Əbədi “Molla Nəsrəddin”

 

   Milli varlığımızın 25 ilinin ilk yarısını özəl-özgüri, son parasını özgəvi-məcburi əks etdirməli olmuş azman Ayna...

  

   Bütün hallarda, əbədiyanar Söz şamımız. O tay-bu tay Azərbaycanın və Yaxın Şərqin maarif-mədəniyyət hədəfli uzaqvuran irfan artilleriyası. Toxunduğu ictimai-siyasi-sosial problemlərə adını daşıdığı yarıreal-yarıəfsanəvi Obraza məxsus - gah ovqataçan, gah gülüşsaçan priyomlarla yanaşıb, düzələsilərilə yollaşmış, üzüləsilərilə savaşmış, bu xalqın pis günə qoyulmuş “keçəl-küçəl”ini dilləndirməyə, “obrazavoyski” məmurlarını, “al molla”larını susdurmağa çalışmış analoqsuz Azərbaycan Qələm-Məbədi!..

   Bu bənzərsiz mənəvi Qala, zaman-zaman aşınıb-yoxalası maddi qalalardan fərqli olaraq, əbədi qalacaq. Alnında da ali-ulu memarının - bu millətin misilsiz MİRZƏsinin, Mərd cəfakeş və Dərd “səfakeş”inin adı: Cəlil Məmmədquluzadə!

   Bəli, həyat yoldaşını müalicə etdirmək üçün 1903-cü ildə (ovaxtlarçün Qafqazın universal mədəniyyət mərkəzi) Tiflisə aparan və məlum “Poçt qutusu” ilə burada tanış olduğu görkəmli ziyalı M.Şahtaxtlının (“Şərqi-Rus" qəzetinin redaktoru) diqqətini cəlb edən Cəlil jurnalist Ö.F.Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birləşərək, öz xalqının 25 illik tarix-taleyini əks etdirəsi bu jurnalın nəşrinə başlayır.

   Ötən əsrin əvvəllərindən bu dahi Mirzəmiz və onun əqidə qələmdaşları qoca Şərqin müdrik təfəkkür təmsilçisi, lətif lətifələr kanı, baməzəlik rəmzi, şifahi “Xalq yazıçı”sı Molla Nəsrəddinin ad-timsalı ilə (başda “Azərbaycan nüfusu” olmaqla) xalqların yazan əlinə çevrildi. Millətinin, düşmənlər tərəfindən qurudulmağa çalışılan anlam dəryasına qarşısıalınmaz çay kimi axmış bu universal müəllifin özü isə belə deyirdi: “Molla Nəsrəddin”i zaman özü yaratdı”...

   Dünyaya Gürcüstan paytaxtında (1906) göz açan bu jurnal “Tiflis, 7 aprel” adlı ilk məqalə-bəyannaməsilə bizi deyib gəlməyə başladı.

   Bəndəniz bu məcmuənin yaranışını, dövrün (bəlkə də bütün dövrlərin) digər nəşr nümunələri ayağından, “nəşr edilməyə, çıxmağa başladı” kimi bəyandarlığında bir məsuliyyət qırıqlığı olduğunun fərqindədir; bu jurnal həmin tarixçədən etibarən bu xalqın mənəvi səmasında ədəb-irfan çaxmağa, təfəkküründəki qaranlıqlara məfkurəvi işıq saçmağa başlayıb! Və düz 25 il türk-müsəlman dünyasına xəlqi oyanış, milli-əxlaqi ucalış, artıq əsrə yaxındır ki, bar-varından bəhrələndiyimiz maarifçilik aşılayıb.

   Ancaq... məlum bir şikəstəmizin sözü olmasın, niyə “Şəki-Şirvan-Qarabağ” və bunların ən “baş kəndi” olan Bakıda yox, -

  

   Məhz Tiflisdə?!.

   

   Ordinar cavablardan öncə deyək ki, bunun bir sıra “tarixi-müqəddəm” səbəblərilə yanaşı, elə həmin jurnaldakı “Dəmdəməki” istinadlı felyetonların birində ərz edilən “əmma”ları da vardı. O Dəmdəməki ki, Mirzə Cəlil bu öz təxəyyül qəhrəmanı ilə jurnal səhifələrində tez-tez “məktub”laşır, müxtəlif “milli biabırçılıq”larımızla (məsələn, “azyaşlı qızların çoxyaşlı kişilərə ərə verilməsi” və s.) bağlı belə-belə mükalimələr edirdi: “Ay Dəmdəməki, bu nə zadlardı sən yazıb göndərirsən bizə? Bəs heç fikirləşmirsənmi ki, mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edərəm, Bakı qoçuları da namusa dolub çıxararlar tapançanı və səni orda və sonra da gəlib məni burda qanımıza qəltan edərlər?!”

