“Mezzo”
telekanalında Azərbaycanın tanıtım çarxı
yayımlanır
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın mədəniyyətini, incəsənətini, tarixi irsini, təbii gözəlliklərini, zəngin milli mətbəxini dünyada təbliğ etmək üçün davamlı layihələr həyata keçirir. Bu fəaliyyətin mühüm bir istiqaməti də nüfuzlu xarici telekanallarda ölkəmizlə bağlı tanıtım çarxlarının yayımlanmasıdır.
Nazirliyin sifarişi ilə hazırlanan növbəti belə videoçarxın nümayişi aprelin 9-da Fransanın “Mezzo” telekanalında yayımlanmağa başlanıb.
Ölkəmizin memarlığının, təbiətinin və mətbəxinin zənginliyinin əks olunduğu videoçarxda dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun məşhur “Azərbaycan kapriççiosu” əsərinin musiqisindən istifadə olunub.
Videoçarxın təsviri Bakıdan, gecə vaxtı işıqları sayrışan “Alov qüllələri”ndən başlayaraq, Qəbələ musiqi festivalının açıq hava səhnəsində orkestrin ifası ilə davam edir. Fonda səslənən möhtəşəm musiqinin sədaları altında seyrçi yaşıl donlu dağlar qoynuna “yollanır”, yenidən Bakıya qayıdır, fərqli rakursdan Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasını, Qız qalasını seyr edib, İçərişəhərdəki qədim bazar abidə kompleksindəki heykəllərlə, milli balet nümunəsi ilə tanış olur. Ardınca Şəki Xan sarayının rəngli şüşəli pəncərələrindən ətrafı seyr edib, milli mətbəximizin ən ləziz yeməklərindən olan yarpaq dolmasının hazırlanmasını izləyir. Hazır xörək isə ona adi masada deyil, Azərbaycan xalçasının üstündə təqdim edilir. Bunun ardınca sanki Azərbaycan Xalça Muzeyində qorunan “sehrli xalça” ilə səyahətə çıxaraq İçərişəhərdə mənzil başına çatır. Reklam çarxı seyrçidə Azərbaycanın görməli yerləri, mədəni irsi barədə yaddaqalan təsəvvür yaradır.
“Mezzo” televiziya kanalı
1992-ci ildə fəaliyyətə başlayıb. Telekanalda klassik musiqi, caz, musiqili folklora
xüsusi yer verilir. Kanalda əsasən konsertlər,
opera və balet tamaşalarının canlı
yayımı, festivallar
zamanı lentə alınmış musiqi proqramları nümayiş
etdirilir, eləcə də musiqi növləri və ifaçılar haqqında
sənədli filmlər
göstərilir.
Gülcahan
Mədəniyyət.- 2018.- 11 parel.- S.10.