissə təqdim olundu.

   Sonda tədbir iştirakçıları “Əsrin sınağı” adlı sərgiyə baxdılar. Sərgidə muzeyin fondundan Sabir Çopurov, Nazim Məmmədov, Cavid Bayramlı, Sara Manafova, Əşrəf Heybətov, Rahib QarayevMehriban Şəmsəddinskayanın Azərbaycan xalqının başına gətirilmiş dəhşətləri əks etdirən 25 rəsm və heykəltəraşlıq nümunəsi nümayiş olunurdu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.7.