“Arşın mal alan”ın özbəkcə yeni tamaşası

 

 

   Daşkənddəki “Diydor” teatr-studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alanmusiqili komediyasının özbək dilində nümayişi keçirilib. Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

   Tamaşanın rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev, rəssamı Dono Ganiyevadır. Əsas rolları Olmas Orayev, Xurşida Arabşoeva, Adiz Rajabov ifa ediblər. Musiqi tərtibatçıları arasında Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevvar.

   “Arşın mal alanilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkəndin “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib. 1921-ci ildə musiqili komediya Buxarada da tamaşaya qoyulub. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar musiqili komediyaya səhnə həyatı veriblər.

   Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Özbəkistanın şəhərlərində təqdim edilib. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrında rus dilində səhnələşdirilib.

 

Mədəniyyət 2018.- 6 aprel.- S.5.