Musiqi təhsilinin
optimallaşmasına xidmət
edən layihə
Uşaq musiqi və incəsənət məktəblərinin
tədris portalı istifadəyə verilib
Çox oxumaq, araşdırma
aparmaq, biliyi paylaşmaq, müzakirə
etmək peşəkar
və həyat haqqında məlumatlı
olmaq deməkdir.
Bu bilgilərin əldə olunmasında ənənəvi üsullarla
yanaşı, hazırda
daha çox elektron informasiya vasitələrindən istifadə
edilir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
bütün sahələrdə
uğurla tətbiq olunur. Xüsusilə təhsil sahəsində
həyata keçirilən
innovativ yeniliklər tədris prosesinin optimallaşdırılmasına, effektivliyin artırılmasına
xidmət edir.
Mədəniyyət və Turizm
Nazirliyinin yeni istifadəyə verilən
Uşaq musiqi və incəsənət məktəblərinin tədris
portalı () bu baxımdan böyük əhəmiyyətə malikdir.
Portalın yaradılmasında məqsəd bu sahədə daha dinamik və günün tələblərinə
uyğun fəaliyyətin
qurulmasıdır. Sayt
vasitəsilə musiqi
və incəsənət
məktəblərində çalışan
insanlar musiqi sahəsində baş verən tədris yenilikləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Musiqi məktəblərində tədrisin keyfiyyətli, günün tələbləri
səviyyəsində qurulması,
ən yaxşı pedaqoji nailiyyətlərin
yayılması, elmi-metodik
yeniliklərin öyrənilməsi
və təbliğ olunmasını təmin etmək dövrün vacib çağırışıdır.
Zəngin elektron resurs
bu çağırışlara
adekvat cavab verir.
Sənə yaxın məktəbi və sevdiyin ixtisası seç
Portalın “İxtisaslar” adlı
ilk bölməsində ölkəmizdə
fəaliyyət göstərən
uşaq musiqi və incəsənət məktəblərində tədris
olunan ixtisaslar haqqında geniş informasiya verilir. Burada milli və
Avropa musiqi alətləri (fortepiano, gitara,
qarmon, saz, balaban, tar, kamança, qanun, violin, saksofon, qoboy, klarnet və s.) ilə yanaşı, xor dirijorluğu, nəzəriyyə,
bəstəkarlıq, caz-improvizə,
xanəndəlik, estrada
oxuma, vokal və digər musiqi ixtisasları barədə bilgi almaq mümkündür. Bölümdə həmçinin bu
ixtisasların tədris
olunduğu paytaxt və bölgələr üzrə təhsil müəssisələri haqqında
məlumatlar yer alıb.
Saytda 200-dən
çox bədii təhsil müəssisəsinin
yaranma tarixi, iş rejimi,
tədris olunan ixtisaslar, ünvan (o cümlədən elektron),
əlaqə nömrələri
və s. öz əksini tapıb. Hər bir valideyn övladını
yaşadığı əraziyə
yaxın məktəbdə
oxutmaq üçün
həmin təhsil ocağı haqqında bu portal vasitəsilə ətraflı məlumat əldə etmək imkanına malikdir.
“Tədris vəsaitləri” bölməsində
məktəblərin il ərzində nəzərdə tutulan tədris proqramları, gündəlik iş planları və metodiki vəsaitlər yerləşdirilib. Rəssamlıq,
solfecio, Azərbaycan musiqi ədəbiyyatı
(11 illik təhsil üzrə), Azərbaycan xalq musiqisinin əsasları, harmoniya
(11 illik təhsil üzrə) və digər fənlər üzrə gündəlik
iş planları, çoxsaylı metodiki vəsaitlərin təqdim
olunduğu portal bu sahədə çalışan
insanların vahid mənbədən çevik
və rahat şəkildə yararlanmasına
şərait yaradır.
Mətnlərin yerləşdirilməsi təkcə mütəxəssislərin
deyil, bu sahə ilə maraqlanan hər kəs üçün faydalıdır. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik
Mərkəz tərəfindən
mütəxəssislərin müəllifliyi ilə nəşr olunan mətnlərin tam olaraq saytda yerləşdirilməsi
uşaq və incəsənət məktəblərində
tədris sisteminin asanlaşdırılmasına xidmət
edən əhəmiyyətli
addım kimi dəyərləndirilməlidir. İstənilən ixtisas üzrə
dərs deyən müəllim öz bilik və bacarığını
rahat şəkildə
artıra bilər.
Şən notlar...
Saytın “Notlar” bölməsi
də maraqlı informasiyalarla zəngindir.
Musiqi və incəsənət məktəblərində tədris
olunan bütün ixtisasları əhatə edən not bazası müəllim və şagirdlərin bu sahədə işlərini
daha da asanlaşdıracaq.
Portalda müvafiq ixtisaslar (tar, arfa, qoboy, kontrabas
və s.) üzrə tədris olunan əsərlərin notlarını
əldə etmək mümkündür. Polifonik, etüd,
aşıq havaları,
iri formalı əsərlər, konsert, romans və digər janrları əhatə edən, ümumilikdə 80-dən artıq
əsərin notu hər kəsin istifadəsindədir.
Azərbaycan və dünya bəstəkarlarını yaxından
tanıyın
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli
nümayəndələri haqqında
saytın “Bəstəkarlar”
bölməsində məlumat
almaq olar. Burada professional musiqimizin banisi Üzeyir Hacıbəyli, görkəmli
bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Firəngiz Əlizadə və digərlərinin həyat
və yaradıcılığı
haqqında müfəssəl
məlumat verilir. Eyni zamanda dünyanın bir sıra məşhur
bəstəkarları (A.Vivaldi,
C.Rossini, C.Verdi, D.Şostakoviç, F.List,
F.Şubert, L.V.Bethoven
və s.) barədə
də bilgilər yer alıb.
Bölmədə Azərbaycan və
dünya bəstəkarlarının
məşhur əsərlərinin
annotasiyası və notlarının verilməsi,
habelə bir sıra musiqi əsərlərinin audiofayllarının
da yerləşdirilməsi
saytın əhəmiyyətini
artıran vacib məqamlardır.
“Alətlər”
bölməsində isə
musiqi alətlərinin
yarandığı yer
və tipi haqqında məlumat verilir. Burada simli, nəfəsli, zərb və klavişli alətlərin
hər birinin tarixi, yarandığı ölkə və özəllikləri barədə
bilgi almaq mümkündür. Saytda həmçinin
bu alətlərin səslərini də dinləmək imkanı
var.
Ustad dərslərinə həmişə
ehtiyac var
Portalın “Ustad dərsləri”
bölməsi də istifadəçilər üçün
maraq doğuracaq.
Çünki vaxtilə musiqi
və incəsənət
məktəblərində təşkil
olunmuş ustad dərslərinin audioyazılarının
burada yer alması müəllim və şagirdlər üçün çox əhəmiyyətlidir. Audioyazı vasitəsilə
istənilən vaxt bu dərsləri sinif otaqlarında yenidən təşkil etmək imkanı yaranır. Müxtəlif ixtisaslar üzrə
tanınmış sənət
ustalarının keçdiyi
ustad dərsləri gənc nəslin məşğul olduğu
sahəyə marağının
artırılmasına, sənətini
sevməsinə və
onların yaradıcılıq
potensiallarının artırılmasına
xidmət edir.
Saytın sonuncu - “Faydalı linklər” bölməsində isə sizi maraqlandıran sahələr üzrə zəngin məlumatlar əldə edə bilərsiniz. “Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları", “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Muğam ensiklopediyası”, “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”, eləcə də not kitabxanası, not arxivi, fortepiano üçün notlar və s. bilgilərinizi daha da zənginləşdirəcək.
Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı ilə tanışlıqdan sonra ölkəmizdə digər sahələrlə yanaşı, musiqi təhsilinin də yüksək dövlət qayğısı ilə əhatə olunduğu həqiqəti bir daha təsdiqini tapır. Köklü ənənələrə malik Azərbaycan musiqi mədəniyyətinin gələcək nəsillərə sistemli şəkildə çatdırılmasının göstəricisi olan sayt bu sahənin mütəxəssisləri və şagirdlər üçün qiymətli mənbə rolunu oynayacaq.
Lalə Azəri
Mədəniyyət 2018.- 6 aprel.- S.10.