Azərbaycan bəstəkarlarının musiqisi uşaqların ifasında

   Cəlal Abbasovun “Şən bahar” operası və “Düzgülər” kantatasının konsert-tamaşası nümayiş olundu

  

   Aprelin 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Klassik musiqi həvəskarları klubunun 10 illiyinə həsr edilən konsert-tamaşa təqdim edildi.

   Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlıq etdiklərini bildirdi, birgə layihələrin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, muzey və yaradıcı təşkilatın həyata keçirdiyi “Azərbaycan bəstəkarlarının musiqisi gənc ifaçıların təqdimatında” layihəsi də bu əməkdaşlığın nümunəsidir.

   Diqqətə çatdırıldı ki, muzeyin Klassik musiqi həvəskarları klubunun bugünkü yubiley tədbirində Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasovun “Şən baharuşaq operası və “Düzgülər” kantatası təqdim ediləcək. Konsert-tamaşa sözügedən birgə layihə çərçivəsində Bakı şəhəri Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərinin iştirakı ilə hazırlanıb.

   Sonra konsert-tamaşa nümayiş olundu. Əlvan rəngli milli geyimlər, milli bayram atributları, şən zarafatlar, gənc ifaçıların milli mədəniyyət ənənələrimizin zənginliyindən doğan əhval-ruhiyyəsi tamaşaya xüsusi gözəllik gətirərək izləyicilərə xoş ovqat bəxş etdi.

   Konsert-tamaşanın quruluşçu rejissoru Əməkdar müəllim Gülnarə Səfərova, bədii rəhbər xormeysteri Leyla Zalıyeva, konsertmeysteri Arzu Bayramova, səhnə tərtibatçısı Nigar Əliyevadır.

  

   Savalan Fərəcov

 

Mədəniyyət 2018.- 6 aprel.- S.8.