   Daha bir səbəbi onun dahi məsləkdaşları M.Ə.Sabirin “Düşdü bütün qəzetlər qiymətdən, ay can-ay can! Xalqın canı qurtardı töhmətdən, ay can-ay can!” kimi şeirlərində, Ü.Hacıbəylinin aşağıdakı felyeton fraqmentində: “Əcnəbi ölkələrdə qəzetlər bağlansa, noolar? Biri deyər: -Vay, kor oldum! O biri qışqırar: -Vay, kar oldum! Bir başqası məlul-məlul pıçıldar: -Vay, lal oldum... Bəs bizim Bakıda bağlansa, nə olar? Heç zad. Bir məşədi digərinə deyər: -Yaxşı, məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?..

   Bu jurnal həm də o çağ yaradıcılarımız üçün universal bir mədəni-mənəvi Ocaq idi; ümummilli nəşriyyat, ali auditoriya, ictimai nitqdən məhrum edilmiş aşağıların səsini qulağını yummuş yuxarılara çatdıran tribuna, “radio-televiziya” rolunu oynadı. Dövrün digər qəzet və jurnallarından fərqli olaraq, “Molla Nəsrəddin”də imzası görünən müəlliflərin (Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Ə.Möcüz və b.) milli dəyər və təəssübkeşlik statusu birmənalı qarşılanırdı. O vaxta qədər də az yazmayan Mirzə Ələkbəri sonralar seçmələyib-sevdiyimiz Sabir kimi yetişdirib-təqdim edən də məhz bu jurnal oldu. Bu jurnalın nəinki təkcə o dövr qədir-qiymətini, habelə perspektiv şan-şöhrətini bilən məşhur alman və polyak rəssamlar - O.Şmerlinq və İ.Rotter də “Molla Nəsrəddin”çi olmaqdan qürur duyurdular. Böyük soydaşımız Əzim Əzimzadə isə “Molla Nəsrəddin”dəki işlərilə həm də milli karikatura yaradıcılığımızın bünövrəsini qoydu.

   1906-cı ildən Tiflisdə alovlanan bu azərbaycandilli milli Yayım-Ocağımız 1918-ci ildə - özgürləşib Cümhuriyyətləşmiş doğma vətəninə - Bakıya köçdü. Lakin iki il keçməmiş milli-siyasi istiqlalımızı söndürən bolşevizm bu jurnalın da mətbu-söz müstəqilliyinə müdaxilələr etməyə başladı. Və bir vaxt “it boğuşdurmaq, hamamda yatmaq...” kimi “daha vacib işlər” ardınca gedənlərimizi deyib Bakıya gəlmiş Mirzə “Biz belə deməmişdik” qənaəti və ikiyə bölünmüş Vətənin cənubuna “daha çox yaramaq olar” ehtimalı ilə Təbrizə üz tutdu. Ancaq bu məcmuə orada da öz doğal məram-məqsədi platformasına sadiq qalaraq, “Əgər hər gün burada bir desyatin torpaq satılırsa, bu hesabla, İran torpaqları neçə ilə fövt olar?” (“Hesab dərsi”) kimi felyetonlarla çıxış edir və cəmisi səkkiz nömrədən sonra yenidən Vətənin ərazicə “köhnə”, siyasicə “yeni” tayına dönür...

   1932-ci ilə - böyük naşirin vəfatına qədər nəşr edilən bu jurnalın Tiflisdə 340, Təbrizdə 8, Bakıda 400 sayı çıxır. Saylarının sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni qədir-qiyməti, milli oyanışımızda oynadığı rolu intəhasız...

   Bu jurnalın -

  

   “Deyib gəldiyi”

  

hədəflərin sayı-hesabı yox; bir boynuyoğun, yekəqarın adam görən kimi, onu məmur - qorxulu bəndə hesab edib oturduğu yerdən dik atılaraq, təzim edənlər (“İrəvan müsəlmanları”), bütün milli, xəlqi dərdləri unudub, üstünə milçək ləkəsi düşmüş bir ərəb əlifbası hərfinin məna dəyişiminin (uşaq “olub”, yoxsa “ölüb”?!) “çort”una getmiş “həriflər” (“Nigarançılığın sonu”), beş-üç il Rusiyada yaşayıb, geri qayıdarkən ağzıdualı anasına “qofta” (küftə) bişirməyi təklif edən “abrazovannı”lar, bir əcnəbi müxbirin hər dəfə “Meşədə gördüklərim” başlığı altında yazdığı məqalələrə silsilə mövzu olan “bəndəyəbənzərlər”...

   Təkcə öz “meşəliklərimiz”lə yox, yaxın-uzaq cəngəl-əngəlliklərlə də məşğul olan jurnalın 9 aprel 1911-ci il sayından:

   “Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur. Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstanbuldan göndərilmiş siyasi agentlər yuvasıdır; qəhvəxanalarda, məktəblərdə xəyanət tədarükü görülür”. Rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa. Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi ...başlı firqədaşları indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki... Məsələn, bir camaatın ki ticarət sinfinin rəisi ola - S.M.Toppuzov, üləmasının başçısı ola - Xəlil, Əbdürrəhman, Hacı Əmir, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, bələdiyyə rəisi ola - oxumaq və yazmaq bilmədiyindən qəzet və jurnal görmək istəməyən Süleyman Mirzə Krımtayev, - o camaatın içi boşdur.

