Bakıda növbəti
görüşədək...
Turizm sərgisinə kim niyə gedir? Yəqin ki, hərənin öz səbəbi var. Bizim 17-ci dəfə keçirilən Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisinə ("AİTF 2018") üz tutmağımız, ilk növbədə, jurnalist marağı idi. Bu dəfə sərgiyə kimlər təşrif buyurub, hansı ölkənin turoperatorları təzə nə təklif edir və s.
Bakı Ekspo Mərkəzindəki sərgi meydançasında yerli turizm agentliklərinin artımı göz qabağındadır. Üstəlik, aviaşirkət stendlərinin qarşısındakı qələbəlik, bilet bronlaşdıran, uçuş şərtləri ilə maraqlanan soydaşlarımızın çoxluğu vətəndaş olaraq adamı sevindirir. Deməli, soydaşlarımızın gedəcək yeri, xərcləyəcək vəsaiti, görəcəyi işləri var.
Sərginin tən ortasını isə Türkiyənin stendləri tutub. Bir növ sərgi içində sərgiyə oxşayır. Qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə "Türkiyə mədəniyyətinin evi"nin təqdimatları xüsusilə rəngarəng idi. Çeşidli musiqi nömrələrinin canlı ifası, fərqli bölgələrin rəqslərinin nümayişi, əbru sənətindən ustad dərsi...
Hər kəs Kastamonuya gedərkən, Kastamonu bizə gəlmiş...
Bildiyimiz kimi, TÜRKSOY təşkilatı Türkiyənin Kastamonu şəhərini 2018-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib. Odur ki, son aylar Kastamonu dillər əzbəridir. “Mədəniyyət paytaxtı”nın stendinə yaxınlaşırıq. Təmsilçilərlə tanış oluruq.
“Kuzey Anadolu Kalkınma Ajansı”nı təmsil edən Turqay Yıldız:
- Qara dəniz sahilinin incisi qədim Kastamonu şəhərini layiqincə tanıtmaq istəyirik. Kastamonu tarixi məkanlarla tanışlığı sevənlər üçün maraqlı şəhərdir. Azərbaycandakı turoperatorlarla əlaqələr qurmaq istəyirik.
Kastamonu Valiliyinin koordinasiya meneceri Yasemin xanım bizi ilboyu öz şəhərlərində keçiriləcək tədbirlərə dəvət edir:
- Nə yaxşı ki, gəlmişik. Sizləri də Kastamonuda görməyə çox sevinərik.
Biz Yasemin xanımla söhbət edərkən iki gənc oğlan stendə yaxınlaşır, Turqay bəydən Kastamonuya haradan necə gəlməyin mümkünlüyü, bu şəhərə təyyarə reysinin mövcudluğu, hotellərin ortalama birgünlük qiyməti ilə də maraqlanırlar.
Bali, yoxsa Şərqi Yava?
Sakit okean incisi - İndoneziyanın Bali adasının reklama ehtiyacı yoxdur. Yəqin elə buna görə də İndoneziya stendi büsbütün Şərqi Yava adasına həsr olunub. Uzaq İndoneziyada təhsil almış, adı özünə yaraşan Gülnar adlı gənc xanım indoneziyalı turizm meneceri cənab Suaybandu ilə həmsöhbət olmağımıza vasitəçilik edir.
- İndoneziya təbiət və iqlim baxımından zəngin ölkədir. Sizin ölkənin vətəndaşlarını Azərbaycana nə cəlb edir?
- Azərbaycana turist kimi gəlmək
istəyənlər az deyil. Əsas çətinlik yolun uzaqlığı və bahalığı ilə bağlıdır. Üstəlik, birbaşa reysin olmaması turizm əlaqələrinin qurulmasını
ləngidir.
- Bütün dünya Bali adasını
yaxşı tanıyır.
Bu sərgidə isə
siz Şərqi Yava adasını təmsil edirsiniz...
- Şərqi
Yava əhalisinin sayına görə ölkənin ikinci böyük əyalətidir.
