Sevimli nağıl yeni tərzdə, fərqli yozumda

 

   Yaşından asılı olmayaraq, hər bir debüt həyəcan gətirir. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "Şəngülüm, Məngülüm" tamaşasında da bu həyəcan az deyildi.

   Əvvələn, ona görə ki, sevimli nağılımızın budəfəki quruluşunda Mikayıl Müşfiqin nəzmlə yazdığı variantdan istifadə olunmuşdu. Amma Ana keçinin üç balasından biri - Şüngülüm ixtisara salınmışdı. İkincisi, dəfələrlə bu teatrda tamaşaya qoyulmuş nağıl ilk dəfə monotamaşa janrında hazırlanmışdı. Üçüncüsü və ən başlıcası, ona görə ki, bu tamaşada peşəkar kuklaçı aktyor yox, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva çıxış edirdi.

   Nə qədər peşəkar teatr sənətçisi olsa da, ilk dəfə tamam başqa teatr janrında çıxış etmək, bir tamaşada beş kukla oynadıb, təxminən 40 dəqiqənin içində cilddən-cildə düşmək, səsini dəyişməklə yanaşı, həm də Nağılçı rolunda çıxış etmək yeni bir , fərqli yaradıcılıq sahəsidir.

   "Şəngülüm, Məngülüm" tamaşasının quruluşçu rejissoru və ixtisarlı səhnə mətninin müəllifi Anar Məmmədovdur. O, bir aktyorun səhnə performansını gerçəkləşdirməyə kömək edən, personajların çıxdığı sandığın açılaraq meşə mənzərəsinə, Keçinin evinə, Dəmirçinin emalatxanasına çevrilən dekorasiya seçməklə nağıl-tamaşaya mobil quruluş verməyə nail olub.

   Teatrın baş rəssamı İqbal Əliyev isə bir neçə kukla texnikasının sintezinə müraciət edib. Çoxpersonajlı monotamaşada bir aktyorun həm Nağılçı kimi, həm də Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi obrazlarında səhnəyə çıxmasını nəzərə alaraq, qolçaq kuklalardan istifadə olunub. O ki qaldı tamaşanın yığcam dekorasiyasına və kuklaların görkəminə, uşaqların zövqünü nəzərə alaraq və onların diqqətini səhnədə mümkün qədər çox saxlamaq üçün şuxdolğun boyalardan istifadə edilib. Ana keçi kuklasında yaraşıq, Şəngülümlə Məngülümün görkəmindəsə əsl çəpişlərə xas şirinlik, Canavarın görünüşündə qorxuncluq, Dəmirçinin simasındasa nuraniliklə ağır zəhmətə qatlaşan insanın yaşadığı illərin ağırlığı öz əksini tapıb.

   Tamaşaya Əməkdar artist Elza Seyidcahan musiqi bəstələyib. Mahnıların mətni elə Mikayıl Müşfiqin mənzum nağılından seçilib. Təbii ki, bütün mahnılar da elə monotamaşa ifaçısının səsi ilə lentə alınıb.

   Tamaşa başlayandan ifaçı Ülviyyə Əliyevanın həyəcanı hiss olunurdu. Aktrisa özünü qədər ələ almağa çalışsa da, səsindəki təlaş notlarını yığışdıra bilmirdi. Əslində, bu təlaş notlarının nədən yarandığını biz böyüklər, özü teatra bir köynək yaxın olanlar duyduq, balaca nağıl teatrsevərlər üçünsə bu, tamaşadakı dramatizmə xidmət edən, "qorxulu" əhvalatın məğzini açan bir çalar idi. Ülviyyə xanım isə artıq neçə aydan bəri üzərində çalışdığı tamaşada yeni səpkili çıxışını qüsursuz tamamladı.

   Uşaqları çox sevən, lakin onların yaşlarına uyğun repertuarı olmadığından bu boşluğu doldurmaq istəyən aktrisanın riskli addımı özünü doğrultdu. Bundan sonrasını tamaşa özü yaşayacaq, onun taleyini isə XXI əsrin uşaqları müəyyən edəcək.

  

   G.Mirməmməd

 

Mədəniyyət 2018.- 6 aprel.- S.6.