İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi açılıb

 

   Xalq yazıçısı, görkəmli kinodramaturqBizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenaristi, “Mezozoy əhvalatı”, “Truskavetsə kim gedir?”, Bütün yaxşılıqlar üçün - ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovu həm Azərbaycanda, həm də xaricdə tanıyır və yüksək qiymətləndirirlər. Ədibin babası, neft sənayeçisi Ələkbər Məşədibəyov yüz il əvvəl inşa etdirdiyi bina bundan sonra onun adını daşıyan Yaradıcılıq Mərkəzi kimi fəaliyyət göstərəcək.

   Vaxtilə yazıçının ailəsinin yaşadığı, sonralar kommunal mənzillərin olduğu yaşayış evi kimi istifadə edilən binada 1978-ci ildən Sülhü Müdafiə Komitəsi yerləşib. 1983-2016-cı illərdə həmin komitəyə Maqsud İbrahimbəyov rəhbərlik edib. Maqsud İbrahimbəyovun sədrlik etdiyi Azərbaycanın “PEN klubu və “Əsilzadələr Məclisi” də burada fəaliyyət göstərib. Bina 2001-ci ildən İçərişəhər qoruğunun tarixi abidələr siyahısına daxil edilib.

   Martın 30-da İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

   Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir. Ədəbiyyat otağında yazıçının müxtəlif dillərdə nəşr olunan kitabları təqdim olunur. Burada, həmçinin yazıçının əsərlərinin dərc olunduğu bütün dərgilər toplanıb. Eksponatlar arasında Maqsud İbrahimbəyovun təltif olunduğu ordenmedallar, digər mükafatlar var.

   Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan ailəsinin xələfi olub: atası Məmmədibrahim Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər qızı İbrahimbəyova-Məşədibəyova. Yaradıcılıq Mərkəzində Məşədibəyov və İbrahimbəyov ailələrinin fotoşəkilləri, eləcə də onlara məxsus qədim məişət əşyaları təqdim edilir. Mərkəzdə, həmçinin Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal var.

   Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə binada əsaslı bərpa və konservasiya işləri aparılıb. Azərbaycan Prezidentinin 2018-ci il 1 fevral tarixli sərəncamına əsasən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib.

   Mərkəzin açılış mərasimində çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, bu məkan ölkəmizin mədəni, ədəbi, mənəvi, ictimai-siyasi irsinə mühüm töhfələr verən böyük insanın, görkəmli Azərbaycan yazıçısının xatirəsini əbədiləşdirir:Maqsud müəllim əsl vətənpərvər idi. O, bütün qəlbi ilə Azərbaycana, öz torpağına bağlı idi. Cəsarətli vətəndaş mövqeyi olan insan idi. O öz ideallarını və prinsiplərini bütün həyatı boyu dəyişməyib. Onun hər bir əsəri bu günümüz və dünənimizlə heyrətamiz dərəcədə səsləşir və şübhə etmirəm ki, sabah da aktual olacaq... Çox istəyirəm ki, burada onun bəyəndiyi, yaratdığı və yaşadığı mühit olsun. Düşünürəm ki, bu yer istedadlı gənclərin müxtəlif görüşlərinin keçirildiyi, azərbaycanlı yazıçıların, ədiblərin dəstəkləndiyi, ədəbi-bədii gecələrin təşkil olunduğu məkan olacaq”.

   Yazıçının həyat yoldaşı Maqsud İbrahimbəyovun xatirəsinə göstərilən hörmətə və Mərkəzin yaradılması ilə bağlı dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya təşəkkürünü bildirib.

   Sonra ədibin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət videoçarx nümayiş etdirilib. Videoçarx yazıçının “Uzun ömür yaşayın və qoy sizin ömrünüzün hər günü sevinclə dolu olsun” sözləri ilə yekunlaşır.

   Mərasimdə yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ürək sözlərini, xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.8.