İnsanı vüqarlı yaşamağa çağıran poeziya
Özbək şairəsi Zülfiyyənin şeir dünyası
XX əsr özbək poeziyasının tanınmış nümayəndələrindən olan şair, tərcüməçi Zülfiyyə (Zülfiyyə İsrailova) yaradıcılığı ilə insanları saflığa, birliyə, ünsiyyətə səsləyib. Azərbaycan poeziyasının Özbəkistanda təbliğində də onun xidmətləri var.
O, 1915-ci ildə Daşkənddə anadan olub. Qızlar pedaqoji məktəbində təhsil aldığı zaman şeirlər yazmağa başlayır. İlk şeiri 1930-cu ildə mətbuatda dərc edilir. Bundan sonra şeir və məqalələrlə mütəmadi olaraq qəzet və jurnallarda çıxışlar edir. 1932-ci ildə “Həyat səhifələri” adlı ilk şeirlər kitabı çapdan çıxır.
1934-cü ildə Zülfiyyə özbək şairi, dramaturq və tənqidçi Həmid Alimcanla ailə qurur. 10 il sonra həyat yoldaşı vəfat edir. Bundan sonra o, nəşriyyatda əmək fəaliyyətinə başlayır, həmçinin müxtəlif mətbuat orqanlarında jurnalist kimi çalışır. 1953-1985-ci illərdə “Özbəkistanın xatun qızları”, “Səadət” jurnallarının baş redaktoru olur.
1956-cı ildə Asiya və Afrika yazıçılarının Hindistanda keçirilən konfransında iştirak edir. Araşdırmalarda qeyd olunur ki, vətənə döndükdən sonra konfransın təəssüratları əsasında “Müşairə” adlı poemasını qələmə alır. Müəllif poemada xalqlar dostluğunu, insanpərvərlik və s. ideyaları əks etdirib. Şairənin bu poeması Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatına layiq görülür.
Zülfiyyənin əsərləri Azərbaycan oxucularına da tanışdır. Şairənin şeirlərini Ələkbər Ziyatay, İlyas Tapdıq, Mirvarid Dilbazi dilimizə çevirib. Onu da qeyd edək ki, 1978-ci ildə Bakıda Özbəkistanın ədəbiyyat və mədəniyyət günləri keçirilir. Həmin ərəfədə özbək ədəbiyyatı nümunələrinin toplandığı “Nəğməkar Özbəkistan”, “Nurlu diyar”, “Balalara hədiyyə” antologiyaları işıq üzü görür. Görkəmli özbək şairi Əlişir Nəvainin “Yeddi səyyarə”, Maqsud Şeyxzadənin “Əks-səda”, Zülfiyyənin “Torpağa səcdə”, Rəmz Babacanın “İşıqlar”, Mirtemirin “Ülfət” və s. kitablar nəşrə hazırlanır.
Xalq şairi Mirvarid Dilbazi həmkarının yaradıcılığından bəhs edərkən deyib: “Onun əsərlərinin ən böyük məziyyəti onların obrazlılığındadır. Onun mövzuları müxtəlif, boyaları rəngarəng, poeziyası nikbindir. Bu nikbin poeziya insanı yüksəlməyə, vüqarlı yaşamağa, mətanətli olmağa çağırır. Zülfiyyə vətənpərvər, insanpərvər şairdir”.
Şairə “Göyçədağ” əsərində yazır:
Göyçədağ vəsfini qazaxdan sorun,
Bu yerin havası eşqtək safdır.
Göldə əks olunan camalı onun
canlı
kitabdır.
Daddım Göyçədağın saf
qımızından,
Baharın ətrini duydum
onda mən.
Uzandım otluğa, qırışlar
bu an
itdi
üzümdən.
Getdim, burada qoyub qəlbimi,
Lakin özümü dağların
vurğunu saydım.
Dedim: “Göyçədağın nəğməsi
təkin
nəğmə
yazaydım!”
Ədəbiyyatşünas,
professor Pənah Xəlilov şairin poetik nümunələrini
yüksək dəyərləndirərək
yazır ki, bu lirikada yalnız
Zülfiyyəyə məxsus
fərdi duyğular və düşüncələr
vardır. Bu duyğular
taleyin zərbəsinə
məruz qalmış
nakam qadınların,
ömrünü ailəsinə,
ümidini qələminə
bağlamış anaların
və şairlərin
könül aləmini
təmsil edir.
Zülfiyyə yaradıcı fəaliyyətində tərcüməyə də yer verib. O, N.Nekrasovun, M.Kərimin, N.Hikmətin, M.Dilbazinin, M.Gülgünün, N.Rəfibəyli və H.Büllurinin bir sıra əsərlərini özbək dilinə çevirib. Azərbaycanlı müəlliflərin əsərini ana dilinə çevirməkdən məmnun olduğunu ifadə edib. Bir çıxışında deyib: “Azərbaycanın klassik şairi və ictimai xadimi Molla Pənah Vaqifin şeirlərini Nəvai dilinə çevirərkən böyük sevinc hissi duydum. Cəmi iki-üç cümlədə əks olunan ümman məhəbbəti şərh etməyə lüzum yoxdur”.
Onu da qeyd edək ki, Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən sevilən Zülfiyyə Lənkəranın fəxri vətəndaşı olub.
Yaradıcılığı və ictimai fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilən yazar 1965-ci ildə Özbəkistanın Xalq şairi adına, 1976-cı ildə SSRİ Dövlət mükafatına, 1985-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Maraqlı yaradıcılığı ilə daim xalqlar və insanlar arasında körpü salmağa çalışan şairə 1996-cı ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 6 aprel.- S.12.