   Bəy-xanlarımız hər il mülklərindən on min manat mədaxil ola-ola, naçalnik divanxanasında muzdur-mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.

   Budur bizim işlərimiz, biz buyuq...”

   Yaxud: “...Tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?.. Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir?..

   Bu qədim və... ritorik ifadə ilə desək, “kifayət qədər” başıbəlalı xalqın az qala bir qərinəyədək keşməkeşli tərcümeyi-halını yazmış jurnal haqda yazılmış yüzlərlə -

  

   “Xatirə”lərdən -

  

elə onun öz qələmdaş-məsləkdaşlarından olmuş böyük (həm də “məccani”!) araşdırıcı Qulam Məmmədli imzalısını təqdim etməyi qərarlaşdırdım:

   “1907-ci ilin iyununda “Molla Nəsrəddin”də C.Məmmədquluzadənin imzasıyla “Erməni və müsəlman övrətləri” adlı bir felyeton çıxdı. Mətbuat səhifələrində ruhanilər bu yazının əleyhinə çıxış etdilər. Bu arada jurnalı bağladılar. Bir ay sonra jurnal nəşrə başladı. Sonralar tapdığımız sənədlərdən məlum oldu ki, jurnalın bağlanmasında mollaların heç bir iştirakı olmayıb. Sən demə, Osmanlıdan Sultan Əbdülhəmid Rusiya imperatoruna yazıbmış ki, sənin ölkəndə çıxan “Molla Nəsrəddin” məni rüsvay edir, xahiş edirəm, onu bağlatdırasan və Nikolay da dərhal bu xahişi yerinə yetirir.

   İkinci dəfə jurnal 1917-ci il oktyabr inqilabından bir ay sonra bağlandı. Səbəb - İrandan qayıdan rus soldatlarının yol uzunu İran, Türkiyə və Azərbaycanın kənd və şəhərlərini talamaları haqda M.Cəlilin sağ əli Əliqulu Qəmküsarın jurnalda çap olunmuş “Dinmə, danışma ona, saldatdı o” şeiri idi. Jurnal üçüncü dəfə 1921-ci ildə Təbrizdə bağlandı. Çünki Mirzə Cəlil İran hökumətinin “Jurnal farsca çıxmalıdır” israrı ilə razılaşmadı və: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarır, siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Onda, icazə verin, “Molla Nəsrəddin”i erməni dilində nəşr edim” kinayəsilə istəyinə nail oldu, lakin orada çapdan çıxan səkkiz nömrə bizim tanıdığımız “Molla Nəsrəddin” olmadı.

   Şimalımıza qayıtdıqdan sonra M.Cəlil ilə Mərkəzi Komitə arasında “jurnal necə çıxacaq və nədən yazacaq?” məsələsində mübahisə başladı. Nəhayət, 1922-ci ilin dekabrında birinci nömrə (Təbrizdən sonra) çıxdı. Gərək ki, ikinci nömrədə Azərbaycan “sağmal inək” şəklində təsvir edildi; əlivedrəli, bankə və digər qab-qacaqlı (İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya qiyafəli) adamlar inəyə hücum edib sağmaq istəyir... Karikatura böyük hay-küyə, susmaz müzakirələrə səbəb oldu. M.Cəlilin cavabı isə çox qısa: “Azərbaycan neftini kəndlilərimiz gedib qonşu respublikalardan birə-on qat bahasına alıb yandırırlar ki, qaranlıqda qalmasınlar”.

   Çox danışıq getsə də, M.Cəlil təslim olmadı. Hələ keçmişdən bu məcmuənin əleyhinə yazanlardan biri olan M.S.Ordubadini jurnalın üstündə hərbi komissar təyin etdilər. Ondan icazəsiz heç bir yazı gedə bilməzdi. M.Cəlil Ordubadiyə yazdığı məktubunda deyir: “Səid, bildiyini elədin, gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəyəm!”

   1921-ci ildən başlayaraq “Molla Nəsrəddin” əvvəlki simasını itirməyə başladı. Çox ağır mənəvi və maddi çətinliklərlə üzləşən Mirzə Cəlil 1930-cu ildə bərk xəstələndi, 31-in sonunda ağır vəziyyətə düşdü, 32-nin ilk ayının 4-də dünyanı tərk elədi”.

   Bu ağrılı xatirənin sonunda bu misilsiz Ustad-sələfimizin cismaniliyilə ilgili işlədilmiş son iki kəlmə haqda çox fikir-zikr etmək mümkün olsa da, onun sıravi sələflərindən olan bəndəniz belə bir poetik-patetik qafiyə ilə kifayətlənir: o hadisədən sonra qələm adamlarının bir qismi çox həqiqətləri dərk elədi...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2018.- 6 aprel.- S.13.