“Şirinlər” səhnəyə
çıxır
Mart ayında bayramqabağı balaca teatrsevərlərə ardıcıl olaraq iki tamaşa təqdim etmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır. Mövsümün repertuar planına əsasən, bu dəfə uşaqların mavi ekrandan yaxşı tanıdıqları qəhrəmanlar teatrın səhnəsinə çıxacaqlar.
Söhbət Peyo təxəllüsü ilə məşhurlaşan Pyer Külliforun “Şirinlər” pyesi əsasında eyniadlı yeni tamaşadan gedir.
Kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşada xeyirxahlıq, insanların bəd əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hislər aşılanır. Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, geyim üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır. Plastik həll Ceyhun Dadaşova həvalə edilib.
“Şirinlər” tamaşasında əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, həmçinin Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev səhnəyə çıxacaqlar.
Hələlik tamaşanın masaətrafı məşqləri gedir. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, tamaşanın 1 iyun - Beynəlxalq uşaqları müdafiə günündə oynanılması nəzərdə tutulub.
Mədəniyyət 2018.- 6 aprel.- S.6.