Əyalətin mərkəzi Surabaya şəhəri isə paytaxt Cakartadan sonra ikinci böyük
şəhərdir. Bu adanın ekoloji cəhətdən çox
təmiz çimərlikləri
var, adanın ərazisi isə müxtəlif aktiv vulkanlarla zəngindir.
Bəli,
vulkanların aktivliyi sizi qorxutmasın, onlar aktiv olsalar
da, aqressiv deyillər. Şərqi Yava sahilləri
ekstremal su idmanı, xüsusən də serfinq həvəskarları üçün
əsl cənnətdir.
İki yüzillik şərəfinə
Çex Respublikasının stendinə yaxınlaşanda
sovet dövrünə
təsadüf edən
uşaqlığımız zamanı bu ölkəyə yolu düşən turistlərin
oralardan nələr gətirdikləri yada düşür. Bəs şop-turların
öz önəmini itirdiyi bu gün
Çexiyanın "Saxanatravel"
turizm şirkəti nələr vəd edir?
Şirkətin
meneceri Aleksey Uqarov:
- Dörd ildir ki, Azərbaycan
turoperatorları ilə
çalışırıq. Amma sərgidə ilk dəfə
iştirak edirik.
Bu il bizim
ölkəmizin müstəqillik
əldə etməsinin
100 ili tamam olur. Azərbaycanı da respublika quruculuğunun 100 illik yubileyi münasibətilə
təbrik edirik. Bu münasibətlə də bizim turizm
agentliyi Azərbaycan turistləri üçün
xüsusi turlar tərtib edib. Azərbaycanlılar daha çox
"Avropanın krallıq
yolları", "UNESCO imperiya
inciləri", "Milad
sehri" turlarına maraq göstərirlər.
Bu turlara təkcə
Çexiyanın deyil,
həmsərhəd ölkə
şəhərləri də
daxildir.
Uzaqlardan yaxınlara...
Kubaçi sənəti nümunələri
incə zövqlü insanları həmişə
cəlb edib. Dağıstanın Mahaçqala
şəhərindən gəlmiş
«Artel-Kubaçi» ASC-nin
stendi qarşısında
usta Əlihacı ilə söhbət edirik. Qızıl suyuna salınmış gümüş aksessuarlar,
interyer bəzəkləri
düzəldən usta
bu sənətin tarixindən danışır.
Deyir ki, kubaçi zərgərliyi irsən ötürülür. O, sənəti
atasından öyrənib,
indi də oğluna öyrədir. Ümumiyyətlə isə, kubaçi
zərgərlik sənəti
soyuq silahqayırmadan qaynaqlanır. Savaş səngiyəndə
ustalar zərgərlik
nümunələri düzəltməyə
başlayıblar. Bu yerdə
öz fikrimizi bildiririk:
- Elə isə, həmişə zərgərliklə məşğul
olun. Qoy kişilər silaha verəcək pullarını
qadınların zinətinə
xərcləsinlər!
Usta gülür:
- Razıyam. Onsuz da bu silahların
zamanı çoxdan keçib. Qadınlar isə təkrarsız
kubaçi bəzəkləri
ilə süslənməyə
layiqdirlər.
Varnada istirahət hər zaman var...
Bir zamanlar Bolqarıstan soydaşlarımızın səfər etdiyi ilk xarici ölkə sayılırdı. Düşüncələrimizi Varna Bələdiyyəsinin təmsilçisi, Bolqarıstan Bələdçilər Şurasının üzvü Snejana Atanasova ilə bölüşürük:
- Biz elə əvvəlkitək qonaqpərvərik. Azərbaycanlıları öz şəhərimizdə görməyə həmişə şadıq. Bakı-Sofiya aviareysinin açılması çox yaxşı haldır. Digər tərəfdən, ölkəmiz sərginin təşkilində Azərbaycanın rəsmi tərəfdaşıdır. Məncə, iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Varna yenə də xoş istirahətin, səhhətinə diqqət yetirənlərin ürəklə seçəcəyi şəhərdir. Buyurun, gəlin!
"AİTF 2018" sərgisinin təəssüratını oxucularla bölüşdü:
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 11 parel.- S.9.