“Qəribə, çox qəribə əhvalat”

 

   Yeni səhnədə yeni tamaşa

 

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni yaradılan Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında hazırlanmış “Qəribə, çox qəribə əhvalat” tamaşasının premyerası olub.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, mart ayının sayca üçüncü premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın bədii rəhbəri Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemətovdur. Rollarda xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edib.

   Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz vəziyyətlə üzləşməsindən bəhs edir.

   Qatar bələdçisi işləyən Draqitsa eyni vaxtda iki kişiyə ərə getməyi, üstəlik sirri uzun illər onlardan gizli saxlamağı bacarıb. Günlərin birində sirrinin üstü açılır. Aldadılan kişilər isə ortaq nöqtə tapmağa, anlaşmağa cəhd edirlər.

   Qeyd edək ki, 1962-ci il təvəllüdlü Miro Havran Xorvatiyanın tanınmış yazıçı-dramaturqudur. Onun pyesləri müxtəlif ölkələrdə, o cümlədən, Amerika, RusiyaBraziliya teatrlarında səhnəyə qoyulub.

   Mədəniyyət.- 2018.- 4 aprel.- S.11.