“Kişi,
qadın, pəncərə...”
Komediya - Rey Kunidən,
tərcümə - Mişindən, tamaşa
- bizdən
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tanınmış ingilis dramaturqu, “vəziyyət komediyası”nın (“situation comedy” - sitcom) ustası Rey Kuninin əsəri tamaşaya hazırlanır. Müəllifin «Qarışıqlıq» adlandırdığı pyes postsovet məkanında Mixail Mişinin tərcüməsində «13 ¹-li» adı ilə məşhurdur. Teatrın mətbuat xidmətindən bildiriblər ki, müəllifin razılığı ilə əsər «Kişi, qadın, pəncərə... məşuq» adı ilə Bakı tamaşaçısına təqdim ediləcək.
Xalq artisti İranə Tağızadənin quruluş verdiyi “sitkom” qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu «Vestminster» hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. İşə bax ki, pəncərələri «Biq-Ben»ə baxan otağın nömrəsi 13 imiş! Elə tamaşadakı bütün gərginliklər nəhs rəqəmin ucbatından başlayır. Sonra da... Daha nələr olacaq, nə baş verəcək, bütün bunları 3 və 4 may tarixinə nəzərdə tutulmuş premyerada biləcəyik.
«Kişi, qadın, pəncərə... məşuq» tamaşasında Xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Fuad Osmanov, Natalya Baliyeva və Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Həcər Ağayeva, Murad Məmmədov və başqaları məşğuldur. Tamaşanın rəssamı Aleksandr Fyodorov, geyim rəssamı Olqa Abbasovadır. Pyesin xoreoqrafik və plastik həlli Fuad Osmanov və Mariya Dubovitskayaya, musiqi tərtibatı isə Vladimir Neverova həvalə edilib.
Gülcahan
Mədəniyyət 2018.- 6 aprel.- S